Modern.az

Fahişəlik qəbzi

Fahişəlik qəbzi

14 Oktyabr 2014, 11:38

hekayə

– Fahişə!

Aləmzar və Çəmənzar diksindilər.

Zaur dünyadan qopmuşdu, özgə aləmdə idi. Qulaqları batmış, gözləri bulanıq məchul nöqtəyə dikilmişdi.

– Allah şahiddi ki, mən o qızı oğluma almayacaqdım. Təqsir bax bu gədədi, bu atası ölmüşdə. “Ay ana, sevirəm onu”, nə bilim daha nə...

Aləmzar və Çəmənzar dinmədilər, yalnız başlarını tərpətməklə söylənəni təsdiqlədilər.

Zaur yaddaşın iplərindən tutaraq keçmişin dibsiz quyusundan zirvəyə – bu günə çıxmağa çalışırdı. Hə, Aynuru sevmişdi. Lap uşaqlıqdan. O, şəhərdə böyümüş, valideynlərinin bircəciyi, xalis ev uşağı... kəndə-kəsəyə ilk səfərində yeniyetmə qəlbiylə xalası qızına bir könüldən-min könülə aşiq olmuşdu. Həm də dəlicəsinə.

Dörd bacının üçü əyalətdə yaşayırdı. Ata – bir, ana – bir dörd bacıdan birinin – Mahizərin üç qızı vardı. Aynur sonbeşiyi idi. Simuzər şəhərə gəlin köçmüş yeganə bacıydı. Bir oğlu vardı, bircə oğlu. Yaşı otuzu keçmiş Aləmzar və yaşı otuza yaxın Çəmənzar hələ subaydılar.

– Daş başıma, gör nə günə qaldıq, az!

O uzaq avqustda kəndə, böyük xalasının evinə ayaq basdığı ilk gün bağçadakı al-əlvan çiçəklərin əhatəsində Aynuru görəndə bığ yeri yenicə tərləyən Zaur ürəyində əhd elədi ki, böyüyüb bu qızla evlənəcək. Mütləq. Dünya dağılsa da. Başqa heç kimlə.

Könül sevən göyçək olar deyərlər, Aynur doğrudan-doğruya qəşəng qız idi, amma utancaq, qaraqabaq, ayağı yerə toxunmayan, yəni xəyallar aləmində pərvaz edən şəhərli oğlanı əvvəldən bəyənmədi. Bakıya qayıdarkən xəlvəti ötürülən məktubu, Zaurun eşq etirafını elə həmin gün cırıb sobaya atdı.

– Fahişə! – Simuzər içdən elə yanırdı ki, dünyanın bütün seli-suyu onu söndürməyə qabil deyildi. – O qızı verənədək nə qədər minnət qoydular, yadınızdadı?! Neçə kərə ayaq döydüm Mahizərin evinə, xatırlayırsız?!  

Aləmzar və Çəmənzar dinmədilər, yalnız başlarını tərpətməklə söylənəni təsdiqlədilər.

Zaur yaddaşın iplərindən yapışaraq keçmişdən bu günə qədər olan məsafənin yarısına çatmışdı. Hə, yadındaydı, bunu necə unutmaq olardı ki. Bir yay günü Aynur kənddən onlara qonaq gəlmişdi. Anasıyla birgə. Qızdan üç yaş böyük Zaurun sevinci yerə-göyə sığmırdı. Uşaq ikən gördüyü Aynur dünya gözəlinə dönmüşdü. Qaş-kaman, boy-buxun... bu cür qızı necə sevməmək olardı?! Zaur imkan tapan kimi Aynurla baş-başa qalır, öz maraq dünyası ilə qızı cazibəsinə salmağa çalışırdı. Amma oxuduğu kitabların müəllifləri, bəyəndiyi bədii personajların səciyyəsi, son maraqlı jurnal yazıları, xarici filmlərin məzmunu Aynura əsla maraqlı gəlmirdi. Onu düşündürən yalnız Zaurun gələcəyinə dair təxminlər idi: universiteti bitirməsindən sonra hansı peşəni seçəcəyi, hansı vəzifəni tutacağı, alacağı maaş...

İlk baxışdan sadəlövh görünən sualların gizli təmənnadan doğması Zaurun ağlına belə gəlmirdi. Aynura gəlincə, o, iradəsi zəif, qərarlı addım atmaqda çəkingən oğlanın aşiqanə kəlmələrinə ürəyində gülürdü. Zauru dinlədikcə içində götür-qoy edirdi ki, ona ərə gedərsə, hər ay paltar dolabını yeniləmə imkanı olacaqmı, kəndə gedərkən öz görkəmiylə ən azı evdə qartımış bacılarına acıq verə biləcəkmi...

– Fahişə! – Simuzər var-gəl etməyini dayandıraraq divanda əyləşdi. Düz oğluyla üzbəsurət. Başını bacılarına sarı çevirib deyinməyində idi. – Sadıq-sandıq, boğça-boğça pal-paltar apardım Mahizərin evinə, zinəti bəyənmədi, borca girib qır-qızıl aldırdım Dubaydan... qızının hər ad gününə ayrıca hədiyyə, gül dəstəsi, xonça-xonça şirniyyat, kosmetika səbəti... gözündən gəlsin!..

Aləmzar və Çəmənzar dinmədilər, yalnız başlarını tərpətməklə söylənəni təsdiqlədilər.

Zaurun ovucu və barmaqları qançır olmuşdu, yaddaşın iplərindən yapışaraq artıq keçmişin dibsiz quyusundan bu günə qalxmaqda çətinlik çəkirdi, yorulmuşdu, aşağıda qalmış zil qaranlıq dibə baxdıqca başı gicəllənirdi. Hə, universiteti bitirər-bitirməz Aynurla nişanlandı, rayon prokurorluğunda müstəntiq işləməyə başladı və elə həmin il evlənərək vüsalına yetişdi. Toy günü, zifaf gecəsinin uğursuzluğunu da unutmamaq gərəkdi, Aynurun tərsliyini, arxasını ona çevirərək yatmasını, sonra nəhayət, ilk və yarımçıq hamiləlik, umu-küsülər, həkim qəbullarına gedişlər, gündəlik söz davaları...

– Fahişə! – Simuzər gözucu oğluna baxdı və yenə üzünü bacılarına sarı tutdu. – Düz iki il oğlumu mal kimi otardı Mahizərin qancıq qızı, düz iki il. Kişi ola bilmədi də bu eşşəyin oğlu, elə atasının tayıdı bədbəxt...

Zaur yaddaşın iplərindən tutub qalxa biləcəyi həddə yetişmişdi, bundan o yana taqəti qalmamışdı. Barmaqları bir-bir açılır, keçmişin acı dolu xatirələr quyusunun dibinə yuvarlanmasına saniyələr qalırdı. Hə, “eşqin gözü kor olur” deyiminin söykənəcəyi var. Aynur məzlum aşiqinin qolundan tutaraq istədiyi yönə aparırdı: restoranlarda şam yeməyi istəkləri, mağazalarda qiymətdən asılı olmayaraq hər bəyəndiyini aldırma, xərclik pul, hər gün artan tələbələr və qarşılığında quruntu – Zaur bu şıltaq, dəcəl qızın onu heç zaman sevməyəcəyini anlaya-anlaya hələ də möcüzəyə ümidliydi. Möcüzə baş vermədi, əksinə... ünvançısı bilinməyən telefon zəngləri, müəmmalı gedişlər, şübhəli davranış və nəhayət, kompüterdə təsadüfən açıq qalmış facebook profilindəki yazışma – Aynur: “Sabahı həsrətlə gözləyirəm, canım. Axır ki, bir dam altında yaşayacağıq, Kamil!”

İsmarışın müəllifi – özü-özünə fahişəlik qəbzi vermiş gənc qadın indi yataq otağında qapadılmışdı. Çığır-bağır, Zaurun üzünə deyilən “Sənə nifrət edirəm!” kəlməsi və inadından dönməyəcəyinə dair and-amandan sonra. Simuzər oğlunun telefonda söylədiyi üç-beş xəsis kəlmədən mətləbi ala-yarımçıq anlayıb başılovlu gəlmişdi. Həm də kənddən qonaq gəlmiş hələ subay bacıları ilə birgə.

– Fahişə! – Simuzər sakitləşə bilmirdi. – Az, bu biabırçılıqdan necə qurtulacağıq, el içində rüsvay olduq.

– Hə, fahişədi, – Zaurun hiddətli kəlməsi qadınları diksindirdi. – boşayacam onu, rədd olub getsin dədəsinin xarabasına!

Üç bacının üçü də bir-birinə baxdı və Simuzər, gəlini əxlaqsızlıq başında yaxalanmış bircə oğul anası hələ də muradına yetişməmiş bacılarının taleyini düşünüb anidən oğlunun dizlərinə döşəndi və yalvarmağa başladı:

– Yox, qurbanın olum, boşama, – gözlərindəki üzüntü və içindəki ağrını oğlunun qəlbinə bələdi. – Onu boşasan, adımız bədnam olar, nəslimizin qapısına elçi düşüb bir daha qız almazlar...

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI