Modern.az

Azərbaycan yazıçısı Andersen Qızıl Medalının bir addımlığında

Azərbaycan yazıçısı Andersen Qızıl Medalının bir addımlığında

Ədəbiyyat

7 Oktyabr 2014, 14:04

Qəşəm İsabəylinin yaradıcılıq uğuru

Bu yaxınlarda Mexiko şəhərində Beynəlxalq Uşaq və Gənclər Kitabı Şurası - İBBY 2014-cü ilin Şərəf siyahısını - Fəxri Andersen siyahısını elan etdi. Dünyanın müxtəlif ölkələrinin 57 yazıçısının laureatlar siyahısında, sevindirici haldır ki, Azərbaycanın uşaq yazıçısı Qəşəm İsabəyli də yer alıb.

 Andersen Fəxri Diplomuna indiyəcən Rusiyanın məşhur uşaq yazıçılarından S. Mixalkov, A.Barto, V.Medvedyev, Y.Koval, A.Aleksin, tərcüməçi kimi B.Zaxoder, İ.Tokmakova və s. layiq görülüb. Bu il isə rus yazıçısı S.Vostokov “Zimnya dvor” kitabı və tərcüməçi M.Boroditskaya “Anqliyskaya poyeziya dlya detey” tər­cümə kitabıyla bu fəxri kürsüyə qalxa bilib.

Andersen Fəxri Diplomu nə deməkdir?! Son iki ildə dünya uşaq yazıçılarının müasir ədəbi mühiti özündə əks etdirən ən yaxşı əsərlərinin seçimi. Bu əsərlər dünya dillərinə tərcümə və çap üçün tövsiyə olu­nur. Qonşu Gürcüstan və Ermənistan uşaq yazıçılarından hələ ki, bu Fəxri Diplomu alan olmayıb.
Q.İsa­bəyli Azərbaycanın ilk uşaq yazıçısıdır ki, “Cin” nağıl-povestiylə Andersen Şərəf siyahısına düşür. İndiyəcən “Cin” əsəri 3 dəfə nəşr edilib. İlk nəşri 60 min nüsxə Azərbaycan türkcəsində, 20 min İngiliscə nəşr edilən bu kitab oxucular arasında geniş yayılıb.

2012-ci ildə isə Q.İsabəylinin Beynəlxalq Uşaq və Gənclər Kitabı Şurasının “Bookbird” jurnalında (London, 2012) “Baba, sabahın xeyir!” hekayəsi ingiliscə çap edilib. Bu əsərin dəyərini İngilis redaktoru olduqca sərrast ifadə edib: “Sizin hekayəniz son dərəcə gözəldir!”. Bu da Azərbaycan uşaq ədəbiyyatında bir ilk kimi dəyərlidir. Q.İsabəylinin əsərləri Rus, İngilis, Ukrayna, Belorus, Qırğız dillərində də çap edil­ib. Sovet dövründə “Murzilka” (Moskva, 1982) jurnalında onun iki qoşa səhifə şeirləri verilib. Ba­kı­da rusca “Uuu...”, “Osel sın Osla”, “Mı starıe kafkaztsı”, “Aclıq dərsi” (həmçinin ingiliscə) işıq üzü gör­üb.

“Bədii forma və məzmun axtarışları və orijinal üslubu ilə seçilən, Azərbaycan uşaq ədəbiyyatına yeni nəfəs gətirən, rəngarəng yaradıcılığa malik olan Q.İsabəyli” (Z. Xəlil, F. Əsgərli “Uşaq ədəbiyyatı. Dərs­lik”, Bakı-2007) bu uğura yetincə son dərəcə keşməkeşli yol keçib. Onun uşaq ədəbiyyatına gətirdiyi yeni­lik­ləri isə yazıçı və tənqidçilər vaxtında görüb, təqdir edib. Gör­kəmli şair Məmməd İsmayıl yazırdı: “Adı da, özü də “balaca” olan bu kitabda (“Balaca, bapbalaca”, Bakı-1982) uşaqların “barmaqlarını yala­ya-yalaya” oxuyacağı çox şeirlərlə rastlaşdım.”. (“Ədəbiyyat və in­cə­sənətqəzeti, 11 fevral 1983). Və ya: “Əkil-Bəkil” poemasının dili həqiqətən də şəhd-şəkərlidir. Bəlkə də elə nağıllarımızdakı Əkil-Bəkil müəllifə sehrli söz çırağının yerini göstərib, ona görə yazı bu qədər oxunaqlı çıxıb.” (“Əkil-Bəkil. Ön söz, Bakı-1990).

Mərhum yazıçı Ələviyə Babayeva qeyd edirdi: “Q.İsabəylinin nəsr təhkiyə üslubu şeir dili kimi poetik və nağıl məziyyətlidir.”. Və ya: “Q.İsabəylinin “Üüü...” povestinin adı kimi özü də uşaq nəsri üçün tapın­tı­dır.”. (“İstedad özü öz yolunu tapır”. “Ədəbiyyat qəzeti”, 10 yanvar 1997).

Şair Məmməd Namaz yazırdı: “Mən “Nənəm təkdi” kitabını son illər­də yaradılmış ən gözəl əsərlərdən biri, bəlkə də elə birincisi hesab edirəm. Bu gözəl əsəri böyük Şəhriyarın “Heydərbabaya salam” əsəri səviy­yəsində görürəm.”. (“Aysel Xəlilova “Azərbaycanın görkəmli uşaq yazıçısı Qəşəm İsabəyli”. Bakı-2011).

Orijinal yaradıcılığıyla seçilən Qəşəm İsabəylinin dünya uşaq ədəbiyyatının münsifi sayı­lan Beynəlxalq Uşaq və Gənclər Kitabı Şurasının Fəxri Andersen Diplomuna layiq görülməsi olduqca qanunauyğundur. Bu­na qədər isə o, 1989-cu ildə “Əkil-Bəkil” poemasıyla Azərbaycan Yazıçılar İttifaqının, Azərbaycan Dövlət Mətbuat Ko­mi­tə­sinin və Azərbaycan Komsomolunun “İlin ən yaxşı uşaq kitabı” mükafatına layiq görül­üb. Aldığı pul mükafatını isə Şəhidlərin abidəsinə yardım fonduna keçirib.



Şəfəq Nasir       
yazıçı-jurnalist

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi