Modern.az

Tanınmış alimdən QALMAQALLI açıqlama: “Dərsliklərdə Şəhriyara aid edilən “Azərbaycan” şeiri saxtadır”

Tanınmış alimdən QALMAQALLI açıqlama: “Dərsliklərdə Şəhriyara aid edilən “Azərbaycan” şeiri saxtadır”

13 Oktyabr 2014, 11:28


“Mərhum Məhəmmədhüseyn Şəhriyarın şeirlərinin təhrifi sovet vaxtlarından başlayıb. Bu təhrifçilər arasında Qulamhüseyn Beqdeli, Həmid Məmmədzadə, Mirzə İbrahimov, Nazim Rizvan və səhv etmirəmsə, Cəmilə Şükürova adlı digər ədəbiyyatçını xüsusi qeyd etmək olar”.

Bunu Modern.az-a Tehran Universitetinin müəllimi, Şəhriyar irsinin araşdırmaçılarından olan filoloq-alim Əsgər Fərdi deyib.

“Mən düz 13 il, ta vəfatına qədər Ustad Şəhriyarın xidmətində olmuş və ondan dərs almışam. Bakıda mərhum şairin adına yazılan bir çox mətləblər əslində saxtadır. O cümlədən Azərbaycan Respublikasının orta məktəb dərsliklərində tədris olunan bir  şeiri də. “Könlüm quşu qanad çalmaz sənsiz bir an, Azərbaycan. Xoş günlərin getmir müdam xəyalımdan, Azərbaycan” misraları ilə başlayan bu şeirin Şəhriyara heç bir aidiyyəti yoxdur. Onun farsca yazıldığı və guya Fikrət Sadıqın tərcümə etməsi ağ yalandır”.

Ə. Fərdinin sözlərinə görə, sözügedən şeirin həqiqi və məzmununa görə tam fərqli nüsxəsi 1941-ci ildə qələmə alınıb. “Ba yade Azərbaycan” adlı həmin şeir Şəhriyarın farsca divanının 1-ci cildinə daxil edilib. “Dərsliklərdə verilən “Azərbaycan” şeirinin saxtalığını vaxtilə Bakıda olarkən şərqşünas-alim Rüstəm Əliyev, mərhum Bəxtiyar Vahabzadə, Anar və Qasım Qasımzadəyə çatdırmışam. Fikrət Sadıq da mənə etiraf etdi ki, onun bu məsələdə təqsiri yoxdur, Həmid Məmmədzadə və Qulamhüseyn Beqdelinin təqdfim etdiyi sətri tərcümə əsasında şeiri “abıra salıb””.

Qeyd edək ki, bir müddət əvvəl İranda keçirilən Milli Şeir Günü çərçivəsində M.Şəhriyara həsr olunan tədbirdə də eyni məzmunlu ittihamlar səslənib. Təbrizli şair, “Qafqaz karvanı” kitabının müəllifi Cəlal Məhəmmədi Azərbaycan Respublikasında Ustad Şəhriyarın şeirlərinin ciddi təhriflərə məruz qaldığını iddia edib. C.Məhəmmədi qeyd edib ki, bir sıra çevrələr mərhum şairi bir vaxtlar İranda fəaliyyət göstərmiş kommunist TUDƏ Partiyası ilə əlaqələndirməyə çalışırlar. Bu mənada ədəbiyyatşünaslıqda geniş məlum olan Şəhriyarın Arazın bu tayındakı şairlərlə mənzum məktublaşmasına toxunan C.Məhəmmədi Bakı nəşrlərinin bir çoxunda mərhum şairə məxsus əsərlərin ciddi təhriflərə məruz qaldırdığını iddia edib. Bununla bağlı, iranlı araşdırmaçı bir sıra poetik nümunələri də tədbir iştirakçılarının nəzərinə çatdırıb. 

Araşdırmaçı xüsusi olaraq “Heydərbabaya salam” poemasında İran Azərbaycanının şivəsindən (Təbriz dialekti) istifadə olunduğunu qeyd edərək Azərbaycan Respublikasındakı nəşrlərdə bu şivənin də təhrifə məruz qaldığını vurğulayıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI