“Kimsə yanımda demişdi ki, öz biliyinlə o instituta girmək olmur, bir növ prinsipə düşdüm, dedim, öz biliyimlə ora daxil olacam”
İnsanın həyatında önəmli seçimlər sırasında ixtisas seçimi də var. Bəlkə də seçərkən əhəmiyyətini bilmirik, bəlkə də sevdiyimiz peşəni seçə bilmirik. Ya çalışarkən özümüzü o sahədə tapa bilmirik, ya da qazanc gətirmir. Bu və ya digər səbəblərdən ali məktəbdə yiyələndiyi ixtisası üzrə hazırda çalışmayan insanlar kifayət qədərdir. Jurnalistlər arasında da qeyri-ixtisas sahibləri az deyil.
Modern.az saytı “Qeyri-ixtisaslı jurnalistlər” rubrikasına davam edir.
Jurnalist Alya Yaqublu əvvəlki peşəsi üçün heç darıxmayıb: “Xalq Təsərrüfatı İnstitutunun maliyyə-iqtisad fakültəsinin məzunuyam. Oğuz rayonunda üç il öz ixtisasım üzrə işləmişəm. Təvazökarlıqdan kənar olsa da, deyim ki, institutu qırmızı diplomla bitirmişdim, ona görə də ilk iş yerimdə işə baş mühasib olaraq başladım. İşimi lap çox sevdiyimi deyə bilməyəcəm, amma debit-kredit hesablamalarının düz çıxmasını, yəni işimin nəticəsini sevirdim.
Jurnalistikaya tam təsadüfən gəlmişəm. “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğluna Bakıda iş axtardığımı dedim. O da öz qəzetində iş təklif etdi. Məmnuniyyətlə razılaşdım. Yazmağı sevirdim və deyəsən, bir az bacarırdım da. Beləcə, jurnalist olub yazmağa başladım. Artıq ilk yazımı yazanda inandım ki, görməli olduğum iş elə budur. Onda Əbülfəz Elçibəy Pənah Hüseyni yenicə baş nazir təyin etmişdi. Buna görə müxalif partiyalar geninə-boluna onu tənqid atəşinə tutmuşdular. Mən də həm onu, həm də bu qərarı müdafiə etmişdim, yazmışdım ki, adam təzə işə başlayıb və fəaliyyətinə qiymət vermək üçün ona zaman tanımaq lazımdı.
Ondan sonra jurnalistika mənim vazkeçilməzim oldu. Əvvəlki peşəm üçün heç darıxmırdım. Axı o peşəni xüsusi arzu-istəklə seçməmişdim. Bir dəfə kimsə yanımda demişdi ki, öz biliyinlə o instituta girmək olmur, ona görə də adına Xalq Təsərrüfatı əvəzinə “pul təsərrüfatı” deyirlər. Mən də bir növ prinsipə düşdüm, dedim, mən öz biliyimə ora girəcəm. Axı riyaziyyatı da yaxşı bilirdim.
“Yeni Müsavat”dan başqa “525-ci qəzet”, “Avropa”, “Rezonans”, “İntibah” qəzetlərində işləmişəm, sonuncunun baş redaktoru da olmuşam.
Bu sahədə çalışdığım üçün qətiyyən peşman deyiləm. Yaxşı ki, həyat məni jurnalistikaya gətirib çıxarıb, ayrıca, Rauf Arifoğluna da buna görə minnətdaram.
Ümumiyyətlə, mənimlə işləməyi mümkün hesab edən, yazılarımı redaktəsiz, nöqtə-vergülünə toxunmadan dərc edən bütün qəzet redaktorlarına bir təşəkkür hissi var içimdə , o cümlədən bu peşədə öz müəllimim hesab etdiyim Mehman Cavadoğluna da. Baş redaktor da ola biləcəyimə məni inandıran o oldu və məhz onun sayəsində bu təcrübəni yaşadım”.
“Xəzər” TV-nin “Tərs bucaq” verilişinin aparıcısı Azər Həsrət yazıları ilə bağlı ciddi polemikalar, bəzən də etik hədləri aşan müzakirələr üzündən bu sahədən uzaqlaşmaq istəyib: “İlk ixtisasım energetik (Bakı Baza Energetika Texnikumunu bitirmişəm), ikincisi kitabxanaçı-biblioqrafdır (Bakı Dövlət Universitetinin məzunuyam). Amma təəssüf ki, heç biri üzrə işləməmişəm. Birinci heç, ikinciyə indi də həvəsim var. Bir də Kanadada insan haqları məktəbini bitirmişəm.
Jurnalistikaya tam bir təsadüf nəticəsində gəlmişəm. 1995-ci ildə Azərbaycanda yeni seçki sistemi haqqında müzakirə gedirdi. Bizim üçün yeni olan proporsional seçki sistemini tanıtmaq lazım idi. Mən də siyasətə həvəsli birisi kimi bu haqda yazı yazdım. O vaxt “Vətən ocağı” adında bir qəzet vardı. Ora müraciət etdim, yazım dərc edildi. Sonra da majoritar sistem haqqında yazdım, o da dərc edildi. Beləcə başlamış oldu.
1997-ci ildə universiteti bitirdim, iş axtarırdım, təsadüfən bir elan gördüm. “Xəbər Servis” adlı İnformasiya Agentliyi rusdilli jurnalist-siyasət yazarı axtarırdı. Getdim, qəbul etdilər, rəsmən işə başladım və indiyədək bu sahədəyəm.
Qeyd etdiyim kimi, ilk yazılarım “Vətən ocağı”nda dərc edildi. “Xəbər Servis”dən sonra “Olaylar” İnformasiya Agentliyində Milli Məclis və Prezident Administrasiyası üzrə müxbir işlədim. Bundan sonra – 1998-ci ilin yanvarında “Azadlıq” qəzetində 1 il müxbir, ardınca da 2005-ci ilin sonunadək köşə yazarı olaraq çalışdım. 2005-ci ildə siyasi fəaliyyətə keçdiyim üçün jurnalistikadan uzaqlaşdım. Amma bir müddət sonra yenidən qayıtmalı oldum. Jurnalistika insanın özünü ən azad şəkildə ifadə edə bildiyi sahədir. Mən yazmayanda özümü nəsə narahat hiss edirəm. Hətta dəfələrlə olub ki, yazılarımla bağlı ciddi polemikalar, bəzən də etik hədləri aşan müzakirələr üzündən bu sahədən uzaqlaşmaq istəmişəm. Amma ən yaxşı halda bir həftə duruş gətirə bilmişəm. Yəni hətta özüm istəsəm belə, jurnalistikadan uzaqlaşa bilmirəm. Yazmaq, özünü jurnalistika vasitəsilə ifadə etmək artıq mənim həyat kredoma çevrilib. Hazırda rəsmən heç bir qəzetdə işləməsəm də, köşə yazılarım müxtəlif yerlərdə dərc edilir. Davamlı olaraq yalnız “Xəzər” TV-də hər bazar efirə çıxan “Tərs bucaq” verilişini aparıram. Bunlardan əlavə, Türkiyənin “Milliyyət” qəzetində, CNN TV-nin internet saytında bloglarım var. Rus, ingilis, Türkiyə və Azərbaycan türkcəsi olmaqla 4 ayrı dildə yazıram. Yazılarım bir çox ölkələrdə dərc edilir.
Bu sahədə olduğum üçün əsla peşman deyiləm. Əksinə, jurnalistikada qazandığım bir çox uğurlara görə hətta çox məmnunam da. Beynəlxalq Jurnalistlər Federasiyasının tarixində Azərbaycanı onun qurultayında təmsil etmiş ilk jurnalist olaraq, Beynəlxalq Söz Azadlığı Mübadiləsi təşkilatında Azərbaycanı ilk olaraq təmsil etməklə bərabər, həm də qurumun Şurasına belə, seçilmiş olmaqla, bu təşkilatın 2004-cü ildə keçirilmiş illik toplantısına kənar dəstək olmadan Bakıda ev sahibliyi etmək və bu kimi çoxsaylı uğurlar baxımından peşmançılıq üçün heç səbəb yoxdur. Üstəlik, Azərbaycanda jurnalistlərin təşkilatlanmasındakı roluma görə də sevinə bilərəm. Jurnalistlərin Həmkarlar İttifaqının qurucusu və ilk sədri, Azərbaycan Jurnalistlər Konfederasiyasının qurucularından biri və ilk baş katibi, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin qurucusu və indiyədək sədri, Azərbaycan Mətbuat Şurasının qurucularından biri və hazırda da idarə heyətinin üzvü, Beynəlxalq Mətbuat İnstitutu Azərbaycan Milli Komitəsinin qurucusu və bu kimi bir çox göstəricilərimlə hətta öyünə də bilərəm”.
“APA Holdinq” in əməkdaşı Hafiz Heydərov APA-dan gedəcəyi təqdirdə jurnalistikadan da gedəcəyini düşünür: “İxtisasca hüquqşünasam. Tiflis Humanitar Universitetini bitirmişəm. Hər zaman tanınmış vəkil olmaq arzusunda olmuşam. Lakin öz ixtisasım üzrə heç zaman çalışmamışam.
Jurnalistikaya gəlməyimdə tanınmış jurnalist Elbrus Ərudun xüsusi rolu olub. APA yaranan zaman mən hələ tələbə idim və sonuncu kurslarda oxuyurdum. O zaman yaşadığım Zaqatala rayonu bölgənin ən qaynar nöqtələrindən sayılırdı. Rayonda baş qaldıran silahlı qruplaşmalara qarşı hüquq-mühafizə orqanlarının apardığı mübarizəni, həmçinin Əliabad kəndində baş verən qarşıdurmaları işıqlandırmaq üçün APA Elbrus Ərudu tez-tez Zaqatalaya ezam edirdi. 2005-ci ilin əvvəlləri idi, mənə dedilər ki, Elbrus Ərud APA ilə əməkdaşlıq etmək üçün rayondan adam axtarır və ona mənim kordinatlarımı veriblər. Bir neçə gün sonra Elbrus zəng edərək məni Bakıya dəvət etdi. Gəldim Bakıya, APA-nın kiçik kollektivi ilə tanış oldum. O zaman APA-nın ofisində cəmi 6-7 nəfər var idi. Elbrus məni APA-nın direktoru Vüsalə Mahirqızı və müavini Nurşən Quliyevlə tanış etdi. Onlar bu peşənin özəllikləri, çətinlikləri barədə məlumat verdilər. Qısacası, Vüsalə xanım, Nurşən müəllim və Elbrus birləşib bu peşəni mənə sevdirdilər. Danışıqların sonunda bir ay sınaq müddəti verdilər və rayona qayıtdım. Bayaq dediyim kimi, Zaqatala qaynar nöqtə olduğu üçün bu rayonda xəbərsiz qalmaq qeyri-mümkün idi. APA üçün çox maraqlı xəbərlər tapıb göndərirdim. Heç iki həftə tamam olmamışdı ki, məni yenidən Bakıya dəvət etdilər və sınaq müddətimin başa çatdığını, artıq mənimlə əməkdaşlığa start verdiklərini bildirdilər. O gün, bu gün, APA doğma evim oldu və mən bu ailənin sevimli üzvünə çevrildim.
Jurnalistikaya gəlməyimə görə qətiyyən peşman deyiləm. Çünki bu çox maraqlı bir peşədir. Başqa redaksiyaları deyə bilmərəm, amma APA-da işləmək çox xoşdur. Bəlkə də APA-ya öyrəşmişəm, ona görə mənə elə gəlir. Lakin düşünürəm ki, mən APA-dan getsəm, yəqin ki, jurnalistikadan da gedəcəyəm”.
“Publika.az” saytının redaktoru Rəbiqə Nazimqızı jurnalistlərə az qala büt kimi baxıb: “Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin məzunuyam. Öz ixtisasım üzrə ötən il Slavyan Univetsitetində bir neçə praktik məşgələ apardım. Ümumiyyətlə, bu, yaradıcılıq fakültəsində və yaradıcı dərslər idi - ənənəvi dərs hesab etmək olmaz.
Orta məktəbdə oxuyanda jurnalist olmaq arzum vardı. Daha çox radioya meyl edirdim. Sirli gəlirdi. Televiziya üçün çox utancaq idim. Amma heç qəzetdə də məni işə götürəcəklərinə inanmırdım. Jurnalistlərə az qala büt kimi baxırdım. Təsadüfən oldu. 2 ya 3-cü kursda idim, bir qohumumla onun işi üçün redaksiyaya getdik. Sözarası qohumum dedi ki, bu qız şeir yazır. Onlar da mənə iş təklif etdilər. Bu, ilk təcrübə idi. Sonra “525-i” (“525-ci qəzet”) tapdım. “525”dən başqa “Detektiv”, “Aydınlıq”, “Alma”, “Yeni Azəbaycan”, “Rabitə dünyası” qəzetlərində, Mədəniyyət və Turizm Nazirliyində layihə üzrə redaktor, Bakı Slavyan Universitetində çalışmışam. Yəqin, yadımdan çıxanlar da oldu.
Hazırda “Publika.az”da redaktoram.
Jurnalistikaya gəldiyim, burada işlədiyim üçün nadir hallarda peşmançılıq ola bilər. Düşünürsən ki, sakit, rahat yaşaya bilərdin. Amma bu işi sevirəm. Həm də tale məsələsi var. Bizim nikahımız göydə kəsilib. Təbiətcə, dinamik adamam, gərgin işi, çevik reaksiya verən həmkarları sevirəm”.
Misranə Həsənzadə