Modern.az

Tələbələrin iştirakı ilə dövlət-din münasibətləri müzakirə edilib

Tələbələrin iştirakı ilə dövlət-din münasibətləri müzakirə edilib

Qarabağ

30 İyul 2010, 19:04

İyulun 30-da «Kaspi» qəzetinin redaksiyasında Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyələşdirdiyi «Azərbaycanın dövlətçilik tarixinin təbliği» layihəsi çərçivəsində universitetlərin jurnalistika fakültələrinin tələbələrinin iştirakı ilə dəyirmi masa keçirilib. Tədbiri açıq elan edən «Kaspi» qəzetinin baş redaktoru Natiq Məmmədli həyata keçirilən layihə barədə məlumat verib.

O bildirib ki, hazırda Azərbaycanın dövlətçilik tarixinin təbliği zərurətə çevrilib. Bu baxımdan hazırda dövlət-din münasibətlərinin də işıqlandırılmasına ehtiyac var. Onun sözlərinə görə, mətbuatda dini məsələlərin işıqlandırılması həssaslıq tələb edir: «Azərbaycan dövləti dünyəvi olsa da, din bizi birləşdirən əsas meyarlardan biridir».

Baş redaktor qeyd edib ki, hazırda islamın həqiqi mahiyyəti insanlara çatdırılmasına böyük ehtiyac var. Ona görə də mətbuat çalışmalıdır ki, islamı ancaq yas dini kimi təqdim etməyin qarşısını alsın. İslam dini bizim yadımıza təkcə hüznümüz düşəndə yada düşməməlidir. İnsanlara bu dinin elmi əsasları, gözəllikləri barədə məlumatlar çatdırılmalıdır.  

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbəsi Rafiq Qəmbərov dini mövzuların mətbuatda işıqlandırılmasının istənilən səviyyədə olmadığını bildirib. O qeyd edib ki, nə mətbuat, nə də televiziyalar bu sahədə qaneedici iş ortaya qoya bilmirlər.

«Kaspi» qəzetinin redaktor müavini İlham Quliyev isə qeyd edib ki, mətbuatda dini maarifləndirmə xarakterli məqalələrin hazırlanma formatında islahatlara ehtiyac var. Qəzetlər bu sahədə ənənəvi metodlarla yanaşı, yeniliklərə də çalışmalıdırlar: «Qəzetlər nəzərə almalıdırlar ki, oxucuların hamısının səviyyəsi eyni deyil. Ona görə də jurnalistlər dini mövzulara elə toxunmalıdırlar ki, həm bu sahədə tam məlumatlı olanların, həm də yeni maariflənənlərin maraqlarını nəzərə ala bilsinlər».

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbəsi Elvin Nuruzadə bildirib ki, xurafatla həqiqi islamı bir-birinə qarışdırmaq olmaz. Onun fikrincə, mətbuat dini mövzuları xalqın öz dilində təsvir etməlidir. Nəzərə alınmalıdır ki, Azərbaycan cəmiyyətinin böyük bir qisminin dini bilikləri o qədər də yüksək səviyyədə deyil: «Bəziləri dini bir siyasi silah kimi təsəvvür edirlər. Əslində isə din Allahla insanın rabitəsidir. Əsl din insanın kamilləşməsi və özünü dərk etməsidir».

«Kaspi» qəzetində dini mövzulara da yer ayrıldığını bildirən N.Məmmədli sentyabr ayından qəzetdə bu mövzulara aid materialların dərc edilməsinə diqqət ayrılacağını bildirib.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama