Deputat Etibar Hüseynovun bu gün müxalifətin “Məhsul” stadionundakı mitinqini təhqir etməsi hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadənin narazılığına səbəb olub. Modern.az saytının məlumatına görə deputat Etibar Hüseynov özünün facebook səhifəsində yazdığı qeyddə müxalifətin mitinqinə gedənləri qoyunla müqayisə edib.
Etibar Hüseynovun isə Aydın Mirzəzadəyə cavabı gecikməyib. Deputat özünün facebook hesabında Milli Məclisin YAP-çı üzvünə belə cavab verib:
“Artıq neçənci dəfədir ki, jurnalistlər arasında "HƏRŞEYŞÜNAS" kimi tanınan Aydın Mirzəzadə mənim çıxışlarımı şərh edir, ağıl verir, yol göstərir. Bu adam hələ də anlamır ki, Etibar Hüseynov YAP üzvü deyil, müstəqil deputatdır və onun da öz fikrini müstəqil şəkildə ifadə etmək hüququ var. Elə isə bu adamın hansı haqla mənə təkidlə ağıl verməyə cürət etməsini anlaya bilmirəm. İndiyə qədər bir dəfə də olsun Aydın Mirzəzadənin hansısa YAP üzvünün barəsində bir tənqidi çıxışının və ya iradının şahidi olmamışam. Baxmayaraq ki, YAP üzvləri arasında da müxalifət düşərgəsini məndən də sərt şəkildə tənqid edənlər var. Əksinə, bu adam əksər hallarda bir çox vəzifə sahiblərinin, deputatların nəinki özlərini, hətta onların ərköyün, dəymədüşər balalarının bir çox xoşagəlməz əməllərini belə riyakar və yaltaqcasına müdafiə eləyib. ona görə də dərinə getmək istəmirəm. Sadəcə yerinizi və həddinizi bilin Aydın Mirzəzadə”
Modern.az