Modern.az

Tarixçi Yaqub Mahmudova SUALLAR: “Bir millət, üç dövlətmi?..”

Tarixçi Yaqub Mahmudova SUALLAR: “Bir millət, üç dövlətmi?..”

15 Oktyabr 2014, 17:03

Mahir Qabiloğlu

Hörmətli Yaqub müəllim! Sizin alimliyinizə, akademikliyinizə, təşkilatçılıq qabiliyyətinizə zərrəcə şübhəm yoxdur. “Tarix İnstitutu İrəvanın ermənilərə verilməsiylə bağlı maraqlı faktlar aşkarladı” yazınızın önündə qoyduğunuz “Azərbaycan xalqının həmin torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır” şüarınıza da ilk baxışdan əl qaldırdım. Amma oxuyandan sonra gördüm ki, bu erməni məsələsi çox qəliz şey imiş. 

Bu məqaləniz, daha doğrusu istinadlarınız məni, ürəyimdə gəzdirdiyim bir çox şübhələrdən azad etdi. Belə bir nəticəyə gəldim ki, bu yazıq ermənilərin heç bir təqsiri yox imiş. Ən böyük günahkar elə Osmanlı Türkiyəsi və onun buyruğuna quyruq bulayan Azərbaycan Xalq Cümhuriyyətiymiş. Bu məqalənizi özümün maariflənməyim baxımından yüksək qiymətləndirdim. Bircə sonuncu abzasını və hayların sözlərinə dönük çıxmalarıyla bağlı bir qeydinizi qəti qəbul etmirəm. Sizi deyə bilmirəm - bu məqalənizdən sonra mən “Azərbaycan xalqının həmin torpaqlara tarixi varislik hüququ”nu qəbul edirəm, amma, müstəqil Azərbaycanımıza Azərbaycan Xalq Cümhuriyyətinin varisi olmasını yaraşdırmıram.  O ki, qaldı Konfederasiya ilə bağlı qeydə... Onu sonda deyəcəyəm.

İndi isə suallarım. Xahiş edirəm nadanlıq kimi qəbul etməyin? Sadəcə Azərbaycan vətəndaşı Mahir İmamverdiyevi maraqlandıran suallardır bu. Özü də sizin yazdıqlarınızdan doğan suallar. İstəsəniz cavab verərsiniz, istəməsəniz, canınız sağ olsun. Bəlkə də suallarımı bir də təkrar oxuyub cavabı özüm taparam.


1-ci sitat -  Birinci Dünya müharibəsini aparan hərbi blokların hər ikisinin, həm Antantanın (Rusiya, İngiltərə, Fransa, ABŞ), həm də  Almaniya-Türkiyə blokunun üzvləri arasında ermənilərə dövlət yaratmaq barədə ümumi fikir formalaşmışdı. Rusiya, İngiltərə, Fransa və ABŞ gələcək erməni dövlətinin Osmanlı Türkiyəsi ərazisində - Şərqi Anadoluda yaradılmasına tərəfdar idilər. Azərbaycanın arxalandığı və məğlubiyyət qarşısında olan Osmanlı Türkiyəsi isə "erməni təhlükəsi"ni özündən, yəni Şərqi Anadoludan uzaqlaşdırmaq üçün erməni dövlətinin Türkiyə sərhədləri xaricində - Osmanlı hərbi qüvvələri tərəfindən zəbt olunmuş Azərbaycan torpaqlarında yaradılmasına çalışırdı.

Sual: Yaqub müəllim, belə çıxmırmı ki, 29 may 1918-ci ildə haylara verilmiş torpaqlar nə süquta uğramış Rusiya imperiyasının, nə bolşeviklərin, nə də hələ elan olunmamış Azərbaycan Xalq Cümhuriyyətinin imiş. Bu torpaqlar   Osmanlı qüvvələri tərəfindən zəbt olunubmuş və Türkiyəyə məxsusmuş? Belə çıxır ki, hər şeyi Türkiyə diqtə edirmiş? Qardaş da qardaşın torpağını zəbt edib, sonradan da zəbt etdirərmi? Məhz bu məsələdə haylarda təqsir görürsünüzmü? İrəvana yiyələnmək hayların tələbiydimi, yoxsa ki, türklər tərəfindən Aleksandropol yerinə verilən əvəz?

Sual: Yaqub müəllim, Əgər bu fikrimlə razısınızsa, onda belə bir məntiqi sonluq alınmırmı ki, Azərbaycanın 60 faiz ərazisini zəbt edən hayların ondakı havadarları da hazırki şəraitdə diqtə edən tərəfdir.

Sual: Yaqub müəllim, Siz həm də millət vəkili – siyasətçisiniz. Bunu xəbərdarlıq kimi qəbul etmək olarmı? Yəni...  sabah bu dörd xarici nəhəng dövlətdən biri ordusunu Qarabağa salıb, sonra da  Azərbaycana deyə bilərmi ki, “gəl torpağın verilməsinə qol çək. Qol çəkməlisən!!!!!!! Bəs bu tarixi zərurətdir”.

Sual: “Məndən keçsin, dostuma dəysin” deyənə dost, qardaş demək nə dərəcədə düzgündür?

2-ci sitat: “...Azərbaycan tərəfinin, real olaraq, həm böyük dövlətlərin təzyiqlərinə, həm də ölkənin bütün ərazilərində soyqırımıları həyata keçirən daşnak-erməni silahlı birləşmələrinə və onların arxasında duran dövlətlərə silahlı müqavimət göstərmək gücü yox idi. Buna görə də, Azərbaycan milli hərəkatının xadimləri ermənilərə dövlət yaratmaq məsələsində Osmanlı Türkiyəsinin diktəsi ilə hərəkət edirdilər, daha doğrusu buna məcbur idilər...”.

“...Yaranmış tarixi şəraitdə Azərbaycan tərəfi, yəni Zaqafqaziya Seyminin Azərbaycan fraksiyasının nümayəndələri ermənilərə dövlət yaratmaqdan ötrü hansı Azərbaycan torpaqlarının verilməsini müəyyən etmək üçün Türkiyənin vasitəçiliyi ilə erməni tərəfi ilə danışıqlara girdi...”.

Sual: Yaqub müəllim, “Azərbaycan tərəfi”. Siz burda Azərbaycan tərəfi deyəndə, tarixi faktlara əsaslanıb, Zaqafqaziya Seyminin  Azərbaycan fraksiyasının nümayəndələrini nəzərdə tutmusunuz. Bəs erməni tərəfi deyəndə kimi nəzərdə tutrsunuz? O vaxt Zaqafqaziya seymi təkcə gürcü və azərbaycanlılardan ibarət idi, yoxsa ki, ermənilər də tam səs hüquqlu tərəf sayılırdı?

Sual: Sonra da qeyd edirsiniz ki, Batum konfransı 1918-ci ildə, mayın 11-dən iyunun 4-nə qədər davam edib. Belə çıxmırmı ki, 1918-ci ildə 22 aprel – 26 may tarixləri arasında, cəmi 34 gün ərzində fəaliyyət göstərən, paytaxtı Tiflis olan bir seymin azərbaycanlı deputatları, olmayan Azərbaycanda müstəqil Azərbaycan Respublikası yaratmaq xatirinə bu danışıqlara getmişdilər? Hayları başa düşdük, bəs  Türkiyəyə niyə  torpaq bağışlamışdılar? (daha sonra torpaqların verilməsi barədə sizin gətirdiyiniz faktları verəcəyəm).

3-cü sitat:  “Sədrəzəm Tələt paşa və hərbi nazir Ənvər paşa Cənubi Qafqazda erməni dövləti yaradılmasının əleyhinəydilər və bu məsələdə "çibanı kökündən təmizləmək" tərəfdarı idilər. Bu mümkün olmadıqda "Ermənistanın çox zəif və yaşaya bilməyəcək bir dövlət şəklində təşəkkül etməsini" təklif edirdilər.”

“Yeri gəlmişkən, Azərbaycan tərəfi də Tələt paşa və Ənvər paşanın "çibanı kökündən təmizləmək" siyasətinin əleyhinə idi və "kiçik bir erməni kantonunun" yaradılmasını təklif edirdi. Belə bir təkliflə Batumda danışıqlar aparan Azərbaycan nümayəndələri M.H.Hacınski və M.Ə.Rəsulzadə hələ 1918-ci il mayın 23-də Ənvər Paşaya xüsusi müraciətnamə göndərmişdilər. Həmin müraciətnaməni onlardan başqa Əhməd bəy (Can Baba), A.B.Səfikürdski, Ə.C.Pepinov, M.Y.Cəfərov, F.X.Xoyski, N.B.Usubbəyov və X.B.Xasməmmədov da imzalamışdılar (Bax: Türkiyə Cümhuriyyəti Başbakanlıq Osmanlı Arxivi, Hariciyye  Siyasi Kısım, Dosya 2398, Gömlek 4, Vərəq 12 a.b.c.d.). Eyni təkliflə  bundan bir gün əvvəl - 1918-ci il mayın 22-də Tələt paşaya və Ənvər paşaya Ə.B.Hüseynzadə və Ə.B.Ağaoğlu da müraciət etmişdilər (Bax: Türkiyə Cümhuriyyəti Başbakanlıq Osmanlı Arxivi, Hariciyye  Siyasi Kısım, Dosya 2398, Gömlek 4, Vərəq 19.). Azərbaycan tərəfi belə bir təkliflə çıxış edərkən inanırdı ki, bu güzəşt müqabilində, yəni ermənilərə Azərbaycan torpaqları hesabına "kiçik bir kanton" yaradılacağı halda ermənilərin Türkiyə ərazilərindən Azərbaycan torpaqlarına, o cümlədən Bakıya axınının qarşısı alınacaq, ermənilər Azərbaycan xalqına qarşı soyqırımılarını dayandıracaqlar və bir daha ölkəmizə qarşı ərazi iddiaları irəli sürməyəcəklər. Azərbaycan tərəfi güman edirdi ki, bu addım, həm də, böyük dövlətlər tərəfindən rəğbətlə qarşılanacaqdır. Beləliklə, Azərbaycan tərəfi Cənubi Qafqazda - Azərbaycan ərazisində ermənilərə "kiçik bir kanton" və ya "kiçik bir dövlət" yaradılmasına tərəfdar idi və bu məsələdə Xəlil bəy və Vehib paşa ilə eyni mövqedən çıxış edirdi (Bax: Türkiyə Cümhuriyyəti Başbakanlıq Osmanlı Arxivi, Hariciyye Siyasi Kısım, Dosya 2398, Gömlek 5,Vərəq 129-130;146; 151 a-b). Azərbaycan tərəfinin ermənilərə Azərbaycan torpaqlarında dövlət yaradılması barədə yuxarıda göstərilən mövqeyi və bunun üçün konkret ərazi vermək təklifi Batum danışıqlarının gedişinə ciddi təsir göstərdi. Bununla da Batumda, faktiki olaraq, ermənilərə dövlət yaratmaq üçün hansı Azərbaycan torpaqlarının verilməsi ətrafında danışıqlar aparıldı.”

Sual: Hörmətli Yaqub müəllim, bu abzasdan oxuyandan sonra, adları gedən “rəhbərlərə” xain damğası yaraşarmı? Onların adlarını daşıdıqları küçələrdən silmək olarmı? Ucaldılan abidələrini yerlə-yeksan etmək olarmı? Yerevanın paytaxtında onlara abidə ucaldılsa halal-xoşları olarmı? Siz məhz bu fikirdən  - “Azərbaycan tərəfinin ermənilərə Azərbaycan torpaqlarında dövlət yaradılması barədə yuxarıda göstərilən mövqeyi və bunun üçün konkret ərazi vermək təklifi Batum danışıqlarının gedişinə ciddi təsir göstərdi. Bununla da Batumda, faktiki olaraq, ermənilərə dövlət yaratmaq üçün hansı Azərbaycan torpaqlarının verilməsi ətrafında danışıqlar aparıldı” – fikrindən  sonra mənim kimi ADR-in varisliyindən imtina edirsinizmi?

 

Sual: Yaqub müəllim, çibanı kökündən təmizləmək istəməyən bu azərbaycanlılarda ermənilərə qarşı məhəbbət hardan qaynaqlanırdı?

4-cü sitat: “Ermənilərə verilmiş Azərbaycan ərazisinin əhalisi cəmi 321.000 nəfər idi ki, onun da 230 mini erməni, 80 mini türk-müsəlman, 11 mini isə digər  xalqların  nümayəndələri idi.”

“Həmin dövrdə Cənubi Qafqazda yalnız iki yerli (aborigen) xalqın - azərbaycanlıların və gürcülərin dövləti yaradıla bilərdi.”

Sual: Yaqub müəllim, Sizin yazdığınız məqalədə qeyd etdiyiniz düşmənimizin millətinin adı “hay” getməlidir, yoxsa, “erməni” və ya “ərmən”?

Sual: Yaqub müəllim, yəqin ki, tarixi statistikaya əsaslanmısınız bu rəqəmləri verəndə. Yəni ki, ermənilər o ərazidə türklərdən üç dəfə çox idi. İndi sual olunur. “Aborigen” onlar idi, yoxsa biz? Azlıq çoxluğa diqtə edir, yoxsa çoxluq azlığa?

Sual: Yaqub müəllim, sizdə məlumat çox olar. Əgər o ərazidə 230 min hay yaşayırdısa, onda Qarabağda, Bakıda nə qədər erməni, nə qədər tatar, ya türk vardı? Kim çox idi – erməni, yoxsa türk-tatar?

Sual: Azərbaycan xalq Cümhuriyyəti yarananda parlamentə ermənilərin, ya erməni xislətlilərin deputat seçilməsi - bu da Batum müqaviləsinin şərtləriydimi? Konfederasiya öhdəliyi götürəndə bunu nəzərdə tutmuşdularmı?

5-ci sitat: “Beləliklə, 1918-ci il mayın 29-da Azərbaycan ərazisində - Cənubi Qafqazda erməni dövləti yaradıldı. Ertəsi gün - mayın 30-da erməni dövlətinin yaradılması barədə bəyannamə elan olundu. Yeni yaradılmış erməni dövlətini de-fakto  tanıyan ilk dövlət Osmanlı Türkiyəsi oldu. Bununla Osmanlı Türkiyəsi, faktiki olaraq,  Azərbaycan ərazisində ermənilərə dövlət yaratdı. Osmanlı Türkiyəsinin vasitəçiliyi ilə Azərbaycan tərəfi ilə erməni tərəfi arasında razılıq əldə olunan kimi, daha doğrusu ermənilər məqsədlərinə nail olduqdan dərhal sonra, 1918-ci il iyunun 4-də Batumda Osmanlı dövləti ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında "Dostluq", Osmanlı dövləti ilə Gürcüstan və Ermənistan respublikaları arasında isə "Sülh və Dostluq" müqavilələri imzalandı.”

Sual: Yaqub müəllim, cəsarətinizi alqışlayıram. Bir şeyi də açıq desəydiniz heç qiymətiniz olmazdı. Osmanlı Türkiyəsi Azərbaycanı ləğv edib, yerində Hayastan yox, qədim Türk dövləti olan Böyük Ərməniyyə dövlətinin yaradılmasına start verdi. Tarixi ədaləti bərpa etdi. Bu gün isə o planın 60 faizi müvəffəqiyyətlə başa çatıb. 40 faizinin yerinə yetirilməsi istiqamətində işlər uğurla  davam etdirilir. Bir akademik kimi mənim bu fikirlərimə münasibətiniz müsbətdirmi? Bir millət iki dövlətdir, yoxsa üç dövlət? Türk, ərmən xalqlarının, Türkiyə, Azərbaycan, Ərməniyyə respublikalarının sarsılmaz birliyinə eşq olsunmu?

