“Hazırda Türkiyəyə uçmaq istəyən sərnişinlər Bakı-İstanbul-Bakı reysi üçün 194 manat, Gəncə-İstanbul-Gəncə reysi üçün isə 119 manat ödəməlidirlər. Bir müddət əvvəl isə bu rəqəmlər Bakı-İstanbul-Bakı reysində 174, Gəncə-İstanbul-Gəncə reysində isə 94 manat olub”.
Bunu Türkiyə Hava Yollarının (THY) adının çəkilməsini istəməyəm əməkdaşı Modern.az-a açıqlamasında bildirib. O, qiymətlərin bahalaşmasını avronun məzənnəsinin dəyişməsi ilə əlaqələndirib.
Eyni zamanda məlum olub ki, bir ölkənin iki ayrışəhərindən həyata keçirilən uçuşların qiymətində kəskin fərqin olmasının sadə bir səbəbi var:
“Bakı paytaxt olduğundan qiymətlər nisbətən bahadır. Bu da normal bir şeydir. Əksər dünya ölkələrində bu belədir”, - deyə THY-dan bildiriblər.
AZAL QSC-nin sabiq prezidenti Ədalət Əliyev Modern.az saytına açıqlamasında qiymətlərin qalxmasını yer xidmətlərinin və eyni zamanda yanacağın bahalaşması ilə əlaqələndirib:
“Bu, ilk növbədə Bakı hava limanında xidmətlərin baha, Gəncədə isə ucuz olması ilə əlaqəlidir. Bakıda yeni hava limanı tikildiyindən çəkilən xərcləri də ödəmək lazımdır. Əgər İstanbulda, Bakıda xidmət qiymətləri qalxırsa, hava şirkətlərinin qiymətlərinə də mütləq təsir edir”.
Gülşən RAUFQIZI