Modern.az

Mirzə İbrahimov Qabili ölümdən necə qurtarıb...

Mirzə İbrahimov Qabili ölümdən necə qurtarıb...

15 Oktyabr 2014, 15:50


Bu gün Azərbaycan-sovet yazıçısı, dramaturq, ictimai xadim, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1954-1958), 1937-1991-ci illərdə SSRİ Ali Sovetinin deputatı (fasilələrlə), Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin sədri (1946-1954), birinci katibi (1965-1975), Azərbaycan SSR maarif naziri (1942-1946). Azərbaycan SSR Ali Sovetinin (3-4-cü, 6-7-ci və 9-cu çağırış) deputatı olmuş Mirzə İbrahgimovun doğum günüdür.

Modern.az saytı mərhum şair Qabilin Mirzə İbrahimovla bağlı xatirələrindən bəhs edən “Ruhun şad olsun, Mirzə müəllim” məqaləsindən bəzi seçmələri təqdim edir.

QABİL

Ay Əhməd, sən də

1950-ci il idi. Mirzə İbrahimovun təşəbbüsü ilə yaranmış və onun başçılıq etdiyi məşhur, tarixi “Gənclər günü”nün növbəti yığıncağı idi. Burada bəyənilən əsərlər, yazılar dərhal çapa verilir, tamaşaya qoyulurdu. Belə yığıncaqların birində Mirzə İbrahimov ortada, sağında Əli Vəliyev, solunda Əhməd Cəmil əyləşmişdi. Bir müəllif pyes oxuyurdu. Mirzə əsəbi-əsəbi qabağındakı kağıza nəsə cızır, nəsə yazırdı. Əli Vəliyev vəl boyda iri əlini üzünə dayayıb, elə bil, mürgüləyirdi. Həmişə iclaslarda, rəyasət heyətlərində dinməz-söyləməz, sakit oturan Əhməd Cəmil yerində qurcalanır, vurnuxur, müəmmalı-müəmmalı gah Mirzə İbrahimova, gah Əli Vəliyevə, gah da bizə - camaata baxırdı... Varaqlar çevrilirdi...

Pyesdə Azərbaycandakı zərəverici həşəratlarla, Ermənistandakı zərərverici həşaratların müqayisəsindən və hansının daha çox ziyankarlığından söhbət gedirdi. Deyəsən, kənd təsərrüfatının o zaman üçün “daha vacib problemlərinə” də,  - guya “problemlərinə” və guya “toxunulurdu”. Bədiilikdən və dramaturgiyadan, inandırıcılıqdan və təbiilikdən başqa yazıda nə istəsəydin vardı.

Ümumiyyətlə bu səpkili əsərlər o vaxtlar məşhur, bədnam konfliktsizlik nəzəriyyəsinin hökm sürdüyü ədəbi mühit üçün səciyyəvi idi, təkcə Azərbaycanda yox, bütün ölkədə.

Azacıq fasilədən sonra müəllif təzə pərdənin remarkasını oxudu. Remarkada yağış təsvir edilirdi, yağış yağırdı. Əhməd Cəmil birdən sükutu pozdu... Müəllifin sözünü, oxumağını kəsdi... üzünü Mirzə müəllimə çevirdi... incə bir kinayə və istehza ilə, xalis Gəncə ləhcəsində soruşdu:

- Ay Mirzə, bu yağışı səhnədə nə təhər yağdırajaxlar?

Sən demə bayaqdan donub dayanmış Mirzə İbrahimov Əhməd Cəmilin bu sualına bənd imiş... Açıldı, nə açıldı:

- Bu cəfəngiyyat qoy hələ bir səhnə üzü görsün... qalsın yağışı... Ay Əhməd, sən də...

ARXA, HİMAYƏ

Yardımlıda müəllimlikdən imtina edib Bakıya qayıtmışdım. Bu, o vaxtın qanunlarına görə “fərari”lik sayılırdı. Gündə milis evə “povestka” göndərirdi. Həm də məni yeni işə heç kim götürmürdü. Mirzə müəllim onda Nazirlər Soveti sədrinin müavini işləyirdi. Yanına getdim. Əvvəl məni “Azərbaycan müəllimi” qəzetinə ştatdankənar müxbir düzəltdi. Gəlib giley-güzar etdim ki, dolanışıq yoxdur. Mirzə müəllimin sözüylə məni ştata – şöbə müdirliyinə  götürdülər. Bir dəfə Şamaxıya gəzməyə gedib işə gec qayıtdığıma görə çıxartdılar. Onda məni 40 nömrəli Bakı fəhlə-gənclər məktəbinə birbaşa dərs-hissə müdiri vəzifəsinə təyin elətdirdi. Orda da işləməyib qaçdım.

1953-cü ildə Mirzə İbrahimov məni yanına çağırtdırıb xırda gözlərini qıya-qıya (Məmməd Rahim dalda ona tumgöz deyərdi) dedi:

- Qabil, bala, səndən bir yerdə qərar tutub işləyən olmaz. Gəl səni göndərim bir aylıq yaradıcılıq ezamiyyətinə. Volqa-Dona, Stalinqrada, Kuybışev tikintilərinə - get həyatı öyrən...

Çox şad oldum. Yaradıcılıq ezamiyyətinin hər bir günü 150 rubl idi. İndiki haqq-hesabla 150 dollar. Təsəvvür edin! Həmin ezamiyyətdən Stalinqrad şeirləri yadigar qaldı.

Moskvadan Yazıçılar İttifaqına məktub gəldi ki, bəs M.Qorki adına Ədəbiyyat İnstitutunun nəzdində iki illik Ədəbiyyat kursları açılır. Bir nəfər “sluşatel” – müdavim göndərin. Təqaüd ayda 1500 rubldır. Mirzə müəllim məni həmən kurslara göndərdi.

BAĞIROVUN QİYMƏTİ

Qocaman yazıçılar, köhnə partiya işçiləri deyirdilər ki, otuzuncu illərdə Mir Cəfər Bağırov raykom katiblərini Mirzə İbrahimovun “Həyat” pyesinin tamaşasına baxmamış qəbul etməzdi.

BÖYÜK İXTİYARLI, BÖYÜK ÜRƏKLİ

1954-57-ci illərdə ailə, məişət, gənclik, sevgi, məhəbbət mövzusunda “Mehparə” adlı poema yazdım. Səməd Vurğunun haqsız və amansız tənqidə məruz qalmış məşhur “Aygün” poemasından sonra “Mehparə” təxminən həmən mövzuda, həmən ruhda ikinci əsər idi. Həcminə görə (2500 misra) bu poemanı ancaq “Azərbaycan” jurnalı çap edə bilərdi. Ancaq, nə jurnal? Heç kəs onu - əsəri yaxın buraxmırdı. Neyləyim, nə çarə qılım? Yazını Mərkəzi Komitənin Təbliğat-təşviqat şöbəsinə verdim. Şöbədə təlimatçı işləyən şair Novruz Gəncəli məni müdafiə etdi – gücü çatmadı. Süleyman Rəhimov kimi nəhəng yazıçı işə qarışdı, xeyri olmadı...

Mirzə İbrahimov Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri, Mərkəzi Komitənin büro üzvü idi... Əlacım yox idi. Bir səhər gəldim Mirzə müəllimgilə, blokun ağzında növbə çəkən milis nəfəri əlbəttə, nəzakətlə qabağımı kəsdi. Bu gün dəbdə olan ifadəylə özümü təqdim edib yuxarı qalxdım. Əlimi zəngin düyməsinə aparmağımla qapının açılması bir oldu. Mirzə müəllimlə üz-üzə dayandım.

-  Xoş gəlmisən, Qabil, xeyir ola, gəl içəri.

- Mirzə müəllim, sizi səhər-səhər narahat elədiyimə görə üzr istəyirəm.

- Gəl, gəl içəri.

- Çox sağ olun! Mirzə müəllim, mən bir yazı yazmışam, çap eləmirlər. Üç il üstündə işləmişəm. Ümidim sizədir. Fikriniz hər nə olsa inanacağam.

- Yaxşı, ver qalsın, baxaram.

Ürəyimdə fikirləşdim ki, əgər Mərkəzi Komitənin şöbə müdiri əsəri bir aydan çox saxladısa, Mirzə İbrahimov kimi böyük adam lap üç ay saxlaya bilər.

Televiziyada işləyirdim. Mirzə müəllimin evinə getməyimdən cəmi üç gün keçmişdi. İşə gələndə dedilər ki, Ali Sovetdən Mirzə İbrahimovun köməkçisi zəng eləmişdi. Filan saatda sədrin yanında olmalısan.

Təsəvvür edin ki, məni nə cür həyəcan bürümüşdü. Özümdə-sözümdə deyildim. Düşünürdüm ki, yəqin yazını oxuyub, bərk açığı tutub, məni tez çağırtdırıb ki, biabır etsin, qovluğumu qoltuğuma verib kabinetdən qovsun. Böyük, geniş, əzəmətli kabinetdə Mirzə müəllim stolun arxasından durub məni qarşıladı...

- Xoş gəlmisən, əyləş, poeman xoşuma gəldi. Ancaq...

Qulaqlarım dolmuşdu.

- Qabil, eşidirsən?

- Mirzə müəllim, icazə verin papiros çəkim.

Papirosdan da, içkidən də zəhləsi gedən Mirzə müəllim:

- Çək.

- Papirosum qalıb plaşın cibində.

Zəng basıldı. Bir qutu papiros gəldi.

- Kibritim də yoxdu.

Kibrit də gəldi.

- Qabil, qulaq as.

- Mirzə müəllim, bəs külqabı?

O, uşaq təbəssümüylə yenə zəngi basdı. Ağır, büllur külqabı gəldi.

- Qabil , eşidirsən?

Bəli, bəli! Mirzə müəllim!

- Beş qeydim var. Birinci əsas qeydim odur ki, əsərin qəhrəmanı -  Mehparə ölməməlidir – daha doğrusu, özünü bir Don Juana görə tələf etməməlidir. Onsuz da evlərdə neçə-neçə nişanlı qız, cavan gəlin, bəzən lap heç nəyin üstündə özünü yandırıb öldürür. Poemadakı bu epizod – özü də təsirli yazılmış bu fəsil odun üstünə yağ tökəcək. Olmaz! Başqa işarə qoyduğum, xətt çəkdiyim yerlərə, suallara da baxarsan. Bütün qeydləri, iradları  düzəltmək məcburi deyil. Şairsən, müəlliflik hüququn var.

- Mirzə müəllim, çox sağ olun. Üzərində işləyəndən sonra sizə göstərəcəyəm.

- Lazım deyil. Jurnalda oxuyaram.

- Mirzə müəllim, jurnalda?!

- Bəli, “Azərbaycan” jurnalında. Alı Qara oğlu (o, Əli Vəliyevi belə çağırırdı) əsəri özü səndən istəyəcək.

Mən Mirzə müəllimin qeydlərini əsasən nəzərə alıb poemanın üzərində işləyib qurtardım. Lakin redaksiyaya getmədim. Bir gün baş redaktor  Əli müəllim - əslində çox xeyirxah, çox adama yaxşılıq etmiş bir insan – məni çağırdı.

- Gətir əsərini.

- Əli müəllim, hələ hazır deyil.

- Gətir, ayağın yer tutmasın, hər şeyi bilirəm...

İndi fikirləşirəm ki, “Aygün”lə bağlı yanlış əhvali-ruhiyyə, yanlış ictimai fikrə görə, o vaxt “Mehparə”nin çapı heç Əli Vəliyev kimi adamın da  iradəsindən asılı deyilmiş. Poema tam şəkildə jurnalda, ancaq və ancaq Mirzə İbrahimov kimi böyük ixtiyarlı, böyük ürəkli adamın gücünə çap edildi.

İyirmi beş min manat qonorara o vaxt dəbdə olan “Zimbala” deyilən maşın aldım.

MAHİR QABİLOĞLUNDAN

Hörmətli oxucu, sizə təqdim etdiyim bu xatirələr atamın “Ruhun şad olsun, Mirzə müəllim” məqaləsindəndir. Mənə də Mirzə İbrahimovu görmək, görüşmək nəsib olub. Atamın dilindən onunla bağlı bəzi eşitdiklərimi bu yazıya əlavə etmək istədim.

Birinci – “Mehparə” poemasıyla bağlı atamın xatirəsi dolğun yazılsa da, Qabil əhvalatın əvvəl hissəsini nədənsə yazmayıb. Üç il zəhmət sərf etdiyi bir poemanın çap olunmamasını faciə kimi qəbul edən Qabil intihar etməyə qərar verir. Yazışılar İttifaqından bu fikirlə çıxarkən təsadüfən Mirzə müəllimlə üz-üzə gəlir. O da səbəbini soruşur. Arxasını isə bilirsiniz. Mirzə İbrahimov, belə desək, Qabili ölümdən qurtarır.

Mirzə İbrahimov ömrü boyu böyük vəzifələrdə olub. Ali Sovetin Rəyasət Heyətinin sədri kimi Azərbaycanın rəhbəri sayılıb. Onun bir vəzifəsi də olub – Asiya və Afrika ölkələri ilə Sovet Həmrəylik Komitəsinin sədri kimi uzun illər fəaliyyət göstərib. Atamın da köntöy suallarından heç vaxt inciməyib.

- Mirzə müəllim, doğurdanmı heç ömrünüzdə bir qram da spirtli içki dilinizə dəyməyib?

- Dəyib. Bir dəfə.

- Pivə?

- Yox. Çaxır.

- Harda?

- Rəsmi ziyafətlərdə rumkanı, ya bakalı qaldırıb dodağıma toxundurub qoyurdum süfrəyə. Amma Asiya və Afrikadan olan qonaqları bir dəfə Gürcüstana aparmışdım. Onlar da el adətincə buynuzlara çaxır doldurub verdilər bizə. Dodağıma vurub stola qoysaydım aşıb dağılacaqdı. Ona görə diplomatlığımın xatirinə - hamısını çəkdim başıma.

Hə, başqa bir hadisə də oldu. Fransada olarkən. Stolda müxtəlif yeməklər vardı. Baxdım ki, heç biri tanış deyil. Bizim qayğanağa oxşar bir şey gördüm. Dedim ki, heç nə yeməsəm pis çıxar. Ona görə də çəngəli batırdım qayğanağa ki, bir tikə götürüb yeyim. Çəngəli ağzıma aparırdım ki, gördüm qurbağa ayağı da yapışıb yumurtaya. Hamı mənə baxırdı. Özümü sındırmadım. Ağzıma basıb ləzzətlə yeməyə başladım.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI