Deputat Ərəstun Cavadovu aylarla axtardıqdan sonra çətinliklə müsahibəyə razı sala bildik. Söhbətimiz qısamüddətli olsa da, suallarımız cavabsız qalmadı. Beləliklə, Modern.az-da “Pəncərə” layihəsinin növbəti qonağı mediada çox az gördüyümüz deputat Ərəstun Cavadovdur.
- Sizinlə müsahibəyə gəlməzdən öncə, haqqınızda eşitdiyim fikirlərdən biri belə idi: “Ərəstun müəllim, müsahibə vermir”. Maraqlıdır, sizin haqqınızda niyə belə fikirləşirlər? Bu qədər kənara çəkilməyinizin səbəbi nədir?
- Əvvəla, heç də kənara çəkilməmişəm. İşlərimin başındayam. Sadəcə, hamı məni eyni cür qəbul edib sevə bilməz.
- Ağsu rayonundan seçilən deputatsınız. Seçicilərinizlə görüşləriniz necə keçir? Yəqin onlarla görüşməyə vaxt tapırsınız?
- Lazım olanda seçicilərimlə görüşməyə vaxt tapıram. Hər həftə Ağsu rayonunda oluram, görüşlər keçirirəm. İmkanım daxilində müraciətləri qəbul edib seçicilərimə kömək edirəm. Seçicilərimin problemləri əsasən sosial yönümlü olur. Onlar da tədricən həll olunur. Elə sosial problemlər var ki, mənim səlahiyyətimdə deyil. Buna baxmayaraq, çalışıram ki, həmin problemlər gündəlikdə öz yerlərini tapsınlar. Bayaqkı sualınıza bir daha qayıtmaq istəyirəm. Elə insanlar var ki, gördüyü iş az da olsa, onu çox kimi təsəvvür edir. Məhz bu formada meydana atılan insanlar var. Elə insanlar da var ki, çox iş görürlər, amma özlərini gündəmə gətirmirlər. Belə deyək də, sırf reklam olunmalarını istəmirlər. Bu, insanların özlərini az təqdim etmələri ilə bağlıdır. Məsələn, öz adıma sizin sualınıza cavab vermək istəyirəm. Hər gün nə qədər iş görürəm, vaxtaşırı seçicilərimlə görüşürəm, digər yerlərdə mühüm görüşlər keçirirəm. Amma bunu mətbuata çatdırmağı sevmirəm. Gördüyüm işləri reklam xarakterinə çevirmirəm. Mənə aid olan işləri edirəm. Vacib deyil ki, hər gün gördüyüm işlərin təqdimatını mətbuatda edim.
- İşlərinizlə bağlı xarici ölkələrə səfərlər edə bilirsinizmi?
- Xarici ölkələrə işgüzar səfərlər təşkil etmək parlamentin rəhbərliyindən asılıdır. Əgər məsləhət olunsa, ezamiyyətə göndərirlər. Deputat olmaq o demək deyil ki, xarici ölkələrə özbaşına gedib nəsə etməlidir. Bu rəhbərliyin səlahiyyətində olan işdir.
- Maraqlıdır, deputat həmkarlarınızla yalnız plenar iclas zamanı görüşürsünüz, yoxsa, bu görüşlər tez-tez baş verir?
- Əlbəttə, deputat həmkarlarımla əlaqəli işlərimiz var. Ona görə də tez-tez görüşlər təşkil edirik. Müəyyən respublika tədbirlərində, xeyir-şər mərasimlərində bir yerdə oluruq. Bir sözlə, deputat yoldaşlarımızla sıx əlaqədə oluruq.
- Deputat həmkarlarınızdan söz düşmüşkən, Milli Məclisin plenar iclasları zamanı bir çox deputatlar hər hansı qanun layihəsi ilə bağlı çıxış edirlər? Sizin hər hansı qanun layihəsi ilə çıxış etmək fikriniz olurmu?
- Qanun layihələrini komitənin sədrinə təqdim edirik. Məsləhətli layihədirsə, komitədə araşdırıb sonra plenar iclasa çıxarırıq.
- Səhv etmirəmsə, ikinci dəfədir Milli Məclisə depuat seçilmisiz. Bundan əvvəlki iş prosesinizi necə xatırlayırsınız?
- Əsasən kommersiya sahəsinə rəhbərlik etmişəm. Respublikada nüfuzlu bir təşkilatın, ticarət müəssisəsinin rəhbəri olmuşam.
- Bəlli bir yaşınız var. Bilmirəm, yaşlanmaqdan qorxursunuz yoxsa, yox. Amma, daxilinizdə nostaljı hisslər baş qaldırmamış olmaz?
- Hər yaşın öz fərqli xüsusiyyətləri var. Düşünürəm ki, yaşlanmaqdan heç kəs qorxmamalıdır. Bu, təbii haldır. Nostalji hisslərə gəlincə, keçmiş illərdə kifayət qədər üzərimizə düşən işin öhdəsindən gəlmişik. Yaradıcılıq və quruculuq sahəsində xeyli işlər görmüşük. Həmçinin, deputat səlahiyyətimiz bizə imkan verib ki, seçicilərimizin xidmətində duraq, onlara istənilən sahədə köməklik göstərək. Parlamentdə də hər bir deputatın üzərinə düşən məsuliyyəti biz də dərk edərək işimizin öhdəsindən gəlməyə çalışmışıq.
- Bəs, doğulduğunuz Ağsu rayonunu necə xatırlayırsınız? Sizi daha çox nə sevindirir və daha çox nə kövrəldir?
- Ağsu ilə bağlı təəssüratlarım müxtəlifdir. Elə təəssüratlarım var ki, yadıma düşəndə sevinirəm, kövrəlirəm. Elə təəssüratlarım da var ki, yadıma düşəndə kədər hissi məni boğur. Bu barədə heç danışmaq istəmirəm. İnsan həyatında elə hadisələr baş verir ki, bəzən susmaq ən yaxşı dərman olur.
- Adətən, kövrək insanlar musiqini və kitabları çox sevirlər. Sizin bunlarla aranız necədir?
- Kitab oxumağa o qədər də vaxtım yoxdur. Buna baxmayaraq, musiqiyə qulaq asmağa, kitab oxumağa az da olsa vaxt tapıram. Amma çox kitab oxumağa vaxt çatmır.
- Bəzi həmkarlarınızın futbol oynamaq sevgisindən yəqin ki, xəbəriniz var. Hətta bu yaxınlarda Moskvaya futbol oynamağa getmək fikirləri də gündəmdə idi. Sizin də futbola sevginizin olub-olmadığını bilmək istərdik...
- Keçmiş idmançı kimi futbolu çox sevirəm. İdmana xüsusilə, futbola çox böyük meylim və həvəsim var. Kçmişdə futbol oynamışam. Hətta, yaxşı idmançı dostlarım var. Onlara müəyyən sahələrdə köməkliyimi əsirgəmirəm. İdman insanın həyatının ən mühüm hissəsidir. Ona görə də idmanın bir çox növləri ilə məşğul olmaq vacibdir.
-Tez-tez Ağsuya səfərləriniz olur. Bəs ailə və uşaqlarla birgə zaman keçirə bilirsinizmi?
- Lazımi dərəcədə yox, amma əksər hallarda ailəmə vaxt ayırıram. Çünki iş nə qədər çox olsa da, ailə arxa plana keçməməlidir. Mən belə düşünürəm.
- Müsahibə zamanı sərt simanızın şahidi oldum. Bu sizin siyasi təfəkkürünüzdən irəli gəlir, yoxsa elə belə də doğulmusunuz?
- Bilmirəm, nədənsə hamı məni çox sərt insan kimi qəbul edir. Zahiri görünüşümdə, simamda sərtlik olsa da, heç də belə düşünmürəm. Çünki qəlbimdə sizin dediyiniz sərtlik, qəddarlıq yoxdur. Çox mülayim insanam.
- Mülayim insanın dostları da çox olur. Dostlarınız haqqında nə deyə bilərsiniz?
- Dostlarımı çox sevirəm. Onlarla bir arada olanda daxili rahatlıq tapıram. Allah pis günlər nəsib etməsin. Dostlarımla xeyirdə-şərdə dərdimizi bölüşürük. Dostlarımla müntəzəm görüşməyi, onların ən gözəl günlərində yanlarında olmağı özümə borc bilirəm. Öz həyatımı dostlarsız təsəvvür edə bilmirəm.
- Bir ara rəhbərlik etdiyiniz Mərkəzi Univermaqda qızılın alışı və satışında qiymətlərin aşağı düşməsi ilə bağlı söhbətlər gəzirdi. Hətta indi də bu söz-söhbət kəsilməyib. Keçmiş kommersant kimi bu haqda nə deyə bilərsiz?
- Hazırda bu işlərdən xəbərim yoxdu. Çünki indi deputat fəaliyyəti ilə məşğulam. Ona görə də kammersiya işlərinə vaxt sərf etməyə, bu sahədə baş verən problemlərdən söz açmağa həm vaxtım yoxdur, həm də səlahiyyətimdən kənardır.
Namidə BİNGÖL