Modern.az

O dünyaya tələsən Vaqif Səmədoğluna CAVAB VERİLDİ

O dünyaya tələsən Vaqif Səmədoğluna CAVAB VERİLDİ

6 Oktyabr 2014, 11:59

Yazıçı-publisist Mahir Qabiloğlu xalq şairi Vaqif Səmədoğlunun yeni şeirini özünəməxsus şəkildə “cavabsız qoymayıb”.
Moden.az saytı onun V.Səmədoğlunun hələlik sonuncu şeiri olan “Yatmaq istəmirəm” nidasına “cavab”ını təqdim edir:


VAQİF SƏMƏDOĞLU

Yatmaq istəmirəm

İlahi,
Yatağın nə sağında
Nə solunda,
Nə bir gözəlin qolunda
Yatmaq istəmirəm.

İlahi,
Nə söyüd kölgəsində,
Nə dünyanın ən azad ölkəsində
Yatmaq istəmirəm.

İlahi,
Dar quyu dibində,
Qaranlıq nəm içində,
İşıqlı qəm içində,
Ağrısız
Bir az yatmaq istəyirəm...

4 oktyabr, 2014, Bakı


MAHİR QABİLOĞLU

O dünyayçun darıxma!

Vaqif, bu öz işindir,
İstəyirsən yat-yatma.
Dərin, şirin yuxuya,
İstəyirsən bat-batma.
Gözəllər işindədir –
İstəyirsən qucaqla,
İstəyirsən heç baxma.
Bircə bunu bilirəm:
O dünyayçun darıxma!

Söyüdlər dəbdən düşüb,
İndi dəb palmanındır.
Onunsa kölgəsi yox,
Kölgə yatmaqçun deyil,
Fotonun zamanıdır.
Azərbaycan azaddır,
Lap yaşamaq anıdır.
...Vaqif, sən heç tələsmə,
Sənə yatmaq yaraşmır,
Belə yatsan günahdır.

Ölmək üçün tələsmə,
Dar quyu müftə deyil,
İzolyasya etsələr,
Quyuda nəm nə gəzir?
Qaranlıqdan danışma,
İnkir-Minkir fanarla,
Təzə ölülər gəzir.
Ağrı diriyə məxsus,
Yatmaq istəyirsənsə,
Bir dənə “dimedrol” iç.
“Xoşbaxtlıq, xoşbaxtlıq” de,
Şairlərə sən iliş.
Moşunu ifşa etdin,
Mahirlər peyda oldu –
Sən yaz, mən cavab verim.
Amma... heç yana getmə,
Atam da dilə gəlib
yazır ki: - Vaqifə de,
Səməd, Yusif burdadır,
Qazaxı sonsuz qoyma!
Saqqalına yaraşmır,
Ölməzliyə tələsmə.
Əzrayıl “zakaz” sevmir,
O dünyayçun darıxma!

5 oktyabr 2014-cü il

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI