Millət vəkili gürcüstanlı tələbə soydaşlarımızla görüşüb
Novxanı qəsəbəsindəki “Aquapark” Əyləncə Mərkəzində Milli Məclisin (MM) Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Qənirə Paşayeva ilə iyulun 26–dan Azərbaycanda səfərdə olan Gürcüstandakı azərbaycanlı tələbə və gənclər təşkilatlarının bir qrup nümayəndəsinin görüşü keçirilib. Qeyd edək ki, Gürcüstandakı azərbaycanlı tələbə və gənclər təşkilatlarının bir qrup nümayəndəsinin Azərbaycana məlum səfəri “Gürcüstanda yaşayan azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiyası ilə bağlı tədbirlər planı”na uyğun olaraq Gürcüstanda yaşayan gənclərin tarixi vətənləri ilə əlaqələrinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərləri, mədəniyyəti haqqında daha da geniş şəkildə məlumatlandırılması və yay tətilinin səmərəli təşkili məqsədi ilə reallaşdırılır. Onu da qeyd edək ki, sözügedən layihə artıq 4 ildir Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə gerçəkləşdirilir. Görüşü açan Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Füzuli Nəcəfov qeyd edib ki, millət vəkili Q.Paşayeva Gürcüstan azərbaycanlılarına və ictimaiyyətinə çox yaxından tanış olan bir şəxsdir. “Qənirə xanım dəfələrlə Gürcüstanda olub, bu ölkədə yaşayan azərbaycanlılarla çoxsaylı görüşlər keçirib və gürcüstanlı soydaşlarımızın problemlərinin, qayğılarının həlli istiqamətində böyük səylər göstərib, böyük işlər görüb“- deyə F.Nəcəfov fikirlərini tamamlayıb.
“Bura sizlərə yad yer deyil. Bura sizlərin də vətəni sayılır” -deyən Q.Paşayeva isə görüş içtirakçılarının çoxunun ona tanış olduğunu dilə gətirib: “Mən bir çoxlarınızı şəxsən yaxından tanıyıram, ancaq sizlərdən elələri var ki onları ilk dəfədir görürəm. Açığını deyim, mən bu görüşə kiməsə ağıl öyrətmək, dərs keçmək, mühazirə oxumaq üçün gəlməmişəm. Mən bu görüşə sizinlə səmimi şəkildə müzakirə, diskusiyya aparmaq üçün gəlmişəm. Bilmək istəyirəm ki, sizlər burada olduğunuz müddətdə nələrlə tanış olmusunuz, daha çox nələr yadınızda qalıb”.
Buna cavab olaraq, görüş iştirakçılarından bir neçəsi Bakıda olduqları bir neçə gün ərzində Azərbaycanın tarixi memarlıq abidələri, konkret olaraq, Qız Qalası, Şirvanşahlar sarayı, Atəşgah abidəsi ilə tanış olduqlarını, o cümlədən Milli Elmlər Akademiyasında bir qrup tarixçi, Folklor İnstitutunun əməkdaşları ilə görüşdüklərini, həmçinin Şəhidlər xiyabanını, Fəxri xiyabanı ziyarət etdiklərini bildiriblər. Onlar eyni zamanda müqayisə nəticəsində Azərbaycan tarixinin yaşadıqları ölkənin – Gürcüstanın tarixindən daha qədim və daha zəngin olduğunu da vurğulayıblar.
Q.Paşayeva öz növbəsində “millətinin tarixini bilməyən insana mən bütöv insan kimi baxmıram”- deyə bildirib və əlavə edib ki, tarixən Gürcüstanda, öz ata-baba yurlarında yaşayan soydaşlarımız, xüsusilə gənc azərbaycanlılarımız Azərbaycan xalqının tarixinin öyrənilməsi və təbliği istiqamətində öz bilik və bacarıqlarını əsirgəməməlidirlər: “Əslində heç biz özümüz də Azərbaycan tarixini düz-əməlli öyrənməmişik. Çünki 70 il yaşadığımız sovet rejimi buna imkan verməyib. Orta məktəblərdə 7-8 ci siniflərdə Azərbaycan tarixi tədris olunurdu ki, buna da tarix demək olmazdı. Ona görə sizlər də sadəcə, tanışlıqla kifayətlənməməlisiniz, Azərbaycan tarixinin öyrənilməsi və təbliğində daha fəal olmalısınız, ciddi işlər görməlisiniz”. Millət vəkili görüş iştiraçılarına virtual məkanın imkalarından da maksimum dəcədə səmərəli istifadə etməyi məsləhət görüb: “Doğrusunu deyim ki, mən facebook-dan çox rahatsızam, oradan istifadə etmirəm. Çünki görürəm ki, gənclərimizin çoxu bu imkandan ağıllı istifadə etmək, yararlanmaq əvəzinə tamamilə başqa məqsədlərlə yararlanırlar. Ancaq mən hesab edirəm ki, sizlər bu virtual məkandan çox ağıllı şəkildə istifadə edərək həm özünüzə, həm gürsüctanlı soydaşlarımıza, həm də bütövlükdə Azərbaycan insanına çox böyük xeyirlər verə bilərsiniz”. Görüş zamanı millət vəkili Gürcüstan azərbaycanlıları, xüsusilə qızlar arasında erkən nigah hallarının artmasından da narahatlığını bildirib və sözlərinə əlavə edib ki, bu problemin aradan qaldırılmasında hər kəs öz iradəsini ortaya qoymalıdır. Yəni, bu problemin həlli istiqamətində ən vacib addım kimi qızların təhsildən yayındırılmasının qarşısı alınmalıdır: “Mən belə bir məlumat da əldə etmişəm ki, xüsusilə Gürcüstanın Azərbaycanın Qazax bölgəsinə yaxın kəndlərində təhsil göstəriciləri çox aşağıdır. Əvvəlki illərlə müqayisədə burada göstəricilər qat-qat aşağıdır. Ona görə siz gənclər bu məsələdə öz sözününzü deməlisiniz. Sizlər Gürcüstan azərbaycanlılarının ziyalı elitasısınız. Sizlər təhsil aldıqdan sonra Azərbaycan və ya başqa ölkələrə üz tutmamalısınız, məhz öz ölkənizə qayıdaraq soydaşlarınızın daha da inkişaf etməsi, irəliyə getməsi üçün çalışmalısınız”.
Görüş zamanı digər aktual məsələlər ətrafında da fikir mübadiləsi və diskusiya aparılıb.
Modern.az