(İsmayıl Şıxlının “Dostum Qabilin qəribə əhvalatları” kitabından)
Bir gün axşamüstü Qabil bizə gəlmişdi. Oturub çay içdik. Birdən ayağa durub bufeti açdım və mənə bağışlanan “Kuba” viskisini stolun üstünə qoydum.
- Qabil, heç bundan içibsənmi?
O böyük maraqla şüşəni əlinə aldı. Diqqətlə etiketinə - üstündəki yazılara baxdı. Bir neçə dəfə o üz-bu üzünə çevirdi və “yox, İsmayıl müəllim”- deyə cavab verdi. Şüşəni götürüb sakitcə bufetə qoydum. Qabil heç nə demədi. Bir neçə dəqiqədən sonra çıxıb getdi.
Aradan iki gün keçdi. Evimizdə yaxşı xörək vardı. Çağırdım. Bir az naz-qozdan sonra gəldi. Tutqun idi. Elə bil məndən küsmüşdü. Süfrəyə xörək qoyuldu. ”Kuba” viskisini gətirdim. Açıb qədəhlərə süzdüm. Qabil təəccüblə bir mənə, bir viski şüşəsinə, bir də qədəhlərə baxdı. İçdik. Sonra sağlıqlar təkrar oldu. Birdən Qabil gözünü üzümə zillədi.
- Ay Mirzə, sən mənim atamı yandırmısan. Pərtliyimdən iki gündür yata bilmirəm.
- Niyə, Qabil?
- O nəydi, o gün başıma açdın?
- Neylədim, Qabil?
- Necə yəni neylədin? Viskini gətirdin mənə göstərdin, sonra da əlimdən alıb qoydun bufetə. Qoymadın? Yox, soruşuram, qoymadın? Yox, əgər viskini içməyəcəkdiksə, nöşün göstərdin mənə, yanıq verirdin? Soruşuram, yanıq verirdin?
- Nə danışırsan, Qabil, bu evdə nə var, hamısı sənə qurbandır. Özün bilirsən ki, mən o qədər də içən deyiləm.
- İçən deyilsən, içənlərdən öyrən ki, onlara içkini göstərib sonra geri almaq ən böyük günahdır. Sən mənə od vurmusan, Mirzə, yaxşı, keçirəm günahından. Gəl bunu da içək, bütün günahlarından keçək.
Biz barışanda viski qurtarmışdı.