Mahir Qabiloğlu
Azərbaycanın xalq yazıçısı Hüseyn Abbaszadə mənim qonşum idi. Köhnə cəbhəçi idi. Yox, elə başa düşməyin ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü idi. Əsla. Sovet dövründə Böyük Vətən Müharibəsində vuruşub sağ-salamat qayıdanlara cəbhəçi deyirdilər. İndi soruşacaqsınız ki, ay Mahir cəbhəçi olmağının Hüseyn Abbaszadənin yazıçılığı, yaxud səninlə qonşu olmasıyla nə əlaqəsi. Bilməyənlər də bilsin. Cəbhəçi olan yazıçıların bəxti ya əlli, ya da yüz faiz gətirmişdi. Məsələn, müharibədə vuruşub, yaralanıb əlil olanlar vergidən yüz faiz azad idilər. Amma vuruşub yaralanmayanlar isə əlli faiz. Bir kitabın qonorarından tutulan verginin puluna isə az qala bir maşın almaq olardı. Həyətimizdə isə belə cəbhəçilər çox idi. İsmayıl Şıxlı, Salam Qədirzadə, Bayram Bayramov və digərləri. Atamın da hər dəfə kitabı çıxanda, qonorar alarkən çıxılan verginin məbləğini ona deyəndə bu cəbhəçilərə paxıllıq edirdi. 1944-cü ildə, 18 yaşı tamam olanda cəbhəyə getmək istəsə də zəif görməsini əsas gətirib müharibəyə aparmamışdılar.
Amma Hüseyn Abbaszadə bu cür xoşbəxt yazıçılarımızdan idi. Həm gözəl yazıçı idi, həm də yüz faiz vergidən azad idi. Buna bədənində iz qoyan, nitqini qüsurlu edən faşist güllələri layiq görmüşdü onu.
Məni “Qabiloviç” deyə çağırırdı. Hüseyn əmi və onun ailəsi haqqında geniş söz açmaq istəmirəm. “Məleykə Abbaszadə mənə niyə əzizdir” yazımdakılar təkrarçılıq olar. Sadəcə yaddaşım məni on yeddi il əvvələ apardı. Qonşum Hüseyn əmiyə qarşı bir yanlışlığa yol vermişdim. Bilə-bilə etmişdim. Qəsdən etmişdim. Ona görə də yazımın adını “Mənim bağışlanmaz səhvim” yox, məhz “Mənim əclaflığım” qoydum.
1997-Cİ İL
1997-ci il idi. Qızğın, çevrilişlər dolu ictimai-siyasi hadisələr Prezident Heydər Əliyevin siyasəti nəticəsində artıq tarixə qovuşurdu. Müstəqil Azərbaycanın tarixində əminamanlıq, intibah dövrü başlamışdı. Televiziya verilişlərində üstünlüyü həyəcan dolu xəbərlər yox, yubileylər, ədəbi-bədii hadisələrlə dolu hadisələr ələ alırdı. 1997-ci ilin yanvarında atamın 70 illik yubileyi təntənəli surətdə qeyd olundu. Heydər Əliyev şəxsən özü iştirak etdi. Noyabrda isə növbə 75 yaşlı Hüseyn Abbaszadəyə çatdı. Dövlət Dram Teatrında yubiley mərasimi təşkil olunmuşdu. Prezident Heydər Əliyev bu ərəfədə Hüseyn əmini “Şöhrət” ordeniylə təltif etmişdi, ona təbrik məktubu ünvanlamışdı.
O vaxt AzTV-nin “Xəbərlər” proqramında işləyirdim. Baş redaktorum Həsən Həsənov məni çağırdı:
- Şair oğlu, axşam yubileyə gedəcəksən?
- Yox. Nə yubileydi ki?
- Necə qonşusan sən. Hüseyn Abbaszadənin Azdramada yubileyidir. Get həm iştirak elə, həm də çək. Yoxsa inciyər səndən.
Həsən müəllim beləcə incə yumoruyla Yazıçılar Birliyindən gələn çəkiliş xahişli məktubu verdi mənə. Mərhum operator Dünyamin Hüseynovu da yanıma salıb gəldim Azdramaya. Dünyaminin birinci sözü bu oldu:
- Qədeş, mən həm də “Mədəniyyət xəbərləri” üçün çəkəcəyəm. Ona görə də müsahibə götürərik. Telli xanım tapşırıb. Yubileyi də bir az geniş çəkəcəyəm. Özü də axıracan oturarıq.
Razılaşdım. Lojaların birində lövbər saldım. Yubileyin əvvəlində Prezident Aparatının Humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə prezidentin yubilyara ünvanladığı təbrik məktubunu oxudu. Gül dəstəsini ona təqdim etdi. Hiss olunurdu ki, Fatma xanım bu təbriki ürəkdən oxumur. Sadəcə vəzifə borcunu yerinə yetirir. Hüseyn əmiyə əl verib görüşəndə də bir istilik hiss olunmurdu. Elə Hüseyn əmi özü də...
Haşiyə: Yubileydən bir neçə ay öncə Prezident Heydər Əliyev “Prezident təqaüdü” təsis olunmasıyla bağlı sərəncam imzalamışdı. Və birinci sərəncamla səhv etmirəmsə atam Qabil də daxil olmaqla 10 nəfər görkəmli yazıçı – xalq şairi və yazıçısı – bu təqaüdə layiq görülmüşdü. Onların arasında Nəbi Xəzri, Hüseyn Abbaszadənin adı yox idi. Bu, Hüseyn əmiyə pis təsir eləmişdi. Pula görə yox, adının orda olmamasına görə. Atamla söhbətində: - Qabil, bu iki yüz faiz Fatmanın (red.- Fatma Abdullazadə) işidir. Mənə nifrət edir, mən də ona. Ona görə adımı siyahıdan çıxarıb.- dedi.
Atamın isə Fatma xanıma, Fatma xanımın isə atama böyük hörmət, ehtiramı vardı. Elə hey Hüseyn əmini sakitləşdirirdi ki, yox e, Fatma xanım belə iş görməz. O bütün yazıçıları çox sevir. Elə atam deyən də oldu. Birinci sərəncamdan iki ay sonra daha on nəfər prezident təqaüdünə layiq görüldü. Onların arasında Nəbi Xəzrinin də, Hüseyn Abbaszadənin də adları vardı. Atam Hüseyn əmiyə:
- Gördün? Mən deyən düz çıxdı. Fatmalıq deyilmiş. SON.
Sonra çıxışlar başlandı. Dünyamin də çəkməyində idi. Yubileydə iştirak etmək üçün Hüseyn əminin oğlu İlqar da xüsusi olaraq ABŞ-dan Bakıya gəlmişdi. Əlində o vaxt əlçatmaz bir şey sayılan kiçik formatlı əl kamerası vardı. Səhnənin bir küncündə dayanıb olanları lentə alırdı. Amma professional televiziyonşik başa düşürdüm ki, nə o Dünyamin Hüseynovdur, nə də kamerası bizim BTK kamerası kimi yüksək keyfiyyətli. Fasilədə Hüseyn əmidən böyük bir müsahibə aldım. Bu, Telli xanımın tapşırığı idi. Yubileydə axıracan oturduq. Həm qonşu, həm də müxbir kimi borcumu yerinə yetirdim. Qaldı materialı hazırlayıb efirə vermək.
Ertəsi gün işə gəldim. Yazdım. İkinci proqram üçün aldığım müsahibəni də arxasına qoşmaq qərarına gəldim. Kadr arxası mətni Həsən müəllimə təqdim etdim.
- Mahir, bu nədir?
- Hüseyn Abbaszadənin yubileyi.
- Bilirəm e yubileydir. Bu boyda niyə yazmısan? Sən bilmirsən ki, bir dəqiqədən artıq süjet getmir efirə. Apar bunu azalt.
- Həsən müəllim, mənim qonşumdur axı.
- Bilirəm qonşundur. Mən demirəm ki, vermirik. Yaxud da başdansovdu yanaş. Qəşəng bir süjet hazırla, amma bir dəqiqə, maksimum bir dəqiqə on-iyirmi saniyə. Bu nədir? Hələ sinxron da verəcəksən?
- Bəli. Həsən müəllim müsahibə aldım. Bəs baxanda Hüseyn əmi deməyəcək ki, danışdıqlarım hardadır? Sonra başlayacaq məni danlamağa. Gərək məni göndərməyəydiniz.
- Sənə tapşırıq vermişdim ki, müsahibə alasan?
- Özü dedi ki, “al!”- Bunu Həsən müəllimə yalan dedim. Həsən müəllim fikrə getdi. Həsən müəllimin Hüseyn müəllimə, onun şəxsiyyətinə hörməti böyük idi. Amma ki, “Xəbərlər”də o dövrdə süjetlərdə müsahibə getmirdi. Süjetlər də maksimum bir dəqiqə olurdu. Yalnız dövlət çəkilişlərində xronometraj dəqiqəni aşa bilirdi. Sonunda da “Xüsusi buraxılış” anonsu verilməklə.
Nə isə, Həsən müəllimi pis duruma salmışdım. Amma istəyirdim ki, Hüseyn əminin yubileyini bir nömrəli proqram sayılan, o vaxt prezident proqramı adlandırılan “Xəbərlər”də yaxşı işıqlandırım. Çünki bütün ziyalılar “Xəbərlər”ə bir nəfər kimi baxırdılar. Əgər yaxşı verməsəydim, Hüseyn əmi yenə də taqsırı Fatma xanımda görəcəkdi.
Süjeti hazırladım. Hardasa iki dəqiqədən bir az çox çıxdı. Axşam efir qabağı bütün kassetləri yığıb aparırdıq Baş Proqram direktoru Məmmədəli Zülfüqarovun otağına. Həsən müəllimlə birgə baxırdılar. Ehtiyac duyulanda süjeti Nizami müəllimə də göstərirdilər. Həsən müəllim bu dəfə kassetləri mənə daşıtdırdı. Demə, məqsədi varmış. Otaqdan çıxmaq istəyəndə dedi ki, getmə. Elə birinci səndən başlayacağıq. Məmmədəli müəllim yubiley süjetinə baxdı.
- Alə, bu nədi?
- Hüseyn Abbaszadənin yubileyi.
- Alə, bildim e, yubileydi. Niyə bu qədər çoxdur? Həsən baxmamısan bunun yazısına?
- Baxmışam. Amma çox israr elədi ki, böyük getsin.
- Olmaz. Apar bunu yarıbayarı azalt.
- Məmmədəli müəllim, Hüseyn müəllim özü dedi ki, yaxşı ver mənim yubileyimi. İndi soruşsa nə deyim? Deyim ki, Məmmədəli müəllim qoymadı?
Məmmədəli müəllim də fikrə getdi. Bilirdi ki, deyə bilərəm. Ondan sonra isə gəl Hüseyn Abbaszadənin qabağını al da...
- Yaxşı, qoy getsin. Amma Mahir, sənə deyirəm, bundan sonra bizi belə pis vəziyyətdə qoyma. Başa düşdün?
- Baş üstə. – deyib sevincək otaqdan çıxdım.
İşin axırı idi. Evə çatanacan “Xəbərlər” qurtarmışdı. Fikrini öyrənmək üçün birinci atama zəng elədim. Dəstəyi anam götürdü:
- Mama baxduz yubileyə?
- Hə. Baxdım. Məni də göstərmişdin.
- Bəs papa?
- Papa evdə yoxdur. Respublika sarayında Prezidentin tədbiridir – ora gedib.
Dəstəyi qoydum. Zəng elədim Hüseyn əmigilə. Dəstəyi həyat yoldaşı Solmaz xala götürdü:
- Salam, Solmaz xala.
- Salam.
- Mahirdir e.
- Hə, bala, necəsən?
- Baxdınız yubileyə?
- Harda göstərdilər ki?
- AzTV-də.
- Ay bala, biz yerli-dibli Azərbaycan kanallarına baxmırıq. Biz ancaq rus kanallarına baxırıq.
Pərt oldum. Amma pərtliyimi güclə gizlətdim.
- Solmaz xala, Hüseyn əmi evdədir?
- Yox. Saraydadır. Prezident tədbirinə gedib.
Bu da ikinci pərtlik. Yenə də özümü toparladım. Əlacım qaldı özümü tərifləməyə.
- Əla verdim e “Xəbərlər”də. Müsahibəsini də, sizi də. Bütün qonşularımızı. Geniş şəkildə.
- Necə dəqiqə?
- Üç dəqiqə. - deyə mübaliğəyə vardım.
- Nə? Üç? Mən də elə bilirəm ki, bir on-on beş dəqiqə gedib.
Bu da üçüncü pərtlik. Yenə də pərtliyimi biruzə vermədim.
- Solmaz xala, siz baxmamısınız. Yəqin qohum-qonşu baxıb. İndi zəng edib sizə də deyəcəklər ki, baxdıq - əla süjet idi.
- Kim zəng edəcək ki, ay bala. Hamı Respublika sarayındadır. Baxan olub ki? Hüseyn özü baxmayıbsa, kimə lazımdır ki, ona baxmaq.
Bu da dördüncü pərtlik. Sağollaşıb dəstəyi yerinə qoydum. Əl-üzümü yudum. Yeməyimi bir təhər yedim. Başladım televizora baxmağa. Amma özümə gələ bilmirdim. Bütün günü bir süjetin arxasına düşüb keçirdiyim həyacanların cavabını, qiymətini almışdım. Özümə söz verdim ki, bir də yazıçıların tədbirlərini çəkməyəcəyəm. Ertəsi gün Dünyamin kasseti gətirib mənə verdi. Ağlıma bir fikir gəldi ki, həm “sıroy”, həm də süjeti adi maqnitafon kassetinə köçürüb verim Hüseyn əmiyə. Qoy yubileyindən yadigar qalsın. Zəng etdim evlərinə. Bu dəfə dəstəyi Hüseyn əmi özü götürdü.
- Hüseyn əmi, bilirəm dünən baxa bilməmisiniz. Narahat olmayın. Həm bütöv variantı, həm də süjeti köçürüb gətirəcəyəm.
- Neynirəm ki... İlqar hamısını çəkib. Lazım deyil.
Bu da beşinci pərtlik. Sağollaşıb suyum süzülə-süzülə dəstəyi qoydum yerinə. Kasseti pozmalıydım. Amma pozmadım. Qoydum şakfıma. Olanları atama da danışdım. Dedi ki, yaz kasseti gətir ver. Dedim ki, yox. Dedi ki, özün vermək istəmirsənsə, ver kasseti mənə, çatdırım. Yenə də “yox” dedim. Dedi ki, yaşlı adamdırlar. Fikir vermə. İnsan qocalanda belə olur. Bir azdan ananla mən də belə olacağıq. Biziylə də belə umu-küsü edəcəksən? Atam nə hay elədisə, sözünə qulaq asmadım. Amma kasseti də pozmurdum. Eləcə şkafda qalmışdı.
Üstündən bir ay keçdi. Otaqda oturmuşdum. Şəhər telefonuna zəng gəldi. Dəstəyi götürdüm. Hüseyn əmi idi:
- Qabiloviç, necəsən?
- Yaxşıyam, Hüseyn əmi.
- Mahir, telefonunu atandan aldım. Mənim yubileyimi çəkən o operator var idi e... Adı nədir onun? Keçəl, balacaboy kişi...
- Dünyamin?
- Hə. Dünyamin. Ona denən ki, bəs kasseti köçürüb gətirsin mənə.
- Kasset qalmayıb axı, Hüseyn əmi.
- Sən ondan soruş. Bəlkə qalıb?
- İki yüz faiz qalmayıb.
- Bəlkə fonda verib.
- “Xəbərlər”in çəkdiklərini fonda vermirlər.
- İndi o boyda yubiley belə çıxır ki, havaya uçdu?
- Bəli.
- Yaxşı. Sağ ol. Amma hər ehtimala qarşı Dünyamindən soruşarsan.
- Hüseyn əmi, bəs İlqar çəkirdi axı öz kamerasıyla.
- İndi baxırıq ki, başdan-ayağa brak çəkib. Hansısa knopkanı düz basmayıb.
Danışığı başa çatdırdım. Şkafı açdım. Hüseyn Abbaszadənin yubileyi olan kasseti çıxartdım. Videotekaya qalxıb uşaqlara verdim. Onlar da xüsusi aparata saldılar. İçində olanların hamısını pozdurdum. Dərindən nəfəs aldım.
Nə mənim bir aydır ki, içimdə gəzdirdiyim pərtlikdən əsər-əlamət qaldı, nə də ki, Azərbaycanın xalq yazıçısı, Dövlət Mükafatı laureatı, Əməkdar iİncəsənət xadimi, nasir Hüseyn Abbaszadənin, qonşum Hüseyn əminin ömrünün yeganə yubileyindən xırda bir nişanə.