Modern.az saytı "Jurnalist Mahir Qabiloğlunun əmiləri" adlı rubrikaya başlayır. Rubrikada həmkarımız Mahir Qabiloğlu vaxtilə ünsiyyətdə olmuş, ailəvi yaxınlıq etmiş tanınmış ədəbiyyat, mədəniyyət xadimləri haqda yazacaq. Jurnalist ilk yazısını şair Tofiq Mütəllibova həsr edib.
Mahir Qabiloğlu
Mənim əmilərim. Mənim doğma əmim olmasa da, əmi tərəfdən lap bolam. Özü də ki, necə əmilər. Onlar mənim yaddaşımdadır. Hərdən bir dostlarla yada salıram. Əmlərimin adını deyirəm. Gözlərini döyürlər. “Tanımadım” deyirlər. Od götürürəm. “Necə yəni tanımadınız?” Soruşuram. Yenə də çiyinlərini çəkib, donuq gözləriylə üzümə dururlar. Amma bircə misra deyirəm. VƏ..........
Tofiq Mütəllibov bu dünyada cəmi 63 il yaşadı. 30 kitabın, 300 mahnının müəllifi oldu. Mənə ona “əmi” deyə müraciət etmək cəmi iki il qismət oldu. 9-cu mikrorayonda yazıçılar üçün tikilən kooperativ binada qonşu idik. Oğlu Vüqar, qızları Sevinc və Çinarə ilə dost idik. Amma ölüm onu bizdən ayırdı. Sonra oğlu Vüqar da bir cinayətin qurbanı oldu. Daha sonra ordan köçdülər.
Son vaxtlar bir xasiyyət məndə peyda olub. Gənc nəsillə (30-45 yaş) söhbət edəndə belə bir sual verirəm. İlk sualım isə bugünkü yazımın mövzusu oldu. “Sən Tofiq Mütəllibovu tanıyırsanmı?” İnandırım sizi ki, bir nəfər də bu suala “hə” cavabı vermədi. Pərt oldum. İki misra oxudum. Üzləri güldü. “Bunu Tofiq Mütəllibov yazıb?” dedilər. Mən də sevindim. İstədim ki, sevincimi sizinlə də bölüşüm. 20-ci əsr Azərbaycan ədəbiyyatının dünya şöhrətli nümayəndəsi Tofiq Mütəllibovu siz də tanıyın. Daha doğrusu yaddan çıxarmayın. Sadəcə mənimlə oxuyun. Həm üzünüz gülsün, həm də mənim əmim Tofiq Mütəllibovun və üzünü görmədiyim bəstəkar Qəmbər Hüseynlinin də ruhu şad olsun. Bir daha əmin olun ki, dahilik sadəlikdədir. 20 yaşlı Tofiq Mütəllibovun qələmindən çıxan və bütün dünyanı dolaşan sadəlikdə:
Cip, cip, cücələrim,
Mənim qəşəng cücələrim
Tükü ipək cücələrim.
Gözləyirəm tez gələsiz,
Göy çəməndə dincələsiz,
Ay mənim cücələrim,
Mənim qəşəng cücələrim
Tükü ipək cücələrim.
Cip-cip-cip cücələrim.
Arzum budur boy atasız
Ananıza tez çatasınız
Ay mənim cücələrim,
Mənim qəşəng cücələrim
Tükü ipək cücələrim.
Cip-cip-cip cücələrim,
Gəlin sizə yemək verim
Dən, su verim, çörək verim
Ay mənim cücələrim,
Mənim qəşəng cücələrim
Tükü ipək cücələrim.
Cip-cip-cip cücələrim,
Cip-cip,cip.