Modern.az

Baş Prokurorluqdan Azərbaycan vətəndaşlarına iki müraciət

Baş Prokurorluqdan Azərbaycan vətəndaşlarına iki müraciət

30 İyul 2010, 18:35

Azərbaycan Respublikası Baş Prokurorluğunun istintaq qrupu tərəfindən 27-29 fevral 1988-ci il tarixlərdə Sumqayıt şəhərində törədilmiş kütləvi iğtişaşlarla əlaqədar cinayət işinin istintaqı davam etdirilir. Modern.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

“Hazırda həmin hadisələrdən uzun müddət keçməsinə baxmayaraq, 1988-ci ilin fevralında Sumqayıt şəhərində törədilmiş iğtişaşların Dağlıq Qarabağın Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməsi və bunun üçün dünya ictimaiyyəti qarşısında Azərbaycan xalqının mənfi imicini formalaşdırmaq məqsədilə müəyyən kənar qüvvələr tərəfindən təşkil olunmaqla həyata keçirilməsi istintaq materiallarında öz əksini tapır və bununla əlaqədar sübut əhəmiyyəti ola biləcək yazılı sənədlərin, kitabların, elmi araşdırmaların, qəzet və jurnal məqalələrinin, məktubların, habelə foto, video, kino və sair materialların istintaqa təqdim edilməsi istintaqın tam, obyektiv və hərtərəfli aparılmasına köməklik göstərə bilər” –deyə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Vətəndaşlardan, habelə hüquqi və fiziki şəxslərdən 1988-ci ildə Sumqayıt şəhərində baş vermiş məlum hadisələrə dair hər hansı məlumatı özündə əks etdirən materialların istintaqa təqdim olunmasını və ya ifadə vermələri üçün istintaq qrupuna müraciət etmələri xahiş olunur.

İstintaq qrupunun ünvanı: Bakı şəhəri, Azadlıq prospekti, 22. tel.:498-95-36, 440-78-59

*** Digər məlumata görə, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində 1918-1920-ci illlərdə Azərbaycanın Bakı quberniyası, Quba, Şamaxı qəzaları və digər bölgələrində erməni-daşnak silahlı dəstələri tərəfindən yerli dinc azərbaycanlıların işgəncələr verilməklə kütləvi surətdə qətlə yetirilməsi, əmlaklarının talan edilməsi, yandırılması, dağıdılması, əhali üzərində zorakılıqların törədilməsi və sair faktlarla əlaqədar cinayət işinin istintaqı davam etdirilir.

Hazırda həmin hadisələrdən uzun müddət keçməsinə baxmayaraq, 1918-1920-ci illlərdə erməni-daşnak silahlı dəstələri tərəfindən Azərbaycan xalqına qarşı soyqırımın həyata keçirilməsi istintaq materiallarında öz əksini tapır və bununla əlaqədar iş üzrə sübut əhəmiyyəti ola biləcək yazılı sənədlərin, kitabların, elmi araşdırmaların, qəzet və jurnal məqalələrinin, məktubların, habelə foto, video, kino-foto və sair materialların istintaqa təqdim edilməsi istintaqın tam, obyektiv və hərtərəfli aparılmasına köməklik göstərə bilər.

Vətəndaşlardan, habelə hüquqi və fiziki şəxslərdən 1918-1920-ci illlərdə Azərbaycanın ərazisində erməni millətçi silahlı dəstələri tərəfindən törədilmiş qeyd olunan cinayətlərə dair hər hansı məlumatı özündə əks etdirən materialların istintaqa təqdim olunmasını və ya ifadə vermələri üçün istintaq idarəsinə müraciət etmələri xahiş olunur.

İstintaq idarəsinin ünvanı: Bakı şəhəri, Azadlıq prospekti, 22. tel:440-90-12, 440-78-59

Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI