“Bir dəfə Kəlbəcərdən bizə nar gətirəndə anladıq ki, Həsən həqiqətən də işğal altındakı torpaqlarımıza gedib-gəlir”
Qəbrini ziyarətə gəlmişik, Vətən oğlu! İllərdir vətən həsrətiylə yanıb-tutuşan vücudunun uyuduğu məzarı ziyarət etməyi Modern.az əməkdaşları olaraq özümüzün vətəndaşlıq borcu bildik. Baş ucunda Azərbaycan və Türkiyə bayraqlarının dalğalandığı məzarında rahat uyu, Vətən oğlu!
Ölüm haqdır, amma sən hər kəsə qismət olmayan bir ölümü dadmısan. İllərdir vətənindən didərgin düşən 1 milyon 200 min qaçqın-köçkünə qismət olmayan “vətəndə ölmək” arzusuna çatmısan!
Bir yerlərdən görürsən yəqin, balaca qızın Ləman sənin yoxluğundan 2-3 gündür xəbər tutub. Özünə heç yer tapa bilmir. Məzarının şəkillərini görüb elə haray qoparır ki...
Jurnalist olduğumuzu biləndə öncə “məni çəkməyin” deyib, ağlayan balaca qızcığaz çox keçmədi ki, Həsənin otaqda qoyulan şəklinin yanında durub, “məni atamla” çəkin dedi... Çəkdik, həyata qədəmlərini yenicə qoyan Ləmanla, gülüşü şəkillərdə donan atası Həsən Həsənovu...
Həyat yoldaşı Vüsalə xanım onun yoxluğuna hələ də alışa bilməyib. Yasa gələnlərin “Allah rəhmət etsin” deməsi onda qəribə qıcıq yaradır. “Həsən mənim üçün ölməyib” deyir.
Həsənlə birlikdə qeyd etdikləri sonuncu - 36 yaşının xatirələri əks olunan fotoları göstərəndə üzündə özü də hiss etmədən sevgi dolu bir təbəssüm yarandı onun. Birlikdə sonuncu dəfə getdikləri toy rəsimlərini demirəm hələ...
Orta məktəbdə müəllimə işləyən Vüsalə xanım həm də qızı Ləmana dərs deyir. Ləman bu ildən məktəb həyatına qədəm qoyub. Həsənin böyük qızı Özləm isə 6-cı sinif şagirdidir. O, kiçik bacısına nisbətən daha təmkinlidir.
Həsənin anası Gilas ana deyir ki, Həsən Özləmi hər yerə aparırdı. “Torpaqlarımızın işğal günlərində keçirilən tədbirlərə, şəhidlər xiyabanına tez-tez gedirdilər. Elə bil Özləmi bu gün üçün hazılamışdı Həsən”.
“Yarından doymayan balam”, “qurub yaratdığı evində doyunca yaşamayan balam” deyib fəryad edən Gilas ana:
“Həsən Vətəni məndən çox sevirdi, ona görə qulaq asmadı bizə. Dəfələrlə o tərəflərə getdiyini eşitmişdik. Amma əmin deyildik. Bir dəfə Kəlbəcərə gedib ordan bizə nar gətirəndə anladıq ki, Həsən həqiqətən də işğal altındakı torpaqlarımıza gedib-gəlir”.
Dəfələrlə anası, bacıları, həyat yoldaşı “getmə” desələr də, Həsən içindəki Vətən sevdasına güc gələ bilmədi. “Ay ana, torpaq bizi gözləyir, mən getməyim, o getməsin, bəs kim getsin o yerlərə?..” deyib ona görə narahat olanları sakitləşdirimiş...
Həsən getdi, çoxlarına qismət olmayan bir ölümə doğru addımladı. İllərdir vətənindən didərgin düşən ahıllar vətəndə ölməyi arzulayarkən, o çox gənc yaşında bu arzuya doğru irəlilədi. Və onu reallaşdırdı...
Başdaşı yerinə qoyulan şəkildən boylanan məğrur baxışlar... O baxışlar sanki “ağlamayın” deyir insana. Haqlıdır da. Sənin kimi övladı olan Vətən ağlamamalıdır. Sənin kimi atası olan Özləm də, Ləman da ağlamamalıdır, Vətən oğlu!
Vətən sağ olsun, Həsən! Gilas ana sağ olsun ki, sənin kimi oğul böyüdüb!
Gülşən RAUFQIZI