Modern.az

Bəşəriyyətə səslənən şair

Bəşəriyyətə səslənən şair

14 Oktyabr 2014, 16:19

“Mən qovdum vətəndən qara kabusu,
 Candan əziz tutdum arı, namusu.
 Sən ey,qəm bilməyən gənc nəsil!
 Üzümü görməyi eləsən arzu,
 Bax üfüqdən qalxan al səhər mənəm,   
 Qəlbinin istəyi o zəfər mənəm!”—

deyən, kövrək qəlbli,  daim həyat eşqi ilə, yaratmaq həvəsi ilə  alışıb yanan, şair-dramaturq, tərcüməçi, tənqidçi, müəllim, ictimai xadim, dəyərli ziyalımız vardı-- Novruz Gəncəli.

Orta məktəbdə oxuduğum illəri xatırlayıram. 3-cü sinfin  “Ana dili” dərsliyində “Ananın səsi”  adlı şeri əzbərləyib, onu dərsdə söylədim və “əla” qiymət aldım. Bu şerin müəllifi o zaman tanımadığım, üzünü görmədiyim şair Novruz Gəncəli idi. Sonradan onun şerinə dərslikdə rast gəlmədim. Lakin həmin şer o zamandan yaddaşıma  həmişəlik həkk olundu. O illər ərzində Ə. Tağıyevin bu şerə yazdığı mahnı  bir çox müğənni,  xüsusilə, zəmanəmizin qüdrətli müğənnisi,SSRİ Xalq artisti Zeynəb Xanlarovanın ifasında tez-tez oxunurdu. O zaman ölkəmizdə sülh əmin-amanlıq bərqərar idi. Xarici ölkələrdə baş qaldıaran  müharibələrdən televiziya, dövri mətbuatdan tanış idik. Şerin qayəsini  isə məhz onlara aid olduğunu bilirdik.  Amma nə bilərdik ki,  o qanlı müharibə bizim ölkədə də yaşanacaq və şer bizim üçün də aktual olacaq........

1992-ci ilin yay aylarında tale məni Azərbaycan Qızıl Aypara  Cəmiyyətinə işləməyə gətirdi. İşə  başladığım ilk günlərdə tanış olduğum, ünsiyyət saxladığım əməkdaşlardan  biri mərhum  Aqil Gəncəli idi.O, ərəb ölkələrinin birində  səfirlikdə çalışıb, vətənə dönmüş və Azərbaycan Qızıl Aypara Cəmiyyətində beynəlxalq əlaqələr şöbəsində çalışmağa başlamışdı.Şərqşünüas idi, ərəb dili üzrə. Ədəbiyyatı yaxşı bildiyindən onunla söhbətimiz alınardı.Demək olar ki, hər gün mənin otağımda qızğın mübahisələr, diskussiyalarımız olardı. Günlərin birində bir nəfər çox alicənab, mədəni, səliqəli geyimli bir kişi əlində qəzet otağa daxil oldu. Aqillə salamlaşıb, hal-əhval tutdu. Mənim Aqillə müzakirəmizə qoşulub fikir mübadiləsi apardı. İlk  baxışdan hiss etdim ki, o şair təbiətli, ensiklopedik biliyə malik, ədəbiyyatı gözəl bilən bir ziyallı, kamil bir şəxsiyyətdir. Ona böyük rəğbət bəsləməyə başladım. İlk tanışlıq məndə çox gözəl təsir bağışladı. Sonralar həmin şəxs tez-tez bizim otağa gələr, bu qəbildən söhbətlərə start verərdik.  Nizami, Füzuli, Nəsimi, S.Ə.Şirvani, H.Cavid,  C.Cabbarlı, M.Müşfiq ,  S.Rüstəm, M.Seyidzadə yaradıcılığı əsasən söhbətimizin mövzusu olardı. Bir dəfə otaqda mənimlə çalışan Xalidə xanımdan  bu şəxsin kim olduğunu soruşdum. “Aqilin atasıdır ,həm də şairdir” –deyə  cavab verdi. Sonra Aqilin özündən də soruşdum. O, da cavabında “Atamdır, şair  Novruz  Gəncəli” deyə cavab verdi. O anlarda keçirdiyim  hissləri sözlə çatdıra bilmirəm. Bəli, o mənimçin əlçatmaz olan, 20 il adını eşidib üzünü görmədiyim, hər zaman zümzümə etdiyim “Ananın səsi” şerinin müəllifi Novruz Gəncəli idi. İlahi nə qədər sadə, mehriban, ağayanə, nurani  bir insan idi.

O zamandan etibarən, Novruz Gəncəlinin  gəlişini səbirsizliklə gözləyər, saatlarla onunla söhbət etməkdən, ədəbiyyat , ədiblər barəsində daha ətraflı, ictimaiyyətə  məlum olmayan,  maraqlı məlumatları bölüşər, ünsiyyətdə olardım. O, əruzun mahir bilicilərindən idi.

O qədər böyük insan idi ki, o vaxt xəstə olmağına baxmayaraq, çalışardı ünsiyyətdə olduqları onu hiss etməsin, onlara müsbət enerji, pozitivlik  versin. Günlərin birində eşitdim ki, Novruz müəllim dünyasını dəyişib.O günləri xatırlayarkən,  Novruz  Gəncəli şəxsiyyətinə, onun yaradıcılığına nəzər salıb belə bir qənaətə gəlirəm ki, o, çox dəyərli, ölməz bir sənətkardır. Çünki, onun yaradıcılığının şah əsəri isə  zənnimcə, “Ananın səsi” şeridir. Çünki şeir çox təsirli, aktual , bəşəriyyətə, dövlətləri, insanları  düşündürən bir şeirdir. Əslində şair bu şeirlə bəşəriyyəti səslənərək bir çağırış etmişdir. Bu gün dünyanı hərb meydanına çevirən , milyonlarla insanın ölümünə,  şəhər və kəndlərin dağılaraq , viran qoyulmasına insanların qaçqın və köçkün həyatı yaşamalarına rəvac verən,müharibədən varlanan, öz çirkin siyasətlərini həyata keçirən  böyük dövlətlərin  siyasətçilərinə səslənən çağırışdır.

Şair  qəhrəman, mübariz, azərbaycanlı anasının səsi ilə dünyaya səslənir, insanları sülhə, ülviyyətə, birgə yaşayışa , ölüm saçan silahları yox etməyə, birləşib dünyanı qorumağa səsləyir. Bax, budur  hər  bir azərbaycanlının qayəsi. Şair Novruz Gəncəli bu missiyanın  öhdəsindən məharətlə, ustalıqla gəlmişdir. Məncə, təkrar fikirlər olsa belə, deyəcəyəm ki, Novruz Gəncəli  yaradıcılığında heç nə yazmasaydı  təkcə “Ananın səsi” şeri ilə o, əbədi yaşarlıq qazanıb. Heç də hər bir şairə nəsib olmayan, dillər əzbərinə  çevrilən  bir əsərin müəllifi kimi qəlblərə, yaddaşlara köçüb. O, bir azərbaycanlı, bir vətəndaş kimi xalqının sülhsevər olduğunu bu şeir ilə dünyaya bəyan edib. O, təbii ki,  dərin ehtirama layiqdir.

Şair  N.Gəncəli II dünya müharibəsinin ağrı- acılarını, törətdiyi fəlakətiləri görmüşdü. Məhz buna rəğmən belə təsirli əsər yarada bilmişdi.

Mən çox xoşbəxtəm ki, canlı görüşüb ünsiyyətdə olduğum ədiblər—Süleyman Rüstəm, Mirzə İbrahimov, Qılman İlkin, Nəbi Xəzri, Cabir Novruz, Hüseyn Arif, Ələkbər Ziyatay, Vladimir Qafarov, Gülhüseyn Hüseynoğlu, Anar, Elçin, Ağasəfa və digərlərinin sırasında məhz şair Novruz Gəncəli də olmuşdur.

Şair təpədən dırnağa qədər vətəninə, torpağını elinə, xalqına bağlı bir sənətkar olub. Onun vətənpərvərliyi şerlərinin əsas  leytmotivini təşkil edir:

  Oyanar Babəklər, Qoç Koroğlular,
  Çəkər qılıncını Murovla, Qoşqar,
  Şahdağı hayqırar, Kəpəz hayqırar...
  Gözündə qalmasın xoş arzuların, 
  Açılsın, Cənuba gedən yolların.

Çoxşaxəli yaradıcılığı  malik şairin “Məhəbbət çiçək deyil”, “Unuda bilmirəm”  şerlərinə ölməz mahnılar bəstələnib.Onlar bu gün də dəyərli sənətkarlarımızın ifasını bəzəyir.

Bu ölməz şairin həyat bioqrafiyasına nəzər salaq:

Sadıqov Novruz İsmayıl oğlu (Novruz Gəncəli) 1921-ci il sentyabrın 12-də, Bakı şəhərində, dəmirçi ailəsində anadan olmuşdur. 8 yaşında olarkən atasını itirmiş, böyük qardaşın himayəsində yaşamışdır.1924 – 1934 – cü illərdə Z.A.Tağıyev adına toxuculuq fabriki nəznindəki 63 saylı orta məktəbdə ibtidai təhsil almışdır. Sonralar ailəliklə Gəncə şəhərinə  köçmüşlər. 1939-cu ildə Gəncə şəhər 3 saylı beynəlmiləl orta məktəbini bitirərək, Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinə daxil olmuşdur. Təhsil aldığı dövrdə, eyni zamanda 1939-1940-cı illərdə kitabxanada Azərbaycan şöbəsinin müdiri, 1940-1941-ci illərdə isə incəsənət muzeyində ekskursiya rəhbəri vəzifələrində çalışmışdır. Universitetin II kursunda o, əyani şöbədən qiyabiyə keçirilərək, 1941-1943-cü illərdə Lerik  rayonunun  bir neçə məktəbində müəllimlik etmiş, məktəb müdiri olmuşdur. 1943-1946-cı illərdə Bakıda Dövlət Təhlükəsizliyi orqanlarında məsul vəzifələrdə çalışmışdır. 1946-1949-cu illərdə isə Azərbaycan Yazıçılar İttifaqının “Natəvan ” klubunda fəaliyyət göstərmişdir. 1950-1960-cı illərdəki zaman kəsiyində müxtəlif  vaxtlarda “ Ədəbiyyat qəzeti”  redaksiyasında tənqid şöbəsinin müdiri,  “Azərbaycan gəncləri” qəzeti redaksiyasında ədəbi işçi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin təbliğat və təşviqat şöbəsində təlimatçı kimi şərəfli vəzifələrdə çalışmışdır.1960-1976-ci illərdə “Azərbaycan” jurnalı redaksiyasında baş redaktorun müavini olmuşdur. 1945-ci ildən Azərbaycan  Yazıçılar İttifaqının üzvü olan şair bir müddət orada poeziya üzrə məsləhətçi işləmişdir.

Şairin ilk kitabı 22 yaşında işıq üzü görüb. “Odlu ürəklər”  adlanan bu kitabın qədəmləri uğurlu olub. Sonrakı illərdə “Unudulmaz günlər”, “Şerlər”, “Dalğalar”, “Mənim mahnılarım”, “Üç dost”, “Könüllər açılanda”, “Unuda bilmirəm”, “Ədəbi dost” və s. şeir kitabları nəşr edilmişdir. Şairin sağlığında 14 kitab çap olunub.

N. Gəncəli C.Bayronun “Kavur”, Y.Çarentsin “Atam üçün” poemalarını ,A.Makayonokun “Tribunal”, C.Patrikin “Missis Səvinc”, B.Brextin “Kuraj ana və onun uşaqları” pyeslərini doğma dilimizə çevirmişdir.

O, SSRİ-nin bir çox medalı ilə təltif olunmuşdur.

Şair N. Gəncəli 1995-ci il oktyabrın 19-da Bakı şəhərində vəfat etmişdir, Maştağa qəsəbəsində Pirşəhid qəbirstanlığında dəfn olunmuşdur.

Ömrünü, həyatını Azərbaycan ədəbiyyatına sərf edən, yorulmadan sənət əsərləri yaradan bu ölməz şairin, mehriban, qayğıkeş, vətənpərvər ədibin adının məncə  əbədiləşdirilməsi məqsədə uyğun olar. Bir şeiri ilə bəşəriyyətə səslənərək möhkəm barış arzusunda olduğunu,  xalqının, millətinin sülhsevər olduğunu dünyaya car çəkən şairin 90 illik yubileyi səssiz keçirildi. Məhdud ailə çərçivəsində. Zənnimcə, gələcək nəslin azad, xoşbəxt, firavan, sülh şəraitində yaşamaları üçün mübarizə aparan bu ədibi onların tanıması  üçün şairin gələcəkdə yubiley tədbirlərinin keçirilməsi məqsədə uyğun olar.

Məncə haqqında söhbət açdığım, şairə şöhrət gətirən, dillər əzbərinə çevrilən,bu gün aparıcı dünya xalqlarının dilinə çevrilməsi vacib olan, sevilə-sevilə Zeynəb Xanalrovanın ifasında dinlədiyimiz “Ananın səsi” şeirini oxucularla bölüşmək indi yerinə düşər:

Ana qəlbim odlanır,
Söz düşəndə davadan.
Bəs deyilmi ey insanlar,
Töküldü qan,axdı qan?
Bəs deyilmi , qara torpaq
Su içdi göz yaşından.

Yer üzündə dostun olsun,
Gərək insan insanın,
Qəlbimdəki bu arzular,
Arzusudur zamanın.

Mən anayam bu səsimdə
Yerin, göyün, dərdi var.
Sülhə gəlin, ey insanlar
Yoxsa dünya məhv olar!

Silahalrı  yandırın,
Ərşə qalxsın tüstüsü
Hər obada, hər bir eldə,
Qanad açsın sülh sözü
Üzü gülsün insanların
Bayram etsin yer üzü.

Şair  Novruz Gəncəlinin ruhunu şad etmək isə mənə nəsib oldu. Ruhun şad olsun  ustad!

Qafar Əsgərzadə  
Azərbaycan   Jurnalistlər Birliyinin  üzvü,  
Pedaqogika üzrə fəlsəfə doktoru

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI