Modern.az

“Məşhur tələbə yoldaşım”: “Ailəsi Nəzakət Teymurovanın oxumağını istəmirdi” - SÖHBƏT

“Məşhur tələbə yoldaşım”: “Ailəsi Nəzakət Teymurovanın oxumağını istəmirdi” - SÖHBƏT

7 Oktyabr 2014, 13:20


Modern.az
saytının “Məşhur tələbə yoldaşım” rubrikasının budəfəki qonağı əməkdar artist, müğənni Gülyanaq Məmmədovadır. O, tələbə yoldaşı, rəfiqəsi, xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Nəzakət Teymurova haqqında xatirələrini paylaşır:

“Ailəsi Nəzakətin üstündə çox əsirdi”

“Nəzakətlə mən Asəf Zeynallı adına Musiqi məktəbində, Nəriman Əliyevin sinfində bir yerdə oxumuşuq. Nəzakət 1991-ci ildə, mən isə 92-ci ildə həmin musiqi məktəbinə qəbul olunmuşuq. Nazıyla (Nəzakət Teymurova) ilk tanışlığımız da elə 1991-ci ildə olub. İkimiz də qəbula gəlmişdik, bir yerdə imtahan verdik, mən kəsildim, o, qəbul olundu. Mənim yaşım çatmadı. Dedilər ki, 18 yaşın bitməyib. O vaxt 18 yaşı tamam olmayanları muğam sinfinə qəbul etmirdilər. Ona görə də növbəti il yenidən imtahan verdim və qəbul olundum. 1992-ci ildə birinci dəfə idi ki, qəbul imtahanlarında test üsulu tətbiq olunurdu. Bu üsulla qəbul olunmuş ilk məzunlardanam.

Bizdə - Asəf Zeynallı adına Musiqi məktəbində birinci kursdan dördüncü kursa qədər bütün muğam şöbəsində oxuyanlar eyni sinifdə dərs keçirdilər. Çox mehriban kollektiv idik. Dərslərimiz indiki dərsliklərdən fərqlidir. İndi Nəzakət də, mən də dərs deyirik, ancaq tək-tək tələbələrlə dərs keçməli oluruq. Proqram dəyişilib. Amma bizim dövrümüzdə hamı bir yerə yığılar, (məsələn saat 9-dan 2-yə, 3-ə qədər muğam dərsi olardı) rahatca bir yerdə dərs keçərdik. Bizlə bərabər orada hazırda səhnədə fəaliyyət göstərən çox müğənnilərimiz oxuyub. Məsələn, Qəzənfər Abbasov, bacım Gülyazla (Gülyaz Məmmədova) bir sinifdə oxumuşuq. Təsəvvür edin, Gülyaz dördüncü kursda idi, mən birinci kursa gedirdim, amma yenə də bir sinifdə dərs keçirdik.


Tələbə yoldaşlarım arasında ən çox yoldaşlıq etdiyim Nəzakət olub. Dərsə bir gedib-gələrdik, institutdan çıxardıq, bir yerdə gəzişərdik, məşqlərə gedərdik. Yəni tələbəlik illərimiz demək olar ki, Nazıyla bir yerdə keçib. Mən onların evində çox olmuşam, Nəzakət də bizə (mən o vaxt kirədə qalırdım) gəlirdi. O vaxt anasıgil Nəzakətə heç yerə getməyə icazə verməzdilər. Onun üstündə çox əsirdilər. Ailənin sonbeşiyi olduğu üçünmü, bilmirəm, amma yadımdadır ki, Nəzakətə korluq çəkməyə qoymurdular. Elə bil onu əllərinin içində bəsləyirdilər, heç nəyə ehtiyacı yox idi. Nəzakətə elə baxırdılar, bunun şahidiyəm. Anası, böyük bacısı onu çox əzizləyirdi. Nəzakət böyük bacısına “mama”, anasına “nənə” deyirdi. Anası həmişə deyirdi ki, Gülyanaqgil bizə tez-tez gəlsin, onlar kirayə qalırlar, mən burada yemək bişirmişəm. Ailələrində o qədər mehribançılıq görmüşəm. Qarabağ mətbəxinin ləzzətini də onlarda dadmışam.

Nəzakətlə dost idik. Bir-birimizlə sirlərimizi, sözümüzü, dərdimizi, sevincimizi bölüşərdik. O çox ürəyiaçıq qız idi. Nazı indi də elədir. Bu insandan nə istəsən, canla başla onu sənin üçün təşkil edirdi. O qədər əliaçıq, şirinqanlı (istiqanlı), mehriban idi. Hər insana ürək qızdırmazdı, bir adamla yoldaşlıq etdi, inandısa, ona canını da qurban edərdi. İndi də elədir, o vaxtı da elə olub. Ona yaxşı baxırdılar, hər şeyi bol olurdu deyə, mənim nəyəsə ehtiyacım olanda Nazakət kömək edirdi. Mən hətta filarmoniyada (Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası) keçirilən Şəfiqə Axundovanın yubileyində onun bir paltarını geyinib səhənəyə çıxmışam”.

“Dəftərlərimizi açanda gördük ki, içində yaddan çıxıb qalan pullar var”

“Nazı səsiylə, səsinin diapazonu ilə qrupda seçilirdi. O da, mən də daxil olmaqla bir neçəmiz Nəriman müəllimin ən sevimli tələbələrindən olmuşuq. Sinfimizə bir hörmətli qonaq gələn kimi Nəriman müəllim özü də təsdiqləyər, həmişə bizi önə verərdi ki, “qarabağlı qızı bir oxu, şəkili qızı bir oxu, qonağım qulaq assın”.
Nəzakətin davamiyyəti çox gözəl idi. Arada bir balaca ailəsiylə bağlı ləngimələri oldu. Yəni, ailə qurdu, özünü ailəsinə həsr etdi. Onda Nəriman müəllim Nəzakəti danlayırdı ki, “səndə olan səs kimdə var? Dərslərdən qalma, gəl, öyrən”. Ondan sonra Nəzakət təzədən özünü dərslərinə, muğamlarına həsr etdi. Yenə davamlı olaraq işiylə, sənəti ilə məşğul oldu. Bəli, bu sənətdə o gərəklidir, onun səsi doğrudan qəşəng səsdir, səs tembri hər kimdə olan səs deyil deyə, o, bundan nəticə çıxartdı, öz üzərində çox işlədi, solo konsertlər də verdi. Solo konsertində də iştirak etmişəm. O qədər onu alqışladım, o qədər sevindim ki, bax belə cürətli, belə qoçaq bir xanımdı.



Nəzakət xanımla bağlı başımıza o qədər maraqlı əhvalat gəlib ki. Tələbəlik vaxtı bir dəfə bir toya getmişdik. Bakı kəndlərində muğama çox böyük diqqət var. Başa düşülərək dəyər verilirdi. Bizi də gözəl tarzənimiz yaxşı muğam ifaçısı kimi o məclisə aparmışdı. Tələbə idik də, utana-utana getmişdik, doğrudan oxumağa həvəsli idik. Belə qəşəng bir məclis idi. Gördük ki, qabağımıza o qədər pul tökdülər ki, bu qızlar nə gözəl oxuyur. Sevinirik ki, nə yaxşı da, bu qədər pul xərclədilər, bu gün, sabah evimizə qəşəng yemək alacağıq, kirayə pulu ödəyəcəyik. Axırda bizə heç nə verilmədi (gülür). Nazıyla bir-birimizə baxa-baxa gəldik ki, aa, qabağımıza o qədər pul tökdülər, bəs niyə bizə pul verən olmadı. Nə isə. Orada oxuyanda muğam dəftərimi də qabağıma qoymuşdum. Səhərisi gün dəftərləri açanda gördük ki, içində yaddan çıxıb qalan pullar var. O qədər sevinmişdik ki.. Bilmirəm necə olub. İnanırsınız, xəbərimiz olmayıb. O yaddan çıxıb qalan cüzi məbləğ bizim üçün böyük pul idi. Çünki onunla bəlkə iki, üç ayımızın kirəyə pulunu da verə bilirdik. Biz pula görə də getməmişdik.
İnsan məclislərdə püxtələşir. Müəllimimiz deyirdi ki, Bakı kəndlərində elə bir tərbiyəvi məclislər var ki, orada doğrudan da həm qadın xanəndələrə, həm də muğama böyük hörmət var. Bizi də o baxımdan abırlı, ismətli gənc xanəndə, muğam ifaçısı kimi ora aparmışdılar. O gözəl məclisdə ancaq muğam (dəsgah muğamlar) ifa edirdik. Elə səhəri Nəriman müəllim də bizə dedi ki, “eşitdim dünən qəşəng muğamlar ifa etmisiniz, başımı uca etmisiniz”. Biz də sevinirdik. Hamısı - hansısa məclisdə yaxşı oxuyanda da, pis oxuyanda da ustadımıza gedib çatırdı. Deyirdi ki, “hə, qəşəng oxumusuz” və yaxud da “zəif oxumusunuz, artıq boğazlar etməyin”. Danlayanda da, tərifləyəndə də qəbul edirdik.

Nəzakətlə indi az-az görüşə bilirik. Düzdür, axır vaxtlar ardıcıl olaraq onu görürəm. Amma sıx-sıx görüşə bilmirik. Onun işləri də, mənim işlərim də çoxdur. O, Konservatoriyada dərs deyir, mən İncəsənət Universitetində. Ailə baxımından da iş-gücümüz çoxalıb. Bir-birimizə ancaq konsertlərdə, televiziya çəkilişlərində, bayram tədbirlərində rast gəlirik, onda da sevinə-sevinə görüşür, öpüşürük. Əvvəlki isti münasibətimiz qalır.
Ola bilsin bəzilərində xasiyyət dəyişir, amma Nəzakətin xasiyyətində dəyişiklik yoxdur. Nazının o qədər şirin xarakteri var ki, sadə, səmimidir, danışığında belə, sünilik yoxdur, ləhcəsini belə, tərgitməyib. Yenə də onu çox istəyirəm.

Nəzakətlə yanaşı onun tarzəni Əliağa Sədiyevlə, Elçin Həşimovla, Elnur Əhmədovla ilk addımlarımız, ilk uğurlarımız bir yerdə olub”.

“Nəzakətin ifasında Leylinin ölüm səhnəsini çox bəyənirəm”


“Nəzakəti “Leyli və Məcnun”, “Aşıq Qərib” operalarında izləmişəm. Hər ikisində rollarını bəyənmişəm. Əsas da mənə Leyli obrazının ölüm səhnəsində çox ləzzət edib. Yəni səsinin şirinliyini ən çox ölüm səhnəsində almışam. Gülyaz da Leyli olduğu üçün bilirəm ki, ölüm səhnəsi “Leyli və Məcnun”da ən çətin, ən məsuliyyətli səhnədir. Təsəvvür edin, yerdə sürünə-sürünə zildən segahla yandırıb yaxmaq. Orada onun səsində gözəl bir məlahət, şirinlik çox duymuşdum.

Bir xanəndə kimi də Nəzakətin ən zil notlarını daha çox sevirəm. Amma zili də o şirinliyi verə bilir. Oxuyan var ki, zildə şirinliklərini duymaq olmur, qışqırır. Amma yaxşı səli xanəndənin zildə oxuduğunda həm onun dediyi söz başa düşülür, həm şirin səsinin gözəllliyi qalır. Ona görə də Nəzakətin muğam ifasını çox bəyənirəm. Teymur Göyçayevin orkestri ilə olan çıxışlarını çox bəyənmiş, həmişə alqışlamışam. Onun səhnə fəaliyyətində ən yaxın köməkçisi Əliağanı da Nəzakətlə bərabər həm sənət dostum, həm yaxşı sənətkar kimi alqışlamışam.

Ailəsi Nəzakətin oxumağını istəmirdi. Bu barədə eşitmişdim. Amma özü çox istəyirdi. Bizim dövrümüzdə istəmirdilər qız uşağı səhnəyə atılsın, nə olar, nə olmaz. İndi uşaqlarını qolundan tutub gətirirlər ki, səsi olmasa da, bunu oxutdurun. Amma o vaxtı səsi olanı da gətirməyə qorxurdular ki, ay aman, səhnədə büdrəyər, həyat yolunda nəsə düz getməz. Ola bilsin, o baxımdan Nəzakətin də ailəsi onun oxumağını istəməyib. Həm də Nəzakət gözəl idi. Onun qəlbinin bir yaralı yerini də mən sonralar bildim. Qarabağda onların ailələrindən, nəsillərindən şəhid olanlar olub, nə qədər əziyyətlər çəkiblər. Amma sonra Nəzakəti çox istədiklərindən bəlkə də onun arzularını nəzərə alaraq, həm də səsinin gücünü, gözəlliyini görərək onu sənətə gətiriblər. Nazı özü daha dəqiq bilər. Mən belə hiss edirəm.Yadımdadır ki, onu qəbula bacısı gətirmişdi. Onda Nazının saçları qısa, oğlan saçı kimi kəsik, yupyumru, qəşəng qız idi.



Nəzakət kövrək idi. Haqsızlıq olanda da götürə bilmir, əsəbiləşir. Özü də xanəndənin, müğənninin səsinə birinci əsəb təsir edir. Bilirəm ki, Nazı həssas qız olduğu üçün onları daha çox içdə çəkir, bəlkə də biruzə verməsə belə.

Dost kimi adama canını qurban edər, amma gərək dost dostu arxadan vurmaya da. Kimsə onun o ürəyiaçıqlığına qarşı nəsə bir şey etsə, əlbəttə ki, onun gözündə düşmənə çevriləcək. Mən heç vaxt itirmirəm. Çünki Nazı vaxtında mənə yaxşı dost olub. Nə olsun indi az-az görüşə bilirik, get-gəlimiz o qədər olmur. Amma nə qədər zamanım olubdursa, ailələrində bir məclis olanda getmişəm, məni də sayıb çağırıblar. Yaxşı xanımdı, ürəyi həssadır, kövrəkdi, yumşaqdır, əl tutandır, əliaçıqdır. İndiki zəmanədə bir də görürsən, heç kim heç kimə bir şey qıyıb verməz. Amma Nazı o qədər əliaçıqdır.
Nəzakət ailəsində də, sənətində də xoşbəxtliyini tapıb. Ona sadəcə can sağlığı, sənətində yenə də uğurlar, ailəsində xoşbəxtlik, o bircə gözünün ağı-qarası qızını xoşbəxt görməyini arzulayıram. Özümə gözəl nə arzulayıramsa, Nəzakət xanıma da onu arzulayıram”.









Misranə Həsənzadə

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU