Yetmiş dörd illik sovet hakimiyyəti artıq iyirmi üç ildir ki, tarixin arxivindədir. Bir sıra müsbət addımlarıyla kommunist iqtidarı Azərbaycanın inkişafına təsir etsə də, minlərcə intellekt sahibinin müxtəlif üsullarla məhv edilməsi heç vaxt yaddaşımızdan silinməyəcəkdir.
1936-1939-cu illərdə kənd və qəsəbələrdə, rayon və şəhərlərimizdə olan tanınmış simaların əksəriyyəti ya güllələnmiş ya da sürgünə göndərilərək məhv edilmişdir. Çox az sayda ziyalılarımız represiyyadan qurtula bildi. Araşdırmalar göstərir ki, Azərbaycanda bu faciələrin demək olar ki, hamısı vəzifədə olan ermənilər tərəfindən törədilmişdir…
Represiyyaya məruz qalanlardan biri də babam Məşədi Məhəmməd Məşədi Əziz oğlu Cəfərov idi.
Məhəmməd Cəfərov 1896-cı ildə Ağdam rayonunun Quzanlı kəndində anadan olmuş və Ağdam rayon Xalq Daxili İşlər Komissarlığının (XDİK) 8 saylı orderinə əsasən 4 avqust 1937-ci ildə həbs olunmuşdur…
***
Qeyd edim ki, Məşədi Məhəmmədin ulubabası Alı Quzanlı kəndinin əsasını qoyanlardan hesab olunur.
Quzanlı kəndinin yaranmasının isə maraqlı tarixçəsi var. Kəndin əsası Göyçay rayonunun Qaraməryəm kəndinin yaxınlığında olan Quzanlı kəndindən gələn Alı, Hallac, Həsən və Allahverən tərəfindən qoyulub. Gələnlərin arasında iki Həsən adında şəxs olub. Onlardan biri kəndin tanınmış simalarından olan Molla Mehdinin babası, o birisi isə kəndin “Kommunist” tirəsində yaşayan Bəşirovlar nəslinin ulu babasıdır. Alının və Allahverənin atalarının adı Cəfərqulu olub. Alının törəmələri Cəfərovlar və Kərbalayi Abdulla nəsli aid edilir. Hallac kəndə gəlib torpaq alsa da kəndə qalmadığı deyilir. Kənddə olan “Suddar” tayfası kökünü məhz Hallacdan götürür. Bu günədək onların bir çoxlarının soyadı Hallacov kimi gedir. “Allahverənlilər”də kəndin “Kommunist” tirəsində məskunlaşmışdılar…
Sıralama ilə götürsək Alının oğlunun adı Cəfər, onun oğlunun adı isə Əziz olub. Cəfərov soyadı da məhz Məşədi Məhəmmədin babasının adıyla bağlıdır.
Kəndə gələnlər Sarıcalı bəylərindən olan Salah bəydən torpaq alaraq kəndi yenidən bərpa etmişlər. Qeyd edim ki, Quzan türk tayfalarından birinin adı olub. Və hazırda Rusiyanın Altay diyarında məhz eyni adlı yaşayış məntəqəsinin olduğu deyilir. Çar Rusiyasının hakimiyyəti illərində kənd starteji əhəmiyyətli Ağdaş-Şuşa yolunun üstündə olmuşdu. Bu araba yolu Ləki, Ləmbəran, Quzanlı, Xındırıstan kəndlərindən keçirdi. Kəndin ətrafında Pənah xanın qohumlarına məxsus bir sıra dəyirman və kəhrizlər, hətta Çərkəz bəy Səfərəliyevə məxsus “İstiot” dəyirmanı və “Trikotaj” fabriki fəaliyyət göstərmişdi. Çərkəz bəyin böyük malikanəsi Xaçın çayının kənarında idi.
Sovet dövründə Quzanlı kəndi əvvəlki strateji əhəmiyyətini bir qədər itirsə də, bu illər ərzində əsilli-köklü Quzanlıdan olan çoxsaylı simalar yetişib. Təbib kimi tanınan, hərtərəfli bilik sahibi Üzeyir bəy Hacıbəyovun müəllimi olmuş Molla Mehdi Həsənzadə, axund Molla Məmmədalı, Mirzə Saleh Axundov və bu nəslin layiqli davamçısı olmuş Tələt Əliyev, tar çalan “Quzanlı Bəhrəm” adıyla tanınan Bəhrəm Rüstəmov, oğlu professor, biologiya elmləri doktoru Rüstəm Rüstəmov, inqilabçı Əşrəf Əliyev, kəndin inkişafında layiqli xidməti olmuş Şəmsədin Quliyev və Sahib Əliyevin adları bu gün kənddə fəxrlə çəkilir.
***
Beləliklə, kəndin tanınmış simalarından olan və Şuşa seminariyasında təhsil alan Məşədi Məhəmmədin evində axtarış aparılması barədə iki avqust 1937-ci il tarixində sanksiya verilir…
Istintaq işiylə tanış olmamışdan əvvəl qeyd edim ki, “Lenin yolu” qəzetinin arxivini vərəqləyərkən 1936-cı ilə aid belə bir məlumata rast gəldim. İlin yekunlarıyla bağlı mükafata layiq bilinən zəhmətkeşlərin siyahısında babamın adı da var idi. Həmin ildə Xındırıstanda baş qəbulçu işləyən Məşədi Məhəmmədə ən yüksək 250 rubl pul mükafatı verilmişdi…
Əldə etdiyim istintaq materiallarının bəzi məqamlarına diqqət yetirək…
***
Həbs olunması üçün ilkin dəlillər də 6 nömrəli çıxarışda aşağıdakı şəkildə öz əksini tapmışdır:
“Quzanlı kənd sakini 41 yaşlı Cəfərov Məşədi Məmməd Əziz oğlu - əvvəllər qolçomaq olub, SSRİ vətəndaşıdır, bitərəfdir. Məhkum olunmayıb, lakin 1920-illərdə olan silahlı üsyanlarda iştirak etməklə yanaşı həm də həmin üsyanlara başçılıq etmişdi. İri qolçomaq təsərrüfatına malik olmuş, bandit dəstələri arasında sıx əlaqəsi olmaqla yanaşı, faşistlərə böyük simpatiyası ilə seçilib…
4 avqust 1937-ci ildə Ağdam XDİŞ-in əməliyyat müvəkkilinin köməkçisi Sadıxovun iştirakı ilə 8 saylı orderə əsasən Cəfərov Məhəmmədin evində axtarış aparılmış və aşağıdakılar müsadirə edilərək götürülmüşdür:
1. 12 kalibirli silah - 1 ədəd
2. Dolu güllə - 37 ədəd
3. Drab - 200 qram
4. Boş güllə - 57 ədəd
5. Patrondaş – 1 ədəd
6. Ov bıçağı -1 ədəd
7. Cəfərov Məmməd Əziz oğlunun adına verilmiş JB № 070516 saylı pasport -1 ədəd
8. Cəfərov Məmməd Əziz oğluna verilmiş tərifnamə - 1 ədəd
9. Həmkarlar bileti № 22854- 1 ədəd
***
5 avqust 1937-ci ildə Ağdam rayonu Xalq Daxili İşlər Şöbəsinin (NKVD) əməkdaşı S.Babayevin və milliyətcə erməni olan Melik Arutyunovun iştirakı ilə keçirilən axtarış zamanı Cəfərov Məhəmmədin üstündən xidməti vəsiqə, cibindən bir ədəd bıçaq və bel kəməri müsadirə edilərək götürülmüşdür.
Məşədi Məhəmmədi həbs edərkən evdə ailə üzvləri həyat yoldaşı- Asya Həmid qızı- 35 yaşında, qızı Uldız - 8 yaşında, oğlu Tofiq -5 yaşında, oğlu Aydın - 3 yaşında və altıaylıq oğlu Əvəz olmuşdu. Həbs edilən vaxt ailənin böyük qızı Məhbubə dayısıgildə imiş.
***
Başqa bir sənəddə qeyd edilir:
Partiya üzvü olarkən sənədlərin yoxlanması zamanı aşkar olmuşdur ki, Cəfərov Məmməd Əziz oğlu əvvəllər alverlə məşğul olması barədə faktı gizlətmişdir. Ağdam Rayon Partiyası bürosunun çıxardığı 63 №-li protokolun qərarına əsasən ona xəbərdarlıq edilməklə şiddətli töhmət elan olunmuşdur.
Daha sonra müəyyən edilmişdir ki, guya Cəfərov çarizmin devrilməsindən sonra silahlı bandit dəstəsinə başçılıq etmiş, quldurluq və müəyyən adamların öldürülməsi ilə məşğul olmuşdur.
1920-ci ildə Bərdə rayonunda Qızıl Ordu dəstəsinə basqın etmiş, nəticədə 6 nəfər rus millətindən qızıl əsgəri öldürmüşdür.
Partiyanı aldatdığına və özünün keçmiş əksinqilabçı oluğunu gizlin saxladığına görə Cəfərov Məmməd Əziz oğlu AKP(b) sıralarından xaric edilməklə işdən çıxarılmışdır. Partiya bileti isə təhvil alınmışdır.
***
İstintaq işində olan bəzi diqqətimiz çəkən sənədlərə baxaq:
Arayış
Verilir ondan ötrü ki, həqiqətən Quzanlı kənd sakini Cəfərov Məmməd Əziz oğlu 1920-ci ildən 1929-cu ilədək aşağıdakı şəxsləri muzdlu saxlamışdır: Quliyev Baba, Abbas İbadoğlu, Qardaşxanlı İbadoğlı
AKP(b) Ağdam PK-nın katibi Mirzəyev
***
Dindirmə protokolu 19 avqust 1937-ci il
Cəfərov Məməd Əziz oğlu barəsində sorğunu Ağdam rayon XDİŞ-in əməliyyat müvəkkili kiçik leytenat Kozlovçev T.B. tərəfindən aparılmışdır.
Sual: Neçənci ildən alverlə məşğul olmusan və alver edərkən dövriyyədə nə qədər pulunuz olmuşdur?
Cavab: 1916-cı ilin sonlarında və 1917-ci illərin əvvəllərində mən və atam özümüzdə olan və kəndlilərdən alınmış pambığı Ağdam rayon mərkəzindəki bazara apararaq orada orada müxtəlif ərzaqlara dəyişərək gətirib öz piştaxtamızda camaata satırdıq. Amma nə qədər dövriyyədə pul olduğunu deyə bilməsəm də o yadımdadır ki, atam ilə mən hər dəfə 40-50 pud ağırlığında pambıq aparırdıq.
Sual: Qızıl Orduya qarşı mübarizənizi ətraflı şəkildə şərh edin.
Cavab: Mən Qızıl Orduya qarşı heç bir mübarizə aparmamışam.
Sual: Siz düz demirsiniz. Siz və sizinlə birlikdə bir neçə nəfər silahlı adamlar Qızıl Orduya qarşı mübarizə aparmış, əsgərləri öldürmüsünüz. Qərvənd kənd sakini olan tanınmış sima Kəkilbəyovla birlikdə bu işlərdə iştirakınızı boynunuza alırsınızmı?
Cavab: Xeyr, bu işlərin heç birində mən iştirak etməmişəm.
Sual: İstintaq sonuncu dəfə Sizə həqiqəti danışmağı təklif edir. Siz həqiqətən həmkəndliniz emiqrand Dadaşbəylə birlikdə qızıl əsgərlərin ölümündə iştirak etmisiniz və Dadaşbəyin Sizə 100 ədəd güllə verməsi faktını boynunuza alırsınızmı?
Cavab: Bu patronları mən qəbul etməmişəm.
Sual: Nəyə görə Sizi Xındırıstan pambıq qəbulu məntəqəsindən və partiya sıralarından azad ediblər?
Cavab: Partiya sıralarından çıxmağım barədə heç bir şey bilmirəm və bu barədə mən də soruşmaq istəyirəm. Amma Xındırıstan pambıq qəbulu məntəqəsindən mən öz istəyimlə çıxmışam.
Sual: Nəyə görə Siz Hindarx pambıq qəbulu məntəqəsindən işdən çıxmısınız?
Cavab: Hindarx pambıq qəbulu məntəqəsindən çıxmağımı heç mən də bilmirəm.
Sual: Siz Sovet hakimyyəti dövründə konkret olaraq kimi muzdlu saxlamısınız və hansı müddətə?
Cavab: Muzdlulardan mən 1924-25-ci illərdə yalnız Baba Quliyevi saxlamışam. Başqa heç kimi mən həyətimdə muzdlu saxlamamışam.
Sual: Düz demirsiniz,istintaqa məlumdur ki, eyni zamanda Siz 1920 30-cu illərdə Qardaşxan Abbas oğlunu, Abbas İbad oğlunu, Baba Quliyevi, Əhməd Cəfərovu həyətinizdə muzdlu kimi saxlamısınız. Bu barədə nə deyə bilərsiniz?
Cavab: Quliyev Baba həqiqətən mənim muzdlum olmuşdur. Cəfərov Əhməd isə mənim sahəmin bir hissəsini yardarlığa becərmişdir. Qalanları məndə muzdlu olmamışdır.
S: İstintaq müəyyən etmişdir ki, 1937-ci ildə əhalinin qeydiyyata alınması zamanı anketdəki dini əqidəyə münasibətdə bütün dinlərin Sovet hakimiyyətinə düşmən olması və dinə inananların Sovet hökuməti tərəfindən represiya olunacaqları barədə təxribat xarakterli çıxışlar etmisiniz. Bu barədə nə deyə biərsən?
Cavab: Bu heç vaxt olmamışdır və bu barədə mən özümü günahkar hesab etmirəm.
Sual: Hindarx pambıq qəbulu məntəqəsində işləyərkən Siz Quzanlı kolxozu üçün 300 kiloqram pambıq vermisiniz. Bunun keyfiyyəti barədə nə deyə bilərsiniz?
Cavab: Xeyr bunu mən etməmişəm. Çünki, Hindarx ərazi cəhətdən Ağdam rayonunun tərkibinə daxil deyildi…
Göründüyü kimi, bütün suallara ürəklə və məntiqlə cavab verən Məşədi Məhəmməd güllələcəyinə inanmırdı. Fikirləşirdi ki, buraxacaqlar. Amma belə olmur…
***
İstintaq sənədlərindən…
Ağdam rayon XDİŞ-in əməliyyat müvəkkili kiçik leytenat Kozlovçev T.B. 19 avqust 1937-ci ildə qərarı:
Cəfərov Məhəmməd Əziz oğlu əvvəllər iri alverlə məşğul olmuş, muzdur saxlamış, qolçomaq təsərrüfatına malik olmuş, fırıldaq yolu ilə 1935-ci partiya sıralarına qəbul olunmuşdur. 1935-ci ildə partiya yoxlamasından keçərkən ifşa olunmuş və partiya sıralarından xaric olunmuşdur. Bundan sonra əksinqilabi təbliğatla məşğul olmuşdur. Belə ki:
a) əhali arasında belə bir əksinqilabi şayiələr yayırdı ki, guya SSRİ-ni bu yaxınlarda aclıq gözləyir bə onlara öz əmlaklarını satmaq, bunun əvəzındə isə şörək ehtiyatı görmək təklifini verirdi.
b) 1937-ci ildə əhalinin siyahıya alınması vaxtı anketdəki dini əqidə bəndinə münasibətdə də əhali arasında əksinqilabi şayiələr yaymış, guya kimlər ki, dinə inanır onlar Sovet hakimiyyətinin düşmənidirlər və həmin şəxslər represiya olunacaqlar. Müttəhim muzdluları istismar etdiyini, alverlə məşğul olduğunu isə boynuna almamış, lakin şahid ifadələrində bunun üstü açılmışdır.
4 avqust 1937-ci il.
***
Protokoldan çıxarış
2 sentyabr 1937-ci il.
XDİŞ-in üçlüyün iclasından
İş №12716
Eşidildi:
Ağdam rayonunun Quzanlı kənd sakini, SSRİ vətəndaşı Cəfərov Məşədi Məmməd Məşədi Əziz oğlu əvvəllər alverlə məşğul olmuş, muzdlu istismar etmiş, partiya sıralarından xaric olunmuş, 1935-ci ildə partiya yoxlaması zamanı özünün ictimai mənşəyini gizlətməklə silahlı bandit dəstələrində iştirak etmiş, 1920-ci ildə Bərdədəki bandit üsyançı dəstələrində iştirak etmiş, savadlı, ailəli, məhkum olunmamışdır.
Müttəhim olunan əhali arasında SSRİ-də yaxın zamanlarda aclıq olcağı haqqında təxribat xarakterli şayiələr yaymış, 1937-ci ildə əhalinin siyahıyaalınmasızamanı anketdəki dini əqidə bəndinə dair əks-inqilabi təxribatçı çıxışlar etmişdir. Tutulan 04.08.1937-ci ildən Şuşa türməsində saxlanılır.
Qərara alındı:
41 yaşlı Cəfərov Məşədi Məmməd Məşədi Əziz oğlu əmlakı müsadirə olunmaqla güllələnsin.
Üçlüyün katibi Koqan
***
Aktdan çıxarış
Az.SSR XDİK-in Xüsusi Üçlüyünün 2 sentyabr 1937-ci il qərarına əsasən Cəfərov Məşədi Əziz oğlunun güllələnməsi 17 sentyabr 1937-ci ildə icra olunmuşdur.
AZ.XDİK-in Dövlət Təhlükəsizlıyi İdarəsinin 10-cu şöbəsinin rəisi, Dövlət Təhlükəsizliyi baş leytenatı Suxanov
Dövlət Təhlükəsizliyi İdarəsinin şöbə rəisi, Dövlət Təhlükəsizliyi leytenantı Koqan
***
Bu arada bir məqamı qeyd edim ki, partiya sənədlərinin yoxlanmasının sonunda Azərbaycan KP(b) MK bürosunun qərarına əsasən 05.12.1935-ci ildən №93 saylı protokola əsasən Cəfərov Məmməd Əziz oğlu partiya sıralarından xaric edilmişdir. Ancaq M.Ə.Cəfərov 1935-ci ildən partiya sıralarından xaric edilsə də vəzifəsində qalırdı. Maraqlıdır ki, məhz təltif edilmə və fəxri fərman bu hadisədən sonra verilmişdir.
***
Oglu Tofiq Cəfərovun ərizəsiylə 18 mart 1959-cu ildə Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət işləri üzrə Məhkəmə Kollegiyasında Cəfərov Məhəmmədin işinə dair protest verilmiş, 17 oktyabr 1959-cu ildə Azərbaycan SSR Ali Məhkəməsində Cəfərov Məhəmmədin işinə bəraət hökmü verilmişdir.
***
Qeyd edim ki, Quzanlıda yaranan ilk kolxozun sədri Məşədi Məhəmməd Cəfərov olmuşdur. Bunu öz izahatında şahid kimi dindirilən Şəmsəddin Quliyevdə təsdiq edirdi. İnqilabdan əvvəl isə o həqiqətən ticarətlə məşgul olmuş və qazandığı pulla kənddə evinin qarşısında dəyirman tikdirmişdi. Sonradan dəyirmanı özü kolxoza hədiyyə etmişdir.
***
Gözəl yaddaşı və cəldliyi ilə həmyaşıdlarından seçilən Məşədi Məhəmməd həmdə sərrast atıcı idi. Represiya illərində Xalq Daxili İşlər Komissarlığının Ağdam rayon şöbəsinin rəisi erməni mənşəli Mixail Camqarov olmuşdu. Stalin rejiminin ən qəddar addımlarından biri represiya illərində prosesləri icra edənlərin sonradan güllələnməsi olmuşdur. Ağdam RPK-nın birinci katibi Mirzəyev 1938-ci ildə ağır ittihamlarla birinci katib vəzifəsindən azad edilmiş, sonra isə repressiya edilmişdir. M.Camqarov isə 1942-ci ildə müharibənin ağır illərində ciddi ittihamlara hərbi tribunalın qərarı ilə güllələnmişdir...
Sorğu və dindirilmə sənədlərini diqqətlə oxuduqda görmək olar ki, Məşədi Məhəmməd bəy olmasa da imkanlı adam olmuşdur. Dəyirmanı inşa etdirməklə yanaşı, kənddə Bank binası inşa etdirmiş və özü də kollektivləşmə illərinədək kredit təşkilatı yaratmış və hökumətin dəstəyi ilə kəndlilərə kredit vermişdir. Məhz bu proseslər çox şəffaf şəkildə aparan Məşədi xeyrxahlığı ilə fərqlənimişdi...
Yuxarıda qeyd deyilən rus əsgərlərinin öldürülməsi ilə bağlı məqamda müəyyn həqiqət var. Çünki o hadisə baş versə də, amma əslində sırf təsadüf nəticəsində olubmuş.
Belə ki, bir gün xalası oğlu Süleymanla birlikdə erməni kəndlərinə biçinçi gətirməyə yola düşən Məşədini Qərvənd kəndinin üstündə sovet əsgərləri saxlayır. Yoxlayıb üstlərində olan silah-sursatı götürdükdən sonra, paltarlarınıda soyundurub ikisinə bir güllə vurmaq üçün üst-üstə uzandırırlar.
Süleyman kişi danışırmış ki, ölümlə üz-üzə qaldığımız bir vaxtda bir də gördüm kü, Məşədi belimdən rus əsgərinin üstünə sıçradı. Atın belində olan əsgərin əlindən silahı alıb, ani olaraq iki nəfəri yerə sərdi. Yanında olan daha üç nəfər isə Bərdə tərəfə üz tutub qaçası oldu.
Süleyman kişi bu hadisəni əllinci illərdə həyatının son illərində atama söyləyib.
Məşədinin təklifi ilə yerlərini dəyişirlər. Çox çəkmir ki, Qızıl ordu dəstələri gəlib meyidləri dəfn edərək, ətrafda olan kol-kosu güllə baran edib qayıdır.
Axşam dərədə gizlənən Məşədi xalasıoğluyla yaxılnlıqdakı kənddə yaşayan dostu Kəkilbəyovlara gələrək ondan geyim və at alıb kəndə qayıdırlar...
İndi az qala bir əsr əvvəl baş vermiş hadisələri təhlil edəndə belə düşünmək olar ki, xalaoğlullarının hansısa biri hadisə barəsində kiminsə yanında danışıblarmış. Nəticədə kimsə istəməyən “əqrəblər” bunu böyüdərək NKVD əməkdaşlarına çatdırıb. Dindirilmə protokolunda Məşədi məhz bu suala cavabdan hər dəfə yayınaraq onun baş vermədiyini israrla bildirmişdi...
***
Bu bir insan taleyi haqqında araşdırmadır...
Bu gün məndə bir nəvə olaraq məhz həbsindən təxminən bir il əvvəl, yəni 1936-cı ilin fevralında Ağdamda çəkilmiş ailə şəkilini başımın üstündən asmışam. Bu gün Məşədinin harada öldürülməsi haqqında hər hansı bilgi əlimizdə olmasa da, onun ruhu rahat ola bilər...