Modern.az

Xaricdəki tələbəmiz: “Bu ölkədə müəllimlər Azərbaycan müəllimlərindən çox etikdirlər” - MÜSAHİBƏ

Xaricdəki tələbəmiz: “Bu ölkədə müəllimlər Azərbaycan müəllimlərindən çox etikdirlər” - MÜSAHİBƏ

Ölkə

14 Oktyabr 2014, 13:00

“Azərbaycan təhsil sistemi 30-40-cı illərdə hazırlanmış Stalinist erasının təhsil qaydaları ilə işləyir”


Modern.az
 saytı xaricdə oxuyan azərbaycanlı tələbələrlə müsahibələrin təqdimatına davam edir. Budəfəki müsahibimiz Avstraliyanın Kvinslend Universitetində (University of Queensland) təhsil alan Rəşad Paşazadədir.

Laçın rayonunda doğulan Rəşad Paşazadənin 23 yaşı var.  Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət və bələdiyyə idarəetməsi ixtisası alıb. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqından başlayaraq Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramına qədər bir çox təşkilatlarda, institutlarda, beynəlxalq və yerli layihələrdə çalışıb. Hazırda magistr təhsilini Avstraliyada Kvinslend (Queensland) ştatında dünyanın ən yaxşı 50 universitetindən biri olan Kvinslend Universitetində (University of Queensland) davam etdirir. İxtisası: turizm, otel və tədbirlərin idarə olunasmı üzrə Ali Magistr Proqramı / Advanced Master of Tourism, Hotel and Event Management

“İzlədiyim cizgi filmi məni bu ölkəyə gətirdi”

- Necə oldu ki, xaricdə oxumağa qərar verdiniz?

- 2003-cü ildə, mənim 12 yaşım olanda məşhur bir çizgi filmi çıxdı – “Finding Nemo” (Nemonun axtarışında). Hər şey bu çizgi filminə baxandan sonra mənimçün dəyişdi. Çizgi film balasını itirmiş kloun balığının okeanda macəralarla dolu axtarışa çıxması və onu Avstraliyada tapması haqqında idi. Onu da deyim ki, bu animasiya filmi “Oskar”a layiq görülüb. Mən 2003-cü ildə 12 yaşımdan Avstraliya haqqında arzulamağa başladım. Hər gün bu ölkə haqqında oxuyurdum, öyrənirdim və sənədli filmlərə baxırdım. Hər gün daha çox bu uzaq ölkəni görmək istəyirdim.

2007-ci ildə Dövlət Proqramı çıxanda (səhv etmirəmsə 9-cu sinifdə oxuyurdum) artıq anladım ki, bu Tanrının mənə yetirdiyi  bir şansdır. O zamanlardan bu arzumu öz xəyallarımda hər gün daha da böyüdürdüm.

2009-cu ildə Dövlət İdarəçilik Akademiyasına qəbul olunduqdan sonra daha praqmatik düşünməyə başladım və anladım ki, şəxsi inkişafım üçün xaricdə təhsil vacibdir. Mənim üçün bu ambisiya 11 il əvvəl bir çizgi filmindən başladı və 2013-cü ildə Dövlət Proqramı ilə uğurla yekunlaşdı.

Siz yaşlananda nəvələrinizə danışacağınız çoxlu əhvalatlarınız olacaq”

- Xaricdə təhsil almaq istəyənlərə nə məsləhət görərdiniz?

- Bir şeyi bilmək lazımdir ki, böyük ehtimalla bu ilk dəfədən sizdə alınmayacaq. Hamıda belə olur.Amma bu arzunuzu mütləq reallaşdırmalısınız. Bunu Dövlət Proqramının vasitəsilə etməyə nail olmamısınızsa, buna görə həvəsdən düşməyin. Elə ölkələr var ki, pulsuz və ya çox ucuz təhsil xidmətləri təklif edir. Avropada, Şərqi Asiya ölkələrində, Şimali Amerikada bir sıra çox real tam təqaüd proqramları var, onlara da mütləq müraciət edin.

Xaricdə təhsil sizi bir şəxsiyyət kimi yenidən yetişdirəcək. Ən əsası siz zəif xüsusiyyətlərinizi daha yaxşı başa düşəcəksiniz. Ən əsası isə siz yaşlananda övladlarınıza və nəvələrinizə danışacağınız çoxlu əhvalatlarınız olacaq.

“İlk vaxtlar alış-verişdə tələyə düşmüşəm”



- Avstraliya ilk baxışda çox bahalı ölkədir. Əgər burda siz metropolitan ərazilərdə yerləşən mağazalardan ərzaq alırsınızsa, onda bilin ki, siz səhv yoldasınız. İlk günlər mən bu tələyə düşmüşdüm. Daha sonra ev tapmaq mənim üçün çox çətin oldu. Qiymətlər çox yüksəkdir və evi kirayələmək üçün bir sıra sənədlar lazım idi. Nəhayət burda həmyerlilərimiz Fərid və Leyla cütlüyü ilə tanış oldum və onlarn yaşadığı evdə qaldım. Onlar olmasaydı, indi yəqin ki, biz hələ də bəkpəker (backpacker) hostellərində idik.Yenə onların sayəsində nəyi hardan ən ucuz və ən keyfiyyətli almaq mümkün olacağını öyrəndim. Daha sonra özüm də araşdırdım və indi bir ay ərzində ərzağa ən çoxu 250-300 dollar xərcləyirəm. Buna rəğmən soyuducumuza və şkaflarımızda hər cür istənilən nazı-nemət tapa bilərsiniz .

“Bir müəllim köhnə sistemlə dərs keçsə tələbələr onu daşa basarlar”

- İki ölkənin təhsili arasında fərqlər hansılardır? Müsbət və mənfi cəhətlər nədir?

- Bu haqda inanın ki, nəhəng bir akademik traktat yaza bilərəm. Burda təhsil çox dinamikdir. Burda daim yeniliklər axtarılır, tətbiq edilir, öyrənilir və öyrədilir. Əgər bir müəllim köhnə sistemlə köhnə məlumatları öyrətsə, tələbələr onu “daşa basarlar”. Demək istədiyim odur ki, tələbə-şagird azadlığı Avstraliyanın təhsil sisteminin belə inkişaf etməsində çox mühüm rol oynayıb. Bizim ölkəmizdə müəllimlər tələbələrdən və ya şagirdlərdən tənqid və tərif eşitməyə ən kobud şəkildə desəm psixoloji olaraq hazır deyillər. Tənqidi qəbul etməyən bir mühitdə isə inkişafdan danışmağa ehtiyac belə yoxdur.

Ali təhsil sistemində tələbələrə praktik məlumatlar daha çox çatdırılır. Hətta nəzəriyyə belə praktik tətbiqi misallarsız təqdim edilmir. Bizim bu sahədə ciddi boşluğumuz var. Ölkəmizdə innovativ ideyalarla aşıb-daşan o qədər gənc var ki! Onlar üçün ən əsas platforma universitetlər olmalıdır. Mən bunu Azərbaycanda təəssüf ki, müşahidə edə bilmərəm. Halbuki, Avstraliyada gənclərin yenilikçi fərqli ideyalar səsləndirməsi və həyata keçirməsi üçün şəraiti ilk növbədə universitetlər – təhsil müəssisələri yaradır. Beləliklə də sağlam, bilikli və risk götürməyi bacaran gənc nəsil yetişir.

Burda təhsil sisteminin mənfi cəhətlərini də müşahidə etmək mümkündür. Məsələn, burda ali təhsil çox bahadır. Hətta bu yaxınlarda yeni Abbot hökümətinin qərarı ilə daha da bahalaşdırmağa doğru addımlar atılır. Halbuki, nüfuzlu qəzetlərin məlumatlarına əsasən avstraliyalıların 70%-i bunun əleyhinədir.

Lakin bir nüansı da deməliyəm ki, burda mənfi cəhətlərin üzərində güclü işləmək həvəsi var. Əgər gedib müəllimə desəniz ki, bu cəhət yaxşı deyil, onda o, sizə dəfələrlə təşəkkür edər və daim çalışar ki, həmin nüansı düzəltsin. Bunu bütöv təhsil sisteminə, şəhər quruculuğuna və hətta inzibati idarəetmə sistemində də asanlıqla müşahidə edə bilərsiniz.

“Tələbələr ayaqyalın, qısa şortlarda, flip-floplarda dərsə gəlirlər”



- Ordakı təhsildə olan hansı qanunların bizdə olmağını istərdiniz?

- Təhsil qanunları ilə o qədər də yaxından tanış deyiləm. Lakin Avstraliyanın təhsil etikasının bizim ölkəmizdə də olmasını çox istərdim. Müəllimlərin sərbəstliyi, mehribanlığı, tələbələr ilə mütəmadi əlaqədə olması, problemlərlə maraqlanması və daha bir çox başqa amillər var.

Burda təhsil sistemi ciddi şəkildə sistematik qanunlarla işləyir. Hər şey planlaşdırılır, ölçülüb-biçilir, tarazlığa salınır və yalnız bundan sonra tətbiq olunur. Bizim təhsil sistemimizdə isə hər şey daha çox spontan təşkilatçılıq, nizamlanmamış münasibətlər, bəlli olmayan qaydalarla işləyir.

Eyni zamanda Avstraliyada sərbəstlik və azadlıq çox yüksək qiymətləndirir. Burda tələbələr çimərlik paltarı ilə belə, dərsə gələ bilərlər. Tələbələr ayaqyalın, qısa şortlarda, flip-floplarda dərslərə gələ bilərlər. Mən Azərbaycanda bundan çox əziyyət çəkmişəm. Bizdə isə nəinki, şortla, hətta sandallarla belə, dərsə gəlmək qadağandır. Bu yenə də təhsil sistemimizin hələ də XX əsrin əvvəllərindəki qaydalardan və köhnə fikirli insanlardan asılıb qalması ilə əlaqədardır.

Avstraliyada tələbə və müəllimlərin öhdəlikləri, vəzifələri, münasibətləri və inanın ki, hər şey konkret qanunlarla tənzimlənir desəm səhv etmiş olmaram. Burda universitetlərin o qədər xidmətləri var ki! Hər şey tələbə həyatının daha maraqlı, asan, nizamlı və rahat olması üçün daim təkmilləşdirilir. Zənnimcə bizim təhsil sistemi  21-ci əsrin qaydaları ilə səsləşmir və buna görə də artıq müasir düşüncəli, çağdaş dünya görüşlü, yeni əsrin tələblərini anlayan mütəxəssislərin köməyindən istifadə etməlidir. Əks təqdirdə bizim təhsil sistemimiz indiki olduğu kimi hələ uzun illər yenə də 30-40-cı illərdə hazırlanmış Stalinist erasının təhsil qaydaları ilə işləyəcək.

“Azərbaycanda müəllimlər kilsə qaydaları ilə dərs deyirlər”



- Avstraliya və Azərbaycanda ali məktəb müəllimlərini müqayisə etsəniz, nələri demək istərdiniz?

- Ən çox elə bu haqda danışmaq istərdim. Fərqlər o qədər çoxdur ki, nədən başlayım bilmirəm. Bizim müəllimlərin böyük bir qismi qətiyyən innovativ  deyil və konservativ qaydalarla dərs keçirlər. Burda buna “indoctrination” deyirlər, yəni kilsə məktəbindəki kimi qaydaları müəllimlər qoyur və ona heç kəs etiraz edə bilməz, müəllim nə öyrətsə düzdür və ona etiraz etmək olmaz. Bizim müəllimlərimiz hələ də bu psixologiyadadırlar.

Avstraliyada müəllimlər çox etikdirlər. Bizdəki kimi onlar sizi 150 nəfərlik auditoriyada hamının qarşısında pərt etməzlər. Müəllimlər tələbələri daha həvəsləndirir, yeni yollar göstərir, kömək etməyə çalışır, əlaqə saxlayır, dostluq edir. Hətta mənim bir müəllimim mənə özü hərdən yazır və biz onunla görüşürük. Digər biri isə əgər dərsdə nəyisə soruşmaq istəmişəmsə,  amma soruşa bilməmişəmsə özü axşam e-mail yazır və sualının nə olduğunu soruşur. Hətta avstraliyalı müəllimlər sizə iş tapmaqda belə, kömək edərlər.

Avstraliyalı müəllimlərin ən çox sevdiyim xüsusiyyətləri onların daim özlərini və biliklərini yeniləməsi, ətrafındakıları həvəsləndirməsi, köməyə həmişə hazır olması, yeni bacarıqlar, elmi araşdırmalar aparması bir sözlə ətalətdə qalmamasıdır. Ümidvaram məndən inciməzlər, amma Dövlət İdarəçilik Akademiyasında oxuduğum 4 ildə mənə 50-dən çox müəllim dərs keçib, aralarında belə olanların sayı 4 nəfərdən çox deyil. Gələcəyimiz haqqında ciddi düşünməliyik.

- Təhsil aldığınız universitetdə azərbaycanlı tələbələr var?

- Kvinslend Universitetində (University of Queensland) Dövlət Proqramı ilə təhsil alan 5 nəfər azərbaycanlı var. Cənubi Azərbaycandan olan həmyerlilərimizlə də tanışam. Cənublu həmvətənlərimiz Avstraliyada çoxdurlar. O cümlədən Avstraliya vətəndaşı olan azərbaycanlıları da tanıyıram. Onu da deyim ki, biz Avstraliya vətəndaşı olan artıq 20 ildir Avstraliyada yaşayan bir azərbaycanlı xanımın təşəbbüsü ilə bir klub da yaratmışıq. Ümidvaram fəaliyyətimiz uğurlu olar.

“Vətənpərvər olduğumu Avstraliyaya gələndən sonra bilmişəm”

- Azərbaycan üçün darıxırsınız?

- İndiyə qədər dünyanın bir sıra ölkələrində olmuşam. Amma Avstraliyaya gəlməsəydim heç vaxt bilməzdim ki, mən bu qədər vətənpərvər imişəm. Avstraliya dünyada yaşamaq üçün ən ideal 3 ölkədən biri sayılır. Bu il isə o əzəli rəqibləri Norveçi və Kanadanı da qabaqlayıb birinci yerə qalxdı. Həyat və yaşam standartları çox yüksəkdir. Təbiətə və heyvanlara, təhsilə və bərabərliyə çox hörmət edir və dəyər verirlər. Amma mən yenə də ölkəm üçün darıxıram. Ailəm, dostlarım, azərbaycanlı mühiti, yeməklərimiz üçün çox darıxıram. Burda qalıb çalışmaq imkanları da var. Amma mənə elə gəlir ki, ölkəmizin bizlərə ehtiyacı var. Mən istərdim ki, Azərbaycanda Avstraliyada gördüyüm bir çox mütərəqqi xüsusiyyətləri yaratmağa təşəbbüs göstərim və ən azından bunu sınayım.

- Azərbaycandakı hadisələri izləyirsiniz?

- Hərdən düşünürəm ki, mən çox şanslı insanam XXI əsrdə yaşayıram. Sosial şəbəkələrdən və xəbər saytlarından ölkənin gündəmini öyrənmək asanlıqla mümkündür. İnternetdən xəbərləri daim oxumağa vaxtım olmayanda isə ölkə gündəmini burdakı azərbaycanlılardan və ya Azərbaycandakı dostlarımla danışanda onlardan öyrənməyə çalışıram.

“Milli bayramlaımızı vətəndəki kimi qeyd edə bilmirik”



- Azərbaycanın milli bayramlarını qeyd edə bilirsiniz?

- Bunu etməyə çalışırıq, amma təəssüf ki, həmin ab-havanı yaratmaq mümkün olmur. Bunun üçün süfrədə Azərbaycan tərəvəzlərindən hazırlanmış yeməklər və masa arxasında səsli-küylü azərbaycanlı atmosferi lazımdır. Bunu burda dərslərin arasında azsaylı azərbaycanlı cəmiyyəti ilə yaratmaq çox çətindir.

“Burda qonağı qarşılayarkən onu süpürgə ilə kötəkləyirlər”

- Yaşadığınız ölkənin hansı maraqlı adət-ənənələri var?

- Avstraliyanın tarixi aborigenləri nəzərə almasaq, cəmi 200 ildən ibarətdir. Buna görə də bəlli oturuşmuş və özünəməxsus adətləri demək olar ki, yoxdur. Xalq olaraq avstraliyalılar artıq qloballaşıblar.

Aborigenlər isə tamamilə fərqlidir və onların cəmiyyəti bizim öyrəşdiyimiz sosial qanunlarından tamamilə fərqli və mürəkkəbdir. Məsələn, onlar qonaqları qarşılayarkən evkalipt ağacının tüstüsünə verilmiş süpürgə ilə qonağı kötəkləyirlər. Bəzi meşələrdə yaşayan aborigen tayfaları isə yeməyi yeməzdən əvvəl onun içinə tüpürürlər. Bu onların adətidir və buna hamı hörmət edir.

Müasir avstraliyalıların bir adəti isə məni daha çox narahat edir. Burda küçədə hər yerdə, hətta universitetdə tələbələr arasında ayaqyalın gəzən insanlarla rastlaşa bilərsiniz. Avstraliyada heyvanlar hər yerdədir – rəngbərəng tutuquşular, posumlar, ilanlar, kərtənkələlər, köpək balıqları, nəhəng çay balıqlar, balinalar və nələr nələr… Zəhərli heyvanları həddindən artıq çoxdur və insanlarla eyni ərazilərdə yaşayırlar. Hörümçəklər, ilanlar, qurbağalar, böcəklər sizi ciddi zəhərləyəvə hətta ölümlə üzbəüz qoya bilərlər. Amma digər tərəfdən də hökümət heyvanları çox sərt qaydalarla qoruyur. Bəzən avstraliyalılar zarafatla deyirlər ki, dövlət heyvanları daha çox sevir, nəinki insanları. Bu mənim çox xoşuma gəlir.Vaxtilə təbiətə çox ziyan vursalar da indi onu çox ciddi qoruyurlar. Məsələn, əgər siz ölümcül zəhərli ilanı belə, öldürmüsünüzsə ən azı 500 dollar cərimə ödəməyə hazır olun.

Əgər ətrafda kimsə görsə ki, siz heyvanlarla pis rəftar edirsiniz, buna əmin olun ki, qapınızı tezliklə polislər döyəcək və birlikdə polis bölməsinə “maraqlı” səyahət edəcəksiniz.

“Avstraliya insanı tənbəldir”

- Yaşadığınız ölkənin insanları barədə nə deyə bilərsiniz?

- Avstraliyalılar çox zarafatcıldılar. Hətta müəllimləriniz sizinlə elə zarafat edə bilər ki, siz hətta bunu ən yaxın dostunuzla belə, etməyə cürət etməzsiniz. Avstraliyalılar, ya da onların dili desək “ozilər” özləri də etiraf edirlər ki, onlar çox tənbəldirlər. Həqiqətən belədir. Burada insanlar həyatdakı qayğıları qətiyyən önəmsəmirlər və yalnız özləri üçün yaşayırlar. Bəzən bu mənim xoşuma gəlir, bəzənsə qıcıqlandırır.

Dünya reytinqləri Avstraliyanı şişmanlıqdan əziyyət çəkən ölkələrin siyahısında göstərsə də, mən burda idmanla məşğul olmağın bir adət olduğunun şahidi oldum. Hər gün günün istənilən vaxtı parklarda, bulvarlarda, küçələrdə qaçan, yoqa, akrobatika və digər idman növləri ilə ilə məşğul olan hər yaşda insanlar görmək mümkündür.

“Ozilər” vəhşi təbiəti çox sevirlər və çox macərapərəst ruhları var. Burda insanlar daim səyahət edir, macəra axtarır və primit həyat tərzinə keçirlər. Bu mənim Avstraliya haqqında ən sevdiyim xüsusiyyətdir. Hətta ən varlı şəxslər belə şəraitsizlik mühitində yaşamaq istəyirlər. Mənim yaşadığım Kvinslend ştatı dünya şöhrətli milyon illər yaşı olan Qondvana tropik meşələri, Böyük Sədd Rifi, Böyük Suayırıcı Dağları ilə məşhurdur. Buna görə də çalışıram ki, ixtisasımla da əlaqədar olaraq daim səyahət edim, daha çox yer görüm və daha çox yenilik öyrənim.

“Mən ilk dəfə bu ölkədə bığ saxlamışam”



- Avstraliyadan ayrılsanız, heç unutmayacağınız hadisə var?

- Avstraliyadan öyrəndiklərim həyatda dəyərli qazanc kimi həmişə mənimlə olacaq. Bu mənim üçün ən vacib nüansdır. Burda o qədər hadisələr olub ki, hamısı da bir-birindən maraqlı, rəngarəng, unudulmaz və ekzotik…

İlk dəfə cənubda Qold Kost şəhərində (The Gold Coast) möhtəşəm Sakit okeanı görəndə çox təsirlənmişdim.Tanrıya təşəkkür edirdim ki, mənə bu anları yaşamağı qismət etdi. Nəhəng ucsuz-bucaqsız, heç görmədiyim qədər şəffaf suyu olan, dalğaları əzəmətli Sakit okean idi o! O an hiss etdiklərim mənim xatirələrimdə bir ömür boyu qalacaq.

Daha sonra iyul ayında dostlarımla birlikdə Avstraliyanın ən ucqar şimal nöqtəsi Keyp Yorka getmişdik. Orda mən ilk dəfə olaraq həyatımda mərcan adalarını və elə mərcanların özlərini gördüm. Bəmbəyaz qumsallar, ölü mərcanların məzəli sümükləri, sahildə eqzotik palma ağacları, tutuquşular - hər şey mənə məşhur şokolad reklamındakı eqzotik səhnələri xatırladırdı. Milyonlarla rəngə bürünmüş torpik balıqlar, mərcan adaları və əlbəttə ki, əfsanəvi göm-göy Sakit okeanı məncə təbiətin şah əsərləridir.

Mən cənnəti xatırladan Fitzroy adasına gedəndə orda tropik meşələrdə gəzişirdim. Palmalardan asılan kokosların iysi hər yeri bürümüşdü .Hər yerdən vanil və kokos iysi gəlirdi. Elə bil ki, bütün ada vanilli və kokoslu tort idi. Dağlardakı cəngəllilərdə isə çoxlu evkalipt ağacları bitir. Burda hər yerdə evkalipt ağacının möhtəşəm, sərxoşedici və təravətliətri insanın ağlını başından alır. Haçansa evkalipt çayı içmisinizsə və ya onun parfümündən istifadə etmisinizsə məni çox gözəl başa düşərsiniz.

Bunlardan başqa həm də mən ilk dəfə burda bığ saxladım. Bəli, düz eşitdiniz bığ. Azərbaycanda kənardakı insanların sizə əcaib baxışları, süzmələri və lağ etmələrini burda görə bilməzsiniz. Hər kəsin sərbəst olması və istədiyi cür fərqli həyat tərzi sürmə bilmə haqqı olduğunu hamı bilir. Beləliklə, mən də bığ saxladım. Bu mənim üçün yadda qalan amillərdən biri oldu.

Hələki bir ildir ki, burdayam. Bundan sonra məni daha uzun bir il gözləyir. Ümidvaram gələn ili daha maraqlı keçirmək mənə nəsib olar.

- Gələcək planlarınız nədirʔ



- Gələcəyə dair bir çox fikirlərim var. Hərdən qorxuram ki, bunları reallaşdırmağa gücüm çatmaz. Amma ona sevirəm ki, ən azından onları reallaşdırmaq üçün iradəm və məqsədlərim var.

Avstraliyada gördüyüm bir çox şeyi Azərbaycanda tətbiq etmək fikrindəyəm. Mən burda Turizm, Otel və Tədbirlərin İdarəedilməsi üzrə oxuyuram. Avstraliya bu sahələrdə çox təkmilləşib. Hazırda var gücümlə burdakı texnologiyaları və mexanizmi öyrənirəm. Azərbaycana qayıtdıqdan sonra əlimdən gələn hər şeyi edəcəm ki, bizim ölkəmizdə də bu uğurlu turizm modellərini tətbiq edib yaxşı nəaliyyətlər əldə edək.

Əlbəttə, mən başa düşünürəm ki, bu çox ambisioz səslənir. Lakin hər şey ambisioz ideyalardan başlayır. İş təcrübəmə, biliklərimə, şəxsi səriştəmə güvənirəm. Əminəm ki, haçansa bu ideyalarım alınacaq.

Rüfanə GÜNƏŞ

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi