Azərbaycan ədəbiyyat və mədəniyyət sahəsinin bir neçə tanınan imzası artıq uzun müddətdir ki, səhhətlərindən əziyyət çəkir. Onların arasında xalq artistləri Habil Əliyev, Rafiq Hüseynov, xalq şairləri Vaqif Səmədoğlu, Zəlimxan Yaqub və bir neçə gün öncə əməliyyat olunan şair Musa Yaqub da var. Modern.az sadalanan şəxslərdən səhhəti ilə bağlı məlumat almağa çalışıb.
Kaman ustası, xalq artisti Habil Əliyevin həyat yoldaşı Şərqiyyə Əliyeva qeyd edir ki, həyat yoldaşının səhhəti bu günlərdə çox yaxşıdır. Qurban bayramı ərəfəsində sənətkarın şərəfinə bir çox adamlar onu ziyarət edib qurban kəsiblər. Şərqiyyə xanım onu da bildirib ki, Habil Əliyevdə bel ağrıları olsa da, bu, onun qocalığı ilə bağlı deyil. Çünki cavanlıqda da sənətkar analoji hadisə ilə üzləşib. Qeyd edək ki, xalq artisti bir neçə ay bundan əvvəl tənəffüs çatışmazlığı səbəbindən xəstəxənaya yatırılıb. Bu hadisədən sonra isə evdə yataq şəraitində saxlanılırdı.
Mədə xərçəngindən əziyyət çəkən xalq şairi Vaqif Səmədoğlunun səhhəti ilə də maraqlandıq. Həyat yoldaşı Nüşabə bildirib ki, xalq şairinin vəziyyəti elə əvvəlki kimidir. Yəni nə irəliləyiş var, nə də geriləmə. Bakıda müntəzəm həkim müayinəsi altındadır.
Digər xalq şairi, böyrək çatışmazlığından əziyyət çəkən və mütəmadi olaraq Almaniyada müalicə olunan Zəlimxan Yaqub isə səhhəti ilə bağlı suala elə özü cavab verdi: “Mən yaxşıyam, yenə yaradıcılığımla məşğulam. Əvvəlki kimi yazıb-pozuram. Gözləyirəm ki, həkimlər müalicəmlə bağlı nə deyəcək”.
Şair Musa Yaqub ötən həftənin sonlarında İstanbulda əməliyyat olunub. Şairlə əlaqə yarada bilməsək də, yaxın dostu və xəstəliyi ilə əlaqədar daim onu yoluxan dostu Maarif Soltan köməyimizə gəldi. O, Musa Yaqubla ilgili tez-tez yenilədiyi statusların sonuncusunda bildirir ki, şairin ağır əməliyyatı çox uğurla keçib. Bu günlərdə isə Musa Yaqub Bakıya qayıtmalıdır.
Xalq artisti Rafiq Hüseynovun yaxın dostlarının dediklərindən məlum olur ki, bir müddət az qala yerimə qabiliyyətini itirən diktor hazırda çox yaxşıdır və işə də gedir.
Elmin NURİ