Modern.az

“Müəllimimiz məktəbə hər gün 20 km yolu atla gələrdi” – Seyran Səxavətin KƏNDİ

“Müəllimimiz məktəbə  hər gün 20 km yolu atla gələrdi” – Seyran Səxavətin KƏNDİ

15 Oktyabr 2014, 10:04

Seyran Səxavət: “Kənd dünyanın ilkin yaşayış maketidir”

  

Modern.az-ın “Mənim kəndim” layihəsində əyalət mühitində doğulub-böyümüş ziyalılar, ictimai və mədəni xadimlər, jurnalistlər ürəklərində bir nostalgiya dumanı altında gizlətdikləri kənd təəssüratlarını bölüşürlər. Bu dəfə yazıçı Seyran Səxavət doğulub böyüdüyü Füzuli rayonu  Yuxarı Yağlıvənd  kəndi, orada keçmiş uşaqlıq illərindən müxtəsər şəkildə danışacaq. Bu müsahibə deyil, daha çox “ürəkboşaltma” söhbəti olduğu üçün əvvəldən-axıra həmsöhbətə danışmaq imkanı verilir:

Mənim kəndim

Mən 1946-cı il martın 23-də Qarabağ bölgəsinin Füzuli-Yuxarı Yağlıvənd kəndi, Kovxalı obası, Muradxanlı məhləsində dünyaya gəlmişəm. Gözümü açmışam və görmüşəm ki, Novruz bayramı vaxtı stolun üstü dünyanın nemətləri ilə doludur. Mən 19 yaşıma kimi o kənddə yaşamışam.

Mənim məktəbim  

Orta məktəbi  orada oxumuşam. Köndələn çayının üstündə gözəl bir məktəb var idi. Bizim müəllimlərimiz əvəzsiz müəllimlər idi. Bir tarix müəllimimiz var idi. Hər gün hava şəratinidən asılı olmayaraq, haradasa 20 kilometr uzaq məsafədən atla gələrdi. 1 saat da dərsindən geri qalmırdı. O vaxt təhsilə münasibət, ata-anaya münasibət qədər müqəddəs və ciddi idi.

Yazılarımdakı kənd

Bizim kəndimiz mənim fikrimcə dünyanın ən gözəl kəndidir. Romanlarımın birində yazmışam ki, böyük Allahımız dünyanı bizim kəndin üstündən idarə edir. O dərəcə mən öz kəndimə bağlıyam. Demək olar ki, Azərbaycan dilində belə bir söz var idi. Yaxın keçmişdə 7 para kənddən ibarət idi. Kovxalı obası, İrənşəlli obası, Aşırlı obası, Qədirli obası, Ciyəli obası, Lələli obası və O tay lələli obası. Təpələr, dağlar, bizim evlə üzbəüz Qara Quzey adlı yer var idi. Biz ona dağ deyirdik. Həmişə başı dumanlı, yayın cırcıramasında da orada qar qalırdı. Bir dəfə biz qar yeməyə getmişdik. Gülalı kişi var idi. Qoyunlarını otarırdı. Bizə dedi ki, a bala, o qarı yeməyin, o qara qurd düşüb. Bizə çox təəccüblü gəldi ki, qurd ətə, pendirə düşər. Qara qurd düşübsə, qarın içində necə yaşayır? Kəndlə bağlı indiyə qədər 6 roman yazmışam. 10-a qədər povest, pyeslər və s. publisistik yazılarım olub.

 

Kəndə sevgi 

Mən kəndimizi çox sevirəm və şəhərdən də üstün tuturam. Baxmayaraq ki, 19 il kənddə yaşamışam, 50 ildir ki,  şəhərdə yaşayıram. Kəndi həmişə şəhərdən üstün tutmuşam.

Kənd və şəhər

İstənilən kəndçi balası 2-3 nəsildən sonra çevrilib super şəhərli ola bilər. Amma istənilən şəhərli heç vaxt, lap 10 nəsil də çevrilib kəndçi ola bilməz və şəhərdə yaşaya bilməz. Yəni kəndçilərin şəhərlilərdən üstünlüyü bundan ibarətdir ki, kəndçilər şəhərdə yaşaya bilər, amma şəhərlilərin kənddə yaşamağı çox müşkül və qəliz məsələdir. Ona görə də kəndi şəhərdən üstün tuturam. 

Bizim kənd və dünya

Belə hesab edirəm ki, kənd dünyanın ilkin yaşayış maketidir. İlk də həmişə gözəl olur. Eldə bir məsəl var. Deyirlər: “Ələddin gözümün ilk havıdı”. Ona görə də dünyanın ilkin maketi kimi kənd çox cazibədardır. Kəndlər olmasaydı, dünyada bir dənə də şəhər ola bilməzdi. Kəndlər həm də şəhərləri adamlarla təchiz edən nəhəng, mükəmməl arsenaldır.


O kəndin verdikləri

Kənddən 50 il bundan əvvəl gəlmişəm. Mən bunu 15-20 il qabaq duymuşam. Anlamışam ki, hələ indiyənə qədər kənddən gətirdiyimi xərcləyirəm. Söhbət puldan, mal-dövlətdən getmir. Kəndimizin mənim içimə, ürəyimə, daxilimə, canıma, qanıma qoyduğu təmizliyi, o etibarlığı, adamların etibarını yaxşı mənada qazanmaq bacarığını öyrəndim. Xərcləyirəm, üstünə gəlir ki, qurtarmaq bilmir.

 

Ulduz İBRAHİMOVA

Elmin NURİ

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI