Atasının ilkisi,
Burnu qara tülküsü.
Bu misraları ilkim olan qızım körpə Suğraya deyəndə gülür, sanki başa düşürmüş kimi əllərini yuxarı qaldırıb oynadırdı. Ailənin ilki olmaq böyük xoşbəxtlik sayılır. Lap özümdən götürüm. Mən dünyaya gələndə çox adama titul vermişəm. Mənim sayəmdə ata, ana, dayı, xala, baba, nənə olublar. Bu bir ailənin, yaxud da hər bir ailənin yaşadığı sevincdir. Yəqin ki, mənim ilk cümlələrim hamınıza çox doğma gəldi. Əmir Mustafayev də ailənin ilk nəvəsi oldu. Yazıçı-jurnalist Əmir Mustafayevə babalıq titulu verdi.
QONŞU ƏMİR MUSTAFAYEV
Sovetlərin vaxtında yazıçılar aləmində dövlətin təsbit etdiyi bir qanun vardı. Rəsmi dildə desək, kim öz yaradıcılıq şəraitini daha da yaxşılaşdırsaydı, yəni ki, yeni, daha yaxşı mənzilə köçsəydi, köhnə evini Yazıçılar İttifaqına təhvil verməliydi. O mənzilə də növbəsi çatmış başqa bir yazıçı ailəsi köçməliydi. Bizdən bir mərtəbə yuxarıda xalq şairi Samvel Qriqoryan yaşayırdı. O köçəndən sonra bu ev Elçin Əfəndiyevə verildi. İlyas Əfəndiyev Domsovetin arxasında daha yaxşı ev aldıqdan sonra Elçin elə həmin binada yaşamış atasının mənzilinə köçdü, ata-baba yurduna yiyə durdu. O evə Yasamaldakı mənzilini təhvil verən Əmir Mustafayev köçdü. Əmir Mustafayevi – Əmir əmini ilk dəfə onda tanıdım.
Gözəl ailəsi vardı. Həyat yoldaşı Ofelya xala, oğlu Samir, qızı Samirə. Mənimlə yaşıd idilər. Çəmənzəminlinin nəvələri Leyla və Yusif, Zeynal Xəlilin nəvələri Vildan, Vüqar və Aygün, Xəyyam Mirzəzadənin oğlanları Fəxri və Pərvin, İsa Hüseynovun qızı Sevincdən ibarət həmyaşıdlar dəstəsinə Samirlə Samirə də qoşuldular. Bir sözlə atalarımız dost idisə, biz də dost olmalıydıq. Bakı dilində buna məhlə uşağı da deyirdilər.
VƏZİFƏ BÖLGÜSÜ
İsti yay günlərindən biri idi. Üçüncü sinfə keçmişdim. Yay tətilindəydim. Atam maşını qarajdan çıxartdı. “Dənizə gedirik” dedi. Əmir əmini hayladı. Oturduq maşına yola düşdük. Yolüstü Domsovetin arxasındakı binanın qarşısında İsmayıl Şıxlı – İsmayıl əmi də maşına əyləşdi. O dövrdə atam “Azərbaycan” jurnalında şöbə müdiri idi. Baş redaktor isə yox idi. Bu vəzifəni baş redaktorun müavini, şair Novruz Gəncəli icra edirdi. Gəldik çıxdıq Pirşağı sahillərinə. Atam turist stol-stulunu açdı. Üstünə qəzet saldı. Əvvəlcədən hazırladığı azuqəni süfrəyə düzdü. Azuqə deyib sizi nigaran qoymayım. Soyutma kartof, yumurta, təzə pomidor-xiyar, pendir, kolbasa, çörək, Vinzavod-2-nin arağı, mineralnı, balıq konservası. Süfrəni düzəldib dedi ki, bir suya baş vurub gəlirəm. Azca keçməmiş qayıtdı. Araq açıldı. Badələrə süzüldü. Sağlıq deyildi. Əlbəttə ki, birinci İsmayıl Şıxlının sağlığına. Böyük o idi. Bir az zakuskadan sonra atam təklif verdi ki, girək bir çimək, sonra davam edərik. Tez stolun üstündəki yeməkləri baqaja yığdıq ki, birdən sahildə gəzən ac-yalavac itlər daraşar. Baş vurduq suya. Sahildən xeyli uzaqlaşdıq. Su boy verirdi. Bu zaman İsmayıl əmi:
- Qabil, bu gün dedilər ki, gəl “Azərbaycan” jurnalına rəhbərlik elə.
- Əla, mirzə. Razı oldun?
- Yox.
- Niyə?
- Nəsə istəmirəm. Kiminlə işləyəcəyəm ki? Üz-göz olacağam yazıçılarla.
İsmayıl əmi vəzifə sevməzdi, vəzifədən qaçan adam idi. Lenin adına Pedaqoji universitetdə dərs deməyi – müəllimliyi bütün vəzifələrdən üstün tuturdu. Abrını da qoruyan adam idi. Heç kimin xətrinə dəyməyi xoşlamazdı. “Azərbaycan” jurnalı da çox qəliz yer sayılırdı. Yüksək qonorar fondu vardı. İstəsən də istəməsən də kiminsə iqtisadi ayağını tapdalayacaqdın.
- Ay mirzə,- deyə atam dilləndi,- mən ölməmişəm ki? Götürərsən özünə müavin – sənə kömək edərəm.
- Yaxşı, Qabil, tutaq ki, səni müavin götürdüm. Bəs məsul katib?
- Məsul katib də olsun Əmir. Əmirdən yaxşısını tapacaqsan? Əl-ələ verib işləyərik.
Xəzərin qoynunda, su boy verən yerdə aparılan vəzifə bölgüsü ertəsi gün Yazıçılar İttifaqının iclasında öz rəsmi təsdiqini tapdı. İsmayıl Şıxlı baş redaktor oldu, Qabil müavin, Əmir Mustafayev isə məsul katib.
ƏMİR ƏMİ İÇƏN DEYİLDİ...
Əmir əmi spirtli içki içmirdi. Amma qəribəsi o idi ki, bizdə yemək-içmək məclisi olanda o da dəvətlilər sırasında olurdu. Sadəcə badəni toqquşdurar, dodağına vurub yerə qoyardı. Atam ha tövr edirdisə, “yoldan çıxara bilmirdi” Əmir əmini.
Yaradıcı aləmdə belə bir qayda var. Yazıçı yazdığını çapa verənəcən kiməsə oxumalıdır. Bu baxımdan ilk əlinə keçən arvadı olur. Sonra isə zövqünə inandığı dostlar gəlir. Atam yenicə rübailər yazmağa başlamışdı. Günə hardasa ikisini, ya birini yazırdı. Təsəvvür edin də - bir günə dörd misra. Sonra zəng edirdi Əmir əmiyə ki, “düş aşağı”. O da gəlirdi.
- Əmir qulaq as.
Kişi adam vurar, adam dolamaz,
Kişi təslim olar, quyruq bulamaz!
Arvad qabağında boşqab sındırıb,
Kişi qabağında boşqab yalamaz!
Necədi, Əmir?
- Əla, Qabil müəllim.
- Onda bunu yumaq lazımdır.
Tez süfrə açılırdı. Allah verəndən düzülürdü stola. Əmir əmi “İç də!” təzyiqlərinə tab gətirirdi. Amma 870 rübaidən 340-cı dünyaya gələndə Əmir əmi “sındı”. Oldu əsl yeyib-içən oğlan.
İNCİKLİK
1993-cü ildə Əmir əminin hansısa şəxs haqqında məqaləsi çıxmışdı. Bu da atamı çox əsəbiləşdirmişdi. Həcvə yaxın bir şeir yazıb çap elətdirdi. Amma hirsi soyuyandan sonra ona “Şeytana lənət” adlı şeir də həsr elədi Əmir əmiyə.
Ürəyimdə salam-kəlam xiffəti,
Bu xiffəti yozan şeytana lənət.
Müqəddəsmiş qonşuluğun ülfəti –
Bu ülfəti pozan şeytana lənət.
Sənnən böyük, sənnən uşağam, Əmir!
Küdurətdən-kinnən uzağam, Əmir!
Sən də yarpaq, mən də yarpağam, Əmir,
Novruz günü qopan tufana lənət!
Kaş qəlbimə toxunanda dinəydim,
Ağzın üstə tərs şilləyə dönəydim.
Sən qalxaydın, mən də bir az enəydim
O mərtəbə, o pilləkana lənət!
Yaxınların yaxınısan bizə sən,
İnanmıram bu küsüyə dözəsən.
Rəva qıldın niyə köntöy sözə sən
Həmən cümlə, həmən lisana lənət!
Çıxmasın ki, üzrü xəlvət istərəm...
Olan olub... gəlib minnət istərəm...
Bərpasına möhtac hörmət istərəm
İpək telə mürgə salana lənət!
Saralacaq qəzetlərin varağı...
Silinəcək həm haqqı, həm nahaqqı.
Sönməyəcək qonşuluğun çırağı –
Bu çırağa əli uzana... lənət!
İynə-sancaq bükülməsin əsgiyə...
Nə ehtiyac adam boğan tüstüyə?
Gəl, əl verək, keçsin isti istiyə
Pünhan-pünhan körük basana lənət!
Biz kişiyik, düzələcək aramız,
Bir sağlıqla sağalacaq yaramız...
Arvad-uşaq arasında aramız
Belə qalsa – anda-amana lənət!
Bu pilləkan – son mənzilin yoludur,
Bəlkə də son ayın-ilin yoludur,
Həm Əmirin, həm Qabilin yoludur
Qiyamətə qurdla qalana lənət!
29.03.1993
PREZİDENT HEYDƏR ƏLİYEVİN İLKİ
Əmir Mustafayev çox sakit, həlim adam idi. Amma 1985-90-cı illərdə yazılarıyla öz sözünü kəskin deyirdi. Heydər Əliyevə böyük məhəbbətinin təzahürü idi ki, ümummilli lider təqaüdçü həyatı yaşayanda rəhbərlik etdiyi “Respublika” qəzetində onunla bağlı böyük məqalələrini, müsahibələrini oxucularıyla bölüşürdü. Bölüşmək azdır. Əmir Mustafayev əlində qələm Heydər Əliyevin müdafiəsinə qalxanların sırasında ilk jurnalistlərimizdən idi. Təzyiqlərə də məruz qalırdı. Vəzifəsi də kiçildilirdi.
Heydər Əliyevin 1993-cü ilin iyunun 15-də hakimiyyətə qayıdışı proseslərini diqqətlə izləyirdim. Bu olayları Azərbaycan televiziyası canlı yayımlayırdı. Və ilk iclasda Heydər Əliyevin ilk əmri bilirsinizmi nə oldu? Əmir Mustafayev “Azərbaycan” qəzetinin baş redaktoru təyin olundu. 1998-cu ilin dekabrında “Tərəqqi” medalı təsis olunduqdan sonra isə, ilk dəfə bu medala məhz Əmir Mustafayev layiq görüldü. Heydər Əliyev qiymət verdiklərinin sırasında Əmir Mustafayev ilk oldu.
HAVA NECƏ OLACAQ?
Təkrar da olsa qısaca xatırladım. Atam 70 illik yubileyi ərəfəsində “Hava necə olacaq?” adlı şeir yazdı. Müxalifət mətbuatından olan bir qəzetin ünvanını məndən soruşdu. Dedi ki, şeiri ora aparıb verəcəm. Etiraz etdim. Təkidlə “Əmir əmiyə ver, qoy baş redaktoru olduğu “Azərbaycan” qəzetində çap eləsin də...”.
Yox, verməz, -dedi. O suyu üfürə-üfürə içir. Dövlət qəzetində belə şeir verər? Çıxardarlar onu işdən. Amma indıma ram olub bir mərtəbə yuxarı qalxdı. Şeiri Əmir əmiyə verdi. Həmin gün dəng oldum. Elə hey “Əmir onu verməyəcək. Sənə nahaq qulaq asdım” deyirdi. Amma ertəsi günü qəzetdə şeirini görəndə fikrini dəyişdi. Bu şeiri çap eləməyi ilə Əmir əmi vətəndaşlıq mövqeyini bir daha ortaya qoymuşdu.
ƏMİR MUSTAFAYEVİN TOYU
Əmir əmi bu vəzifədə ömrünün sonunacan qalacaqdı. Amma, səhhətiylə bağlı işdən uzaqlaşdı. Prezident təqaüdünə layiq görüldü. Çox keçmədi vəfat etdi.
Oktyabrın 11-i isə Əmir Mustafayevin toyu idi. Yəqin ki, məni düz başa düşdünüz. Yazıçı Əmir Mustafayevin ilki-nəvəsi Əmir Mustafayevin toyu. Mən də iştirak edim. Mustafayevlər ailəsinin sevincinə qoşulub sevindim. Stolun üstündə hər şey vardı. Üç cür “Rossiyski” araq, asaterin balığından hazırlanmış yeməklər, qara-qırmızı kürü, daha nələr, nələr. Müğənnilər, oynayanlar, şadlananlar. Tək bircə şey çatmırdı. Baba Əmir Mustafayevlə, nənə Ofelya xalanın xeyir-duası.