Modern.az

Yarımçıq ömrün yadigarları - Mikayıl Müşfiqin nadir FOTOSU

Yarımçıq ömrün yadigarları - Mikayıl Müşfiqin nadir FOTOSU

13 Oktyabr 2014, 02:46

Ədalət Tahirzadə

Salman Mümtazla bağlı məlumatlar almaq, onun həyatının bəzi anlarını öyrənmək məqsədi ilə alimin həmyerlisi, onun faciə tarixinə bələd olan Akademiya şöbəsinin işçisi İsmayıl Xəlilovla bir neçə dəfə görüşüb söhbət etmişəm, hər dəfə də çox dəyərli məsləhətlər almışam. Növbəti görüşümüzdə söhbət 30-cu illərdə ömrü yarımçıq qırılmış ziyalılardan düşəndə İsmayıl müəllim bir yarpaqlıq əlyazmanı seyfindən götürüb mənə verdi, dedi ki, Mikayıl Müşfiqin dustaq olanda yazdığı şeirdir. “Zindandan məktub” adlanan şeir qəzəl formasındadır:

Neçə müddətdir ki, əsirəm, həsrətəm cananə mən,
Nola bu viranədən axır çıxam bir yanə mən.

Məskənim künci-qəfəsdir binəva bülbül kimi,
Layiqi-zindan deyiləm, düşmüşəm zindanə mən.

Ey vəfalı aşnalar, pis günümdür, bir gəlin,
Haqqına varsa günahım cəlb olum divanə mən.

Nə qoyun haqqı arayə, söyləyin təqsirimi.
Neylədim saldız nəzərdən, olmuşam biganə mən?

Bir fəna səngi-mühəngiz sənsən, ey islah evi,
Mərd ölüm xoşdur, gədayə getmərəm dərmanə mən.

Hər gədanı mən könül mülkündə sultan eyləməm,
Yaxşılıqdan başqa bilməm neylədim insanə mən.

Müşfiqa! Yox bu zamanda şairə qiymət verən,
Gör nə bədbəxt imişəm ki, düşmüşəm zindanə mən.

Yazının sonunda “1938” tarixi qoyulub. Şeirin haradan alındığı ilə maraqlandım. İsmayıl müəllim bildirdi ki, onu Əlyazmalar İnstitutunun əməkdaşı, istefada olan polkovnik Mustafa Mustafayevdən götürüb.

Mustafa müəllimlə görüşdüm, şeirin tarixçəsini danışmasını xahiş etdim. Söylədi ki, şeiri ona Bakının Saray kəndində olan, “Üryan” təxəllüsü ilə şeirlər yazan Mirmehdi Məlikzadənin alim oğlu, vaxtilə Akademiyanın Radiasiya Tədqiqatları bölməsində işləmiş Mirkazım Məlikzadə verib. Açığı, o vaxt şeirin hansı yollarla gəlib çatmasının incəliyini öyrənməyə can atmadım. Ancaq onu yaxşı bilirdim ki, Məlikzadələr ailəsi poeziya ilə çox sıx bağlıdır. Mirkazımın da, atası Mirmehdinin də şeirləri Cəfər Rəmzinin “Deyilən söz yadigardır” kitabına salınıb. Ona görə də Müşfiqin əsərinin bu ailəyə necəsə gəlib düşməsi qanunauyğun haldır. Ancaq onu da unutmaq olmaz ki, şeirin Müşfiq qələmindən çıxdığını qeyd-şərtsiz təsdiqləyən heç bir sənəd əldə yoxdur.

Sonra Mustafa müəllim bildirdi ki, o, Mikayıl Müşfiqlə universitetdə bir yerdə oxuyub. “Onun xətrini hamımız çox istəyirdik. Şairin nakam taleyi mənə də çox acı təsir etdi”.

Mustafa müəllim sanki sözlərinin təsdiqi olaraq bir fotonu mənə göstərdi. Baxıram, öndə soldan birinci coğrafiya elmləri namizədi Rəmzi Yüzbaşov əyləşib, onun yanında isə əli tüfəngli Mikayıl Müşfiq. Orta sırada sağdan ikinci, gülümsəyən oğlan isə Mustafa Seyid oğludur.

1928-inci ildə Gəncə qəzasında – Hacıkənddə çəkilmiş (o vaxt tələbələri yay tətilində məşğələlərə aparırdılar) bu tələbə komandasının fotosu ömrün bəlkə də ən qayğısız anlarını əks etdirir. Aradan vur-tut onca il keçəcək və 1938-inci il gələcək, buradakı adamların hərəsi taleyin bir sınağı qarşısında qalacaq...


Şəkildəkilər, soldan. 1-ci sıra: Rəmzi Yüzbaşov, Mikayıl Müşfiq, komandir Kərimov, (?), İslam Kələntərli.
2-ci sırada: 3) Mustafa Mustafayev, Hüseynov.
3-cü sırada: 3) Təmraz.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI