Modern.az

“Sensasiyalı kitablar”: Sabir Əhmədlinin Əli Vəliyevin kolxozunu dağıdan əsəri...

“Sensasiyalı kitablar”: Sabir Əhmədlinin Əli Vəliyevin kolxozunu dağıdan əsəri...

Ədəbiyyat

8 Oktyabr 2014, 14:46

Modern.az saytının “Sensasiyalı kitablar” rubrikasında bu dəfə Azərbaycanın xalq yazıçısı, əməkdar incəsənət xadimi Sabir Əhmədlinin “Dünyanın arşını” romanı və “Arabaçı” hekayəsindən danışılacaq. Rubrika çərçivəsində əslində tək o əsərlər yox,  mərhum yazıçının əksər yazıları,  hətta kiçik hekayələri barəsində də danışmaq olar. Çünki onun ilk əsəri  “Arabaçı”dan tutmuş, ta sonuncu çap olunan irihəcimli romanlarına qədər toxunduğu mövzular öz zamanında orijinallığı və reallığı ilə seçilirdi.

Mərhum yazıçı ölümündən əvvəl yazdığı avtobioqrafik “Yazılmayan yazı” əsərini çap etdirməyi vəsiyyət edib. Sonradan oğlu Etibar Əhmədov öz vəsaiti hesabına həmin kitabı çapdan çıxarıb. Çox təəssüf ki, zəngin və lazımı faktlarla bol olan həmin kitab cəmi 200 tirajla buraxılıb. O, kitabda sensasiya yaradan əsərləri və sonradan onlarla bağlı olan söz – söhbətlər barəsində ətraflı məlumat verib.

Məsələn, bir kiçik hekayəsi barəsində “Yazılmayan yazı”da maraqlı fakt var: Partiya qurultayında cəmi iki yazıçının Süleyman Rəhimovun və o zaman gənc olan Sabir Əhmədlinin hekayələri tənqid olunur. Yazıçı xatirələrində qeyd edir ki, həmin iclasda Mərkəzi Komitənin birinci katibi Mircəfər Bağırov da olub. Lakin qəfildən iclasın ortasında bir general içəri daxil olaraq Bağırovu çağırır və onlar getməli olurlar. Birinci katib gedəndən sonra yazıçıların əsərlərini tənqid etməyə başlayırlar. O zaman Süleyman Rəhimovu hamı tanıyırdı və sözün hər mənasına dövrü üçün nəhəng olan yazıçının tənqidi çoxlarını  təəccübləndirmişdi də. Amma onunla adı yanaşı çəkilən gənc yazıçının kimliyi isə hamını maraqlandırırdı.

Sabir Əhmədli həmin hadisəni xatırlayaraq qeyd edir ki, o zaman gənc idi və bir küncdə oturmuşdu.

“Adamların heç ağlına da gəlməzdi ki, o boyda iclasda tənqid olunan iki yazıçıdan biri mənəm. Yaxşı ki, Bağırov getdi. Yoxsa iclasda olsaydı çox güman ki, məni qaldırıb kim olduğumla maraqlanacaqdı”.

Bu, uzaq 1950-ci illərin əhvalatı idi. Üstündən xeyli vaxt keçəcək və qələmi püxtələşən, yaradıcılıq kredosu müəyyənləşən yazıçı “Dünyanın arşını“ romanı ilə yenidən səs-küyə səbəb olacaq.
“Dünyanın arşını” çap olunan ərəfədə fəlsəfi-publisistik mahiyyəti ilə fərqləndi. Əsərdə bir rayonun, bir kolxozun timsalında dünya, bəşəriyyət üçün vacib sayılan ədalət, düzgünlük kimi amillər əsas mövzu predmeti idi. Bu əsərdə filosof da var, yalançı kolxoz sədri də, dünyagörmüş qarı da, hələ bişməmiş cavan da. Əsərin adı da elə o qarının dediyi zərbi-məsəldən götürülür: “Dünya həminki dünyadır, amma bunun arşını elə bil ki, itib...”.

Əsərdə yazııçı zahirən bir rayonda baş verən hadisələri təsvir etsə də, əslində problem əhatəli idi, durğunluq illərində bütün ölkəni və xalqı sarmış mənəvi və sosial bəlaların bir rayonun timsalında ümumiləşməsi burada qabarıq əks olunurdu.

Xalq yazıçısının oğlu Etibar Əhmədli deyir ki, Sabir müəllimin təkcə “Dünyanın arşını” romanı yox, əksər əsərləri səs-küyə səbəb olub:  

“Sabir Əhmədlinin demək olar ki, hər əsəri qıcıqlandırıcı reaksiyaya səbəb olurdu. Səbəb də ondan ibarət idi ki, Sabir Əhmədlinin romanlarında o zaman yazılan əsərlərdə olmayan mövzular və ideyalar olurdu. Onun ən birinci hekayəsi olan “Arabaçı”dan tutmuş ta ən sonuncu əsərində də bu  hallar var idi. Ən birinci əsəri də qalmaqala səbəb olmuşdu. Mərkəzi Komitə plenumunda səhv etmirəmsə, Mirzə İbrahimov tərəfindən tənqid edilmişdi. “Dünyanın arşını” isə ən çox qalmaqal yaradan romanı oldu. Roman sovet ideologiyasına zidd əsər kimi göstərildi. Bu əsərdən sonra 10 il əsərlərin çapına qadağa qoyuldu. Atamın 10 il bir dənə də olsun kitabı çıxmadı. Buna baxmayaraq bu qadağa bitəndən sonra da Sabir Əhmədli öz yaradıcılıq yoluna sadiq qaldı. “Yamacda nişanə”, “Qanköçürmə stansiyası”, “Yaşıl teatr”, “Toğana”, “Yasamal gölündə qayıqlar üzür” hamısı kəskin əsərlər idi.

O roman isə kolxoz sistemində yaşanan qanunsuzluqlar barəsində idi. Əsərin məzmunu ilə bağlı hətta Əli Vəliyev etiraz olaraq bildirmişdi ki, “mən qoymaram ki, qurduğum kolxozu Sabir Əhmədli vurub dağıtsın”. Atam kolxoz sistemində yalançı plan məsələsini qaldırmışdı. Başqa bir məsələ də kolxoz sədrinin camaatının adından kredit götürüb ferma üçün avadanlıq, guya, inəklər üçün lazım olan avtomat cihazlar almağı idi. Halbuki, kiçik bir kənd üçün bu, qəti lazım deyildi. Kəndin əhalisi də bu səbəbdən pis vəziyyətdə qalır. Nə qazanırdılarsa, hamısı bankın kreditinə gedirdi. Onlar da raykom katibinə şikayət edirlər ki, bunu dəyişin, bacarıqsız adamdır. O, bunların hamısının şahidi olmuşdu, çünki qardaşı raykom katibi idi“.

E.Əhmədli atasının başqa əsərlərinin isə təkcə kəskinliyinə görə yox,  orijinal yaradıcı forma və məzmununa görə səs-küy yaratdığını qeyd edir:
“Moskvada yaşayan filosof Heydər Camal onun “Axirət sevdası” adlı romanını görəndə deyib ki, “mən axır ki, yaratdığım fəlsəfi nəzəriyyəyə ad tapa bildim”.

“Dünyanın arşını” romanında başqa bir cəhət problemlərlə yanaşı,  duyğusallığın, dünya və bəşəriyyət haqqında hüznlü fikirlərin irəli sürülməsi faktıdır. Məsələn, yazıçı Varşavada dəfn olunan Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədlinin məzarını ziyarət etməsi səhnəsini bu romanda belə təsvir edir: “...Kiçik qardaş böyük qardaşın qəbri üstündə ağlayırdı, ana! Otuz beş yaşlı kiçik qardaş, iyirmi yaşlı böyük qardaşını tapmışdı. İndi o, ailəmizdə hamıdan kiçikdir, onun üçün zaman yoxdur... Ona aid olan zaman iyirmi il əvvəl bir gecə səhərəcən qurşağa qədər bir çayda qalıb döyüşəndən sonra əvvəlcə qoluna, sonra başına dəyən güllə ilə dayanıb””.

Azərbaycan nəsrinin müasir tənqidçilərindən olan Vaqif Yusiflinin “Dünyanın arşını” romanı barəsində dedikləri də maraqlıdır:

- “Dünyanın arşını” Azərbaycan nəsrində öz fəlsəfi-publisistik yönü ilə seçilirdi. Zahirən bir rayonda baş verən hadisələri təsvir etsə də, əslində, problem əhatəli idi, durğunluq illərində bütün ölkəni və xalqı sarmış mənəvi və sosial bəlaların bir rayon timsalında ümumiləşdirilməsi o zaman yuxarı dairələri qıcıqlandırmaya bilməzdi. İndi lap ucadan, qorxusuz-hürküsüz söylədiyimiz həqiqətləri Sabir Əhmədli qırx-qırx beş il əvvəl açıq söyləmişdi. Həyatın durğunluq illərindəki faciələr romanda kifayət qədər əks etdirilib və o da təəccüblü deyil ki, həmin səhnələr indi də əvvəlkindən daha sürəkli oynanılır.
“Bəzən fikirləşirəm ki, milyon yaşı olan bəşəriyyəti, Yer kürəsini bütünlüklə öyrənib kəşf eləmək üçün görəsən neçə il lazım gələcək? Axı, biz kainatın intəhasızlığı, zamanın ölçülməzliyi qarşısında çox həqiqətlərdən xəbərsizik. Lakin ən vacibi odur ki, biz hələ İnsanı özümüz kifayət qədər dərk etməmişik» - “Dünyanın arşını”ndakı filosof da məhz bu nəticəyə gəlir və quru, nəzəri mühakimələr orbitindən qanadlı həyata enir. Həyatın isə öz bilməcələri var. Dövran öz qaydası ilə sürür. Kim bu hərəkətin çəmini tapmırsa, istənilən nöqtədə dayanmırsa, çıxdaş olacaq.
“Dünyanın arşını”nda təsərrüfat problemi ilə mənəviyyat problemi vəhdət halında, biri digəri ilə əlaqəli şəkildə diqqəti cəlb edirdi. Amma sonrakı romanlarında Sabir Əhmədli əsasən mənəviyyat probleminə üstünlük verir, tənqidi pafosu da gücləndirir.

Elmin Nuri

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi