filologiya elmləri doktoru,
professor
Mir Cəlal Paşayev Mehdi Hüseynin xətrini çox istəyirmiş. Təbii ki Mehdi Hüseynin də Mir Cəlala böyük hörməti və məhəbbəti varmış. Hətta onların arasında tez-tez zarafatlar da olurmuş. Zarafatları ilə bir-birinin xətrini xoş edərlərmiş. Günlərin birində Qazaxdan Mehdi Hüseynin yaxınlarından - qohumlarından biri onun yanına gəlir. Mehdi Hüseyndən məsləhət almaq istəyir. Mehdi Hüseynə deyir:
- Qağa, mənim oğlum olmur, məsləhətin nədir?
Mehdi Hüseyn zarafatından qalmayaraq öz həmyerlisinə deyir:
- Sən Mir Cəlalın yanına get, o, məsləhət versin. O daha hörmətli, nüfuzlu adamdır. Həm də seyiddir. Onun göstərdiyi yol daha yaxşı olar.
Belə də olur. Mehdi Hüseynin qohumu Mir Cəlalın yanına gəlir. Mir Cəlal müəllimə müraciətlə:
- Ay müəllim, hər bir əyər-əskik işimiz barədə Mehdidən məsləhət alırıq. Onun yanında oldum. Məni sizin yanınıza göndərdi. Dedi ki, siz ondan da hörmətli, nüfuzlu adamsınız. Başınıza dönüm, mənə bir yol göstərin.
Mehdi Hüseynin qohumu kənd adamı olduğundan hiylə - məkr nə olduğunu bilmir. Ürəyində nə varsa, dilində də onu deyir:
- Qağa, qurbanın olum, mənim başqa elə bir adamım yoxdur ki, ondan məsləhət alım. Mehdi qağam idi, o da sizin yanınıza göndərdi. İndi məsləhət yerim sizsiniz. Qağam Mehdidir, bir də siz. Qağam Mehdi sizi daha ağıllı, müqəddəs adam hesab eyləyir. Odur ki, məni sizin yanınıza göndərdi. Mənə məsləhətinizi əsirgəməyin. Bu qağanız da elə-belə adam deyil. Sizin xəcalətinizdən çıxar...
Mir Cəlal müəllim işin nə yerdə olduğunu başa düşür. Bilir ki, bu xata Mehdi Hüseyndən keçibdir. Ona görə də özünü o yerə qoymur. Soyuqqanlı və ciddi bir görkəm alır. Öz təmkinini pozmadan kişiyə məsləhət verir:
- Ay kişi, axşam ailənlə yatanda başına papağını qoy və yat. Axşam yatanda heç zaman başından papağını çıxartma.
Kişi olduqca sadəlövh olur, Mir Cəlalın verdiyi məsləhətə qulaq asır. Və Allahın izni ilə vaxt-vədə yetişir və həmin kişinin oğlu dünyaya gəlir. Mir Cəlalın seyidliyi kişinin gözündə daha da böyüyür. Bakıya Mehdi qağasının yanına əlidolu, sovqatla gəlir.
- Ay qağa, bu kişi nə qədər Allah adamıymış. Onun dediyini elədim, oğlum oldu.
Mehdi Hüseyn deyir:
- Ay kişi, indi də get Mir Cəlala minnətdarlıq et. Qoy bilsin ki, yaxşılığı unutmursan. Belə xeyirxah adamı heç yerdə tapa bilməzsən. Hər zaman sənə lazım olan adamdır.
Mehdi Hüseynin bu qohumu tənbəllik etmir. Mir Cəlal müəllimin yanına gedir. Mir Cəlala öz minnətdarlığını da bildirir. Həmin vaxtdan kişinin məsləhət aldığı adamın biri də Mir Cəlal olur. Kişi tez-tez Mir Cəlal müəllimin yanına gəlir qayğı və problemləri ilə bağlı ondan məsləhətlər alır.