Modern.az

Fermada yaşayan birinci ledi - Narkotikin leqallaşdırılmasına səs verən prezident arvadı - FOTOLAR

Fermada yaşayan birinci ledi - Narkotikin leqallaşdırılmasına səs verən prezident arvadı - FOTOLAR

13 Oktyabr 2014, 10:38

Modern.az saytı “Birinci ledilər” layihəsində xarici ölkələrin dövlət başçılarının xanımları barədə məlumatların təqdimatını davam etdirir. Növbəti yazımız Uruqvayın birinci ledisi haqqındadır.

Uruqvay prezidenti Xose Muxikanı həmvətənləri “el presidente mas pobre adlandırırlar. Bu,  ispan dilində “ən kasıb prezident” deməkdir. 78 yaşlı Muxika prezident kimi aldığı əmək haqqının demək olar hamısını xeyriyyə məqsədilə sərf etdiyindən onu dünyada ən kasıb (yaxud ən əliaçıq) prezident hesab edirlər.

Prezident ayda aldığı 12500 dollardan özünə 1250 dollar (10 faizini) saxlayır: “Mənə bu pul tam bəs edir”, - Muxika deyir.

Cənubi Amerikanın İsveçrəsi


Uruqvayı kasıb ölkə saymaq olmaz. Onu tez-tez Cənubi Amerikanın İsveçrəsi adlandırırlar. Paytaxt Montevideoda qitənin iri banklarının mənzil qərargahları və dünyanın aparıcı sənaye şirkətlərinin ofisləri yerləşir. Səbəb əlverişli investisiya mühitinin olmasıdır. Uruqvay dünyada biznes üçün cəlbediciliyinə görə 17-ci yeri tutur. Bu, prezident Muxikanın sayəsində olub.

Prezidentin xanımı, ölkənin birinci ledisi senator da öz gəlirinin böyük hissəsini xeyriyyəçilik məqsədilə sərf edir. Ərlə-arvad paytaxt Montevideonun ətrafındakı fermada yaşayırlar. Prezident boş vaxtlarında 34 hektar ərazisi olan fermada gül-çiçək və tərəvəz yetişdirir.

Muxikanın prezidentliyi zamanı aldığı ən böyük şey 1945 dollarlıq “Folksvagen Juk”dur. 1935-ci il mayın 20-də Montevideoda anadan olan Xose Muxika Kordano (o, El Pepe kimi tanınır) 2005-ci ildə Lusiya Topolanski ilə evlənib. İndiki birinci ledi o zaman Senatda Muxikanın həmkarı və Xalq Hərəkatının iştirakçısı idi. 2005-ci ildən 2008-ci ilədək heyvandarlıq, torpaq və balıqçılıq naziri işləyib, sonra senator olub.

Xosenin həyat yoldaşı Lusiya əri kimi sadə həyat tərzinə üstünlük verir, nəfsini saxlamağı bacarır. Bir zamanlar o da partizan hərəkatının fəal iştirakçısı olub, sonradan silahı kürək və çapacaqla əvəz edib. Yerli sakinlər deyirlər ki, Xoseni xanımı ilə çox vaxt ikitəkərli öküz arabasında getdiklərini görmək mümkündür.

Marixuananın leqallaşdırılmasına səs verən birinci ledi



Uruqvay dünyada marixuanadan istifadəni leqallaşdıran yeganə ölkədir. Burada marixuananın yetişdirilməsi, satışı və istifadəsi qanuniləşdirilib. Uruqvay Senatı qanun qəbul etməklə əvvəllər qadağan olunan və narkotik ticarətçilərinin marixuananın qara bazarda idarə olunmasına nəzarət etmək niyyətindədir. Ölkə prezidenti, 78 yaşlı Xose Muxika əhalinin üçdə ikisinin narkotikin leqallaşdırılmasının əleyhinə çıxmasına baxmayaraq, qanunu imzalayıb.  Uruqvayın birinci ledisi, senator Lusiya Topolanski qanun 2014-cü ilin aprel ayında qüvvəyə minən kimi deyib ki, bu addım narkotikin qanunsuz dövriyyəsinin və əhalinin fiziki vəziyyətinin profilsktikasına yardımçı olacaq. Yeni qanuna görə lisenziyası olan yaşı 18-dən yuxarı uruqvaylılar hər ay apteklərdən maksimum 40 qram marixuana ala bilirlər, ancaq buna qədər dövlət məlumat bazasında qeydiyyata düşməlidirlər.

Xose Muxika gənc yaşlarında Tupamares partizan hərəkatına qoşulub, sonradan diktatura əleyhinə mübarizədə Uruqvay partizanlarına rəhbərlik edib. 1969-cu ildə bir neçə saat ərzində o və yoldaşları Pando şəhərini ələ keçiriblər. Təhlükəsizlik qüvvələri ilə toqquşmada altı güllə ilə vurulan Muxika yaralanıb. Nəticədə ələ keçir və 14 il (1973-1985-ci illərdə) hərbi həbsxanada saxlanılır və dəfələrlə çox ağır işgəncələrə məruz qalır.

Uruqvayın ilk birinci ledisi



Lusiya Topolanski Saavedra 1944-cü il sentyabrın 25-də anadan olub. O, Uruqvayın ilk birinci ledisidir. Lusiya uşaq vaxtı əkzi bacısı ilə birgə Montevideodakı Sakre-Ker-de-las Hermanas Dominicas kollecində oxuyub. Sonra İnstituto Alfredo Vaskes Acevedoya daxil olub və orada tələbələr gildiyasına üzv olub. Lusiya uzun illər Turamaros partizan hərəkatı ilə bağlı olan xalq hərəkatında iştirak edib. Birinci ledi atası tərəfdən (Luis Topolanski) Polşa əsillidir.

Lusiya Topolanski senator kimi hamı ilə ünsiyyət qurmağı bacarır. Onun əsas vəzifəsindən biri də əri Xose Muxikanın prezident kimi fəaliyyətini izləməkdir. 1973-cü ildəki hərbi çevriliş ərəfəsi demək olar 14 il həbsxanada yatıb. Demokratiyanın qayıdışından sonra 1985-ci ildə o və Muxika amnistiyaya düşüblər. Onlar, nəhayət evləniblər və dəyişiklikləri yalnız seçki qutusu vasitəsilə, heç bir güllə atılmadan davam etdiriblər.

Topolanski seçimini belə izah edib: “Mənim azadlıqla bağlı müəyyən ideyalarım vardı. Konkret siyasi qərar verəndə əlavə heç nə istəmirdim. Sonradan həbs olundum. İndi də ömrümün axırına kimi həyata keçirəcəyim layihələrim var”.

Birinci ledinin müvəqqəti prezidentliyi



O, 2009-cu il seçkilərində 609 nəfərlik siyahıya liderlik edərək senator seçkilərində hamıdan çox səs toplayıb. 2010-cu il noyabrın 10-da prezident Muxikanın və vitse-prezident Danilo Astorinin yoxluğunda prezident səlahiyyətlərini icra edib və müvəqqəti xarakterli olmasına baxmayaraq, Uruqvayın ilk qadın prezidenti olub.

Bu qısa müddət noyabrın 28-dək davam edib.

Sentyabrın 25-də 70 yaşı tamam olan Topolanski hələ də gənclik illərində yaraqlanıb mübarizə aparmasından, hərbi yolla ölkəsində həyata keçirmək istədikləri dəyişikliklərdən danışır. 70-ci illərin əvvəllərində həbs olunan Topolanski həbsxanadan qaçmağı da bacarır. Ancaq Uruqvayda 1973-ci ildəki hərbi çevriliş zamanı yenidən ələ keçir, 14 illik həbsxana həyatında işgəncələrdən əzab çəkir. 1985-ci ildə ölkəsində demokratiyanın qayıtması ilə o və əri Muxika keçmiş partizanlarla birgə amnistiya nəticəsində azadlığa qovuşur.

Uruqvaylıların çoxu, xüsusilə mühafizəkarlar birinci ledini o qədər xoşlamırlar. Montevideo şəhəri ətrafında yaşayanlar tez-tez ona sataşırlar, keçmiş üsyançının adını xatırlayaraq deyirlər: “O, təhlükəlidir, qatildir, oğru və yalançıdır”.

Topolanski həbsxanada “La Tronca” (“ağac gövdəsi”)  ləqəbi ilə tanınıb.



















Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI