Modern.az

Əli bəy Hüseynzadənin rus və Avropa mədəniyyətinə münasibəti

Əli  bəy Hüseynzadənin  rus və  Avropa mədəniyyətinə münasibəti

9 Oktyabr 2014, 10:34

Müstəqil  Ağayev
AMEA Fəlsəfə və Hüquq İnstitutu
Fəlsəfə və ictimai fikir tarixi şöbəsinin aparıcı elmi işçisi,
fəlsəfə üzrə fəlsəfə doktoru, Qabaqcıl Maarif Xadimi

1887-ci ildə Əli bəy Hüseynzadə Rusiya imperiyasının paytaxtı Peterburqu tərk edib İstanbula gəlməyə məcbur olur. İstanbul darülfünununda təhsilini  davam etdirən  gənc Əli bəy  tələbələr arasında öz istedadı ilə fərqlənmiş, Qərb fəlsəfəsini, ədəbiyyatını və mədəniyyətini tanıtdırmaqda aparıcı bir qüvvəyə çevrilmişdir. 

Hələ tələbə olduğu illərdə , yəni 80-ci illərin axırlarında  Əli bəy Hüseynzadə “Ə”.”H.” imzası ilə İstanbulda nəşr olunan  “Ramazan bağçası” jurnalında Ömər Xəyyamın  bir neçə rübaisini və  onun haqqında  alman alimi  F.Bodenştedtin əsərini, “Səlyani” imzası ilə V.Hötenin  “Faust”undan bir parçanı, H.Heynenin “Zinət verər asimanə əncum”...şeirini, Qahirədə çıxan  “Türk” qəzetində isə XV111 əsr rus şairi Derjavinin  bir şeirini tərcümə edib  türk dilində çap etdirmişdir.

1906-cı il yanvarın birindən Əli bəy Hüseynzadə “Həyat” qəzetininin redaktorluğunu özü etmişdir. Bu qəzetin səhifələrində  onun xeyli məqaləsi çap olunmuşdur. Həmin məqalələri nəzərdən keçirdikdə hiss olunur ki, o, Qərbin texniki, mədəni tərəqqisinin  nailiyyətlərinə: fəlsəfəsinə , tarixinə və sosioloji nəzəriyyələrinə   yaxından bələd idi.

Bu qəzetin səhifələrində onun  çap olunmuş məqalələrində  Qərbi Avropanın Fixte, Hegel, Kant, Spenser, Nitsşe, Dyurumheym, Con Stuart Mill kimi  məşhur filosof və onların əsərlərindən tərcümə edilmiş parçalara rast gəlmək olur.  Əli bəy Hüseynzadənin  “Həyat” qəzetinin səhifələrində Qərb və Şərq fəlsəfəsinə, tarixinə, ədəbiyyatına aid çoxlu məqalələri çap olunmuşdur.”Füyuzat” jurnalının səhifələrində rus şairi Derjavin haqqında məlumat verilmuş və onun şeirindən bir parça çap olunmuşdur.

L.N.Tolstoy haqqında  “Füyuzat”da bir neçə  məqalə dərc olunmuşdur.  Görkəmli rus alimi Mendeleyev haqqında verilən yazı onun barəsində oxucularda  tam təsəvvür yaradırdı.  Jurnalın səhifələrində Qərbi Avropanın Şekspir, Bayron, Höte, Hüqo və sair bu kimi məşhur şair və nasirlərinin haqqında yazılar dərc edilmiş və əsərlərindən tərcümələr verilmişdir.

 Şekspirin “Yuli Sezar” və Hötenin “Faust”undan verilən tərcümələr də maraqlıdır.  Ümumiyyətlə, Əli bəy Hüseynzadə təkcə Azərbaycanda yox, hətta Yaxın Şərqdə Qərb mədəniyyətini yayan ilk təbliğatçılardan biri olmuşdur.

Əli bəy Hüseynzadə Bakıda yaşadığı dövrdə elmi-nəzəri, fəlsəfi əsərlərindən başqa, bədii yaradıcılığa da  əhəmiyyət verirdi. Onun görkəmli rus yazıçısı A.P.Çexovun “Qlaflı adam” hekayəsinə  nəzirə olaraq yazdığı povesti və “Siyasəti-Fürusət” adlı iri həcmli traktatı mövcuddur.

“ Ey zəncirlərin zəbt və təqyid edəmədiyi düha, əbədi ruh, ey hürriyyət! Sənin rövnəq və cəlalın  zindanlarda daha müşəşədir.  Könüldən yapılmış olan aramgahını  orada bünyad edərsən...Sənin məhəbbətindən başqa heç bir şey o könülləri müqəyyəd qılmaz. Aşiqlərin zəncirində olduqları və bir məhbəsin rütubətli  zülmətinə müstəğrəq bulunduqları zaman  vətənləri onların fədakarlıqları sayəsində  məzhəri-zəfər olur və tairi-istiqlal hər ruzigardan qanad istiarə edər”.( “Həyat” qəzeti, 68-ci sayı, 1906).

Bu sözlər  Əli bəy Hüseynzadənin məşhur İngilis şairi Corc Bayronun  “ Şilyon məhbusu” poemasının türk mühərriri Abdulla Cövdət tərəfindən türkcə tərcüməsindən bəhs olunan “İngilis əşarı türk dilində” və “Şilyon məhbusu”  adlı məqaləsindən götürülmüşdür.

Bayronun başqa əsərlərində olduğu kimi, bu poemasında da  milli istiqlaliyyət uğrunda mübarizə və xalq inqilabının labüdlüyü ideyaları  tərənnüm olunmuşdur.

“Şilyon məhbusu”nda hadisələr İsveç xalqının milli qəhrəmanı, Şilyon qalasında həbs olunan  Banivarın dili ilə nəql olunur: “İnsanlar zəncirlər içində zəbun olmaq üçün doğulmamışlar!” sözləri zülm və əsarətə qarşı  üsyan demək idi.  Poemanın bu ideyası Əli bəy Hüseynzadəni cəlb etmiş və o, əsərin həmin dövrdə, yəni birinci rus inqilabı illərində Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizə apardığı dövrdə türk dilinə tərcümə edilməsinə böyük bir hadisə kimi baxırdı və yazırdı:” Bu gün türkcədən başqa dil bilməyənlər dəxi lord Bayron kimi müəzzəm bir ingilis şairinin  asari-hürriyyətpərvəranəsindən  müstəfiz və zövqyab  ola bilərlər”.

Əli bəy Hüseynzadəyə görə,  Bayron əsərinin hər bir amalı, hər bir fikri türk oxucusuna yaxındır. Məhz buna görə də “Şilyon məhbusu”nun türk dilinə tərcüməsindən bəhs olunan həmin məqalədə ədib  əsərin nə tərcüməsi, nə şeiriyyəti haqqında deyil, əsasən poemanın ideyasını təbliğ etmək istəmiş və bu məqsədlə də  məqaləsində poemanın  əvvəlində verilən “sonrt”dən geniş bəhs etmişdir.

Məlumdur ki, respublikacıların inqilabi mübarizələrindən ruhlanan Bayron özünün azadpərvər ideyalarını  qabarıq vermək üçün əsərinə  “Şilyon haqqında sonet” adlı hissə əlavə etmişdir.Sonet poemada şairin deyə bilmədiklərini tamamlayırdı. Bu sonet poemada “əbədi azadlıq şərəfinə himn”kimi səslənirdi.

Bunu da qeyd etməliyik ki, “Şilyon məhbusu”nu ilk dəfə rus dilinə tərcümə edən V.A.Jukovski həmin soneti öz tərcüməsində verməmişdir.  Bu da təsadüfi deyildi. Bayronun mütləqiyyətə qarşı mübarizəsini tərənnüm edən sonet saraya yaxın olan Jukovskinin məsləkinə uyğun gəlməmişdir.  Lakin Abdulla Cövdət  “Şilyon məhbusu”nu tərcümə edərkən, həmin soneti eynilə vermişdir.

Çünki Şərqdə milli azadlıq uğrunda mübarizələrin alovlandığı bir dövrdə  Bayron  sonetinin milli əsarətə  və irticaya qarşı mübarizə ideyası  həm A.Cövdətin və həm də Əli bəy Hüseynzadənin siyasi məqsədləri üşün əlverişli idi. Əli bəy Hüseynzadə  poemanın hürriyyətpərvərlik  ideya məzmununu bütün dolğunluğu ilə azərbaycanlı oxucusuna çatdırmaq üçün  şairin mübariz ruhunu, azadlığa susamış hisslərini ifadə edən soneti “hürriyyət haqqında binəzir olan mənzumə” adlandıraraq,  onun haqqında geniş məlumat verir.

Elə buna görədir ki,  “Şilyon məhbusu” poeması  türk dilində bir tərcümə əsəri olmaqdan daha çox orijinal bir əsər kimi səslənir. Bu isə, yəni Əli bəy Hüseynzadənin heyrətamiz məhəbbətlə, fövqəladə orijinal bir istedadla  bəşər mədəniyyətinin  zəngin nailiyyətlərindən  bəhrələnmək və təbliğ etmək təbiətindən, ədibin bu böyük sənətkarın qəlbindən gələn alovlu arzuları xalqa çatdırmaq tələblərindən doğurdu.

Ümumiyyətlə, Əli bəy Hüseynzadə çoxcəhətli fəaliyyətində  dünya ədəbiyyatının görkəmli təbliğatçısı, istedadlı tərcüməçisi kimi  ədəbi ictimaiyyətin diqqətini cəlb etmişdir. O, məqalələrində dünya mədəniyyətini sadəcə təbliğ etmir, onun nailiyyətlərindən öyrənmək zəruriyyətini irəli sürür, müasiri olduğu şairlərə məsləhət görürdü ki, “şeir yazmaq üçün Puşkinlərin, Lermontovların, Şillerlərin, Hüqoların, Senkeviçlərin, MollaCamilərin, Şeyx Nizamilərin, F.Əttarların əsərlərinə müraciət etsinlər, bunları türkcəyə nəql edib xalqımıza çatdırsınlar”.

Milli bədii fikri dünya ədəbiyyatı hesabına daha da inkişaf etdirmək Əli bəy Hüseynzadənin məqalələrinin ən yaxşı cəhətlərindən idi.  O, rus və Avropa klassiklərini təkcə tərcümə etmirdi, həm də öz məramı ilə səsləşən ideyaları  klassiklərin yaradıcılığında axtarırdı və tapırdı.  Onların əsərlərində, hər şeydən əvvəl, ədalətsizliyə,hüquqsuzluğa və ictimai haqsızlığa qarşı  kəskin etiraz görürdü.

Bu mütərəqqi  mübariz ideyalar Əli bəy Hüseynzadəyə  xalqının milli azadlıq hərəkatının  düşmənləri ilə ideya mübarizəsində  mənəvi dayağa çevrilmişdi.  Əsarət və istibdadı tənqid edəndə  Qoqolun “Ölü canlar”, Turgenevin “ Ovçunun xatirələri”ni, Şillerin “Vilhelm Tel”, C Sviftin “Qulliverin səyahəti”ni, Qriboyedovun “Ağıldan bəla”sını, zəmanəsinin Şekspiri” adlandırdığı İbsen yaradıcılığının ifşaçı pafosunu, sərt realizmini yada salırdısa,inqilabi hadisələrin  vüsəti ilə N.Kamalın, Dostoyevskinin, Bayronun azadlıq ideyalarını tərənnüm edirdi.

Əli bəy Hüseynzadənin bu yazıları o dövrdə Azərbaycan xalqının  Avropa və rus ədəbiyyatı və onun bəddi sənət tarixi ilə, mütərəqqi ideyaları ilə tanışlığına, ədəbiyyatımızın dünya mədəniyyətinin  nailiyyətləri əsasında inkişafına da ciddi təsir göstərmişdir.

Milli tərəqqimizin Qərb  sivilizasiyası nailiyyətlərinə yiyələnməyə gəlincə, Əli bəy Hüseynzadə xəbərdarlıq edidi ki, “ fəqət bu cəhətdən dəxi zəvahirə aldanmayıb, bu mədəniyyətlərin din və qövmiyyətlərə deyil, bəlkə, bütün bəşəriyyətə onun əsaslarını mütaliə ilə əsbabi-tərəqqi və rifahiyyətlərin dini-islama tövfiqən millətimizin tərəqqiyatına tətbiq etməliyiz”( “Həyat” qəzeti, sayı 9, 1905-ci il).

Əli bəy Hüseynzadənin hürriyyətpərəstliyi, azadlıq aşiqliyi onun dünyagörüşünün ən dərin qatlarından, fəlsəfi məfkurəsindən birbaşa nəşət edirdi. Dahi yazıçı Lev Tolstoyun ardınca( yeri gəlmişkən, bu peyğəmbər timsallı insanın təliminə dair o, ”Tolstoylçuluq nədir?” adlı xüsusi əsər yazmışdır), “nicat məhəbbətdədir”- deyən metəfəkkir bu fikirdə idi ki, bütün vəhşiliklərin, qətlü qarətlərin son səbəbi insanların onlara öz peyğəmbərləri tərəfindən  təlqin edilən  “bəni-növə məhəbbət və müavinət et” məsləkinə bağlanmamalarıdır. Bunun özünü də  ictimai amillərlə, insanların yaşadıqları cəmiyyətin kamillik dərəcəsi ilə  əlaqələndirirdi.

İctimai fikir tariximizdə Əli bəy Hüseynzadənin  ən böyük xidmətlərindən biri Azərbaycan xalqını, bu xalqın görkəmli ədiblərini, yazıçılarını Qərb mədəniyyəti ilə tanış etməsi oldu. O deyirdi ki, Qərb mədəniyyətindən ayrı-ayrı millətlər və dinlərə aid olan xüsusiyyətləri deyil, bu mədəniyyətin ümumbəşəri sərvətlərini götürməli, onu öz mədəniyyətimizin tərkibinə almalıyıq..  Əgər belə olmasa, biz öz həyati varlığımızı itirə bilərik.   

Qərb mədəniyyətinə tənqidsiz yanaşmaq, açıqdan-açığa. mənfi halları tamamilə xeyirli, müsbət kimi götürmək bəzilərinin materializm, ateizm və sair kimi  dəhşətli xəstəlilərə aludə olmasına gətirib çıxarmışdır. Əli bəy Hüseynzadənin fikrincə, hər bir din inkişafın təkamül mərhələsini keçirir.O,belə bir müddəanı irəli sürür və əsaslandırırdı ki,  dünya mədəniyyətinin inkişafı əsasında regional (bölgə) mədəniyyətlərin (Şərq və Qərb) irsi münasibətləri vardır.

Bununla əlaqədar olaraq, o, dünya mədəniyyətinin dairəvi inkişaf mərhələləri barəsində maraqlı mülahizələr söyləyir və belə bir nəticəyə gəlir ki, Qərb və Şərqin irəliləməsi ancaq bu iki regionun (bölgənin)bir-birini tamamlaması və bir-birini zənginlədirməsi yolu ilə baş verə bilər.. Buna görə də ömrünün sonuna qədər “Avropalaşma” xəttini irəli sürmüş və bu ideyanın reallaşması, həyata keçirilməsi uğrunda böyük səy göstərmişdir.

Yeni ədəbiyyatın inkişaf edib formalaşmasında Avropa mədəniyyətinə böyük ehtiyac olduğunu qeyd edir və göstərir ki, bu ədəbiyyatın gecikməsinin başlıca səbəblərindən biri Azərbaycan ədiblərinin və şairlərinin  Avropa mədəniyyəti ilə hələ hərtərəfli və dərindən tanış ola bilməmələridir.                                                    

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI