...lazımsan də!
Deyirsən ki: - lazım gəlsə hazıram
Qəsb edilmiş bu torpağı almağa.
Vallah-billah eşitməkdən bezirəm,
Hapla-gopla Qarabağı almağa.
Qənşərimdə lay divarsan, lay divar.
Şir kimisən od saçılır gözündən.
Lazımsan də... bu lazımın vaxtı var?!
Düz demirəm? Nə çıxırsan özündən!
Bəbəyinin içinəcən yalansan.
Keyf-damağın, ticarətin mə’rəkə.
Sən Bakıdan çıxıb torpaq alansan?
Badamdarda imarətin mə’rəkə.
Şan-şərəflə: “Mən qaçqınam” deyirsən,
Əsl qaçqın ilanmələr çöldədir.
Min boynuma, çox sinənə döyürsən.
Tifil qaçqın Muğandadır, Mildədir..
Restoranın “Şuşa” qoyub adını,
Söylə, bumu təəssübün, həsrətin?
Get görüklə manqalının odunu,
Lazım gəlib... ancaq yoxdu qeyrətin.
Qurban olum Kəlbəcərə, Laçına,
Lazım gəlsə qan uddurram yağıya.
Get bir yol gir çadırların içinə,
Gir, qulaq as oxşamaya, ağıya.
Bir gör nədən çıxardırsan pulunu.
“Şuşa”, “Laçın” qiyamətdir reklamın...
Unut girov gəlinini, dulunu,
Tez-tez de ki: - lazım gəlsə, inanın!
Əsl qaçqın dağ üstündən dağımdır.
Xəcalətlə baxır sənin boyuna.
Fərarilər yağıdan pis yağımdır.
Yox, gəlmərəm fərarinin toyuna,
Əsl qaçqın nənə, baba, körpədir,
Körpələrin yox nənnisi, beşiyi.
Lazımsan də... bəs görmürsən bu nədir?
Bir qaçqının varmı evi-eşiyi?
Yolda, izdə qabağımı kəsirsən,
Soruşursan: - Nə olacaq axırı?
Cavabımda qəzəbindən əsirsən.
Üzə çıxır mis qazanın paxırı.
Lazımsan də!.. nə gəzirsən bazarda?
“Qaçdı-tutdu” oynasınlar səninlə?
Torpaqları tapdaq olan diyarda,
Qaçqın - deyib neyləsinlər səninlə?
Barmaq sayı Çeçen xalqı qəhrəman,
Dağı-daşı partizandı davada.
Qaçqınsansa sən bu saat, sən bu an,
Qeyrətə gəl, boş-boş gəzmə havada.
Xoruz kimi kəkələnmə o saat,
Bir doğru söz toxunanda şəstinə.
Lazımsan də... düz deyil, ay camaat?
Düşmən durub vətənimin qəsdinə.
Mən Ağdamdan gül fəslində çıxanda,
Dedim: “Arif, segah üstə qəzəl de”.
Ayrılığın buludunu sıxanda,
Familin də göz yaşları süzüldü.
İstəyirsən orda hazır olasan,
Qoşun-ləşkər qaytaranda torpağı?!
Qarabağda sənə lüzum olmadan,
Yellənəndə Azərbaycan bayrağı?!.
Deyirsən ki: - Lazım gəlsə hazıram,
Qəsb edilmiş bu torpağı almağa.
Vallah-billah eşitməkdən bezirəm
Hapla-gopla Qarabağı almağa.
12.09.1998.