6-cı sitat: “Batum müqavilələrinə əsasən ən çox ərazi itkisinə Azərbaycan məruz qaldı. Azərbaycan ermənilərə verilmiş torpaqlardan əlavə Tiflis və İrəvan quberniyalarındakı digər tarixi torpaqlarının - Ahıska, Axalkələk, Gümrü (Aleksandropol), Sürməli (İğdır), Sərdarabad, Qəmərli (Gərnibasar), Uluxanlı (Zəngibasar), Vedibasar kimi iri yaşayış məntəqələrinin də Osmanlı Türkiyəsinə verildiyini təsdiq etdi. Batum müqavilələrinin Azərbaycan üçün ən ağır nəticəsi bu oldu ki, xalqın iradəsi ilə hesablaşılmadan onun torpağında İrəvan mərkəz olmaqla erməni dövləti yaradıldı.Cümhuriyyət xadimləri Azərbaycan torpaqlarının ermənilərə verilməsi səbəblərini beynəlxalq aləmə açıqlayan bəyanatla da çıxış etmədilər.” 

Sual: Yaqub müəllim, Ermənistanı başa düşdüm. Batum müqaviləsini ləğv etdirərək Türkiyəyə verilən torpaqlarımızı da geri qaytarmaq niyyətindəsinizmi? Bu istiqamətdə bir deputat kimi ilk addımlarınız.

7-ci sitat: “4. Batum danışıqları zamanı əldə olunmuş razılığa əsasən ermənilər Azərbaycana qarşı ərazi iddialarından imtina edəcəkdilər (Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin  Siyasi Sənədlər Arxivi, fond 276, siyahı 9, iş 1, vərəq 47.). 5. Bundan başqa, İrəvan və ətrafındakı torpaqların verilməsi müqabilində ermənilər Azərbaycanla vahid konfederativ dövlətdə birləşməli idilər. Beləliklə, Batum danışıqlarında yuxarıda göstərilən məsələlərlə bağlı ilkin razılaşma əldə olunduqdan dərhal sonra, hələ Batum müqavilələrinin bağlanmasına, yəni 1918-ci il iyunun 4-nə bir həftə qalmış, 1918-ci il mayın 29-da Azərbaycan Milli Şurasının qərarı ilə qədim Azərbaycan şəhəri İrəvan onun ətrafındakı 9 min km2 ərazini əhatə edən torpaqlarla birlikdə ermənilərə verildi (Bax: Türkiyə Cümhuriyyəti Başbakanlıq Osmanlı Arxivi, Hariciyye Siyasi Kısım, Dosya 2372, Gömlek 1, Vərəq 69.).

 

Yaqub müəllim əvvəl belə yazırsınız. Sonra:

8-ci sitat: “Bundan başqa, İrəvan və ətrafındakı torpaqların verilməsi müqabilində ermənilər Azərbaycanla vahid konfederativ dövlətdə birləşməli idilər”. 

Sonda da belə:

9-cu sitat: “6) Erməni tərəfi, bütün yuxarıda göstərilənlərdən əlavə, Azərbaycanla konfederativ dövlət yaratmaq şərtini də yerinə yetirmədi”.

Sual: Yaqub müəllim, məhz ermənilər bu bəndi həyata keçirməklə öhdəliklərini yerinə yetirirlər. Bunu məqalənizdəki fikirlərlə siz də təsdiq edirsiniz. O hissəni aşağıda verəcəyəm. Erməni qulağımızın dibindədir. Xalq diplomatları da türmədə. Zar-zar ağlayırlar ki, “qan tökməyin. Barışın. Bakını, o biri rayonları da verin, Konfederasiya yaradaq, adın da qoyaq qədim türk dövləti - Böyük Ərməniyyə. Siz, biz buna “ermənilərin Böyük Ermənistan xülyası” deyirik. Xülya isə 60 faiz həyata keçib. Ərmənlər yalvarırlar ki,  tarixi ədaləti bərpa edək, iş bitsin getsin. Nə qədər ki, ata-babalarınızın qol çəkdiyi Konfederasiya razılaşmasını könüllü həyata keçirməyəcəksiniz, sizi buna silah gücünə məcbur edəcəyik”. Yaqub müəllim, sağ olun ki, bunun elmi izahını bir alim kimi gözəl açmısınız. “Giley”inizi açıq şəkildə bildirirsiniz. Sadəcə bu məsələni onlar Moskva qarşısında qaldırdılar. Biz isə “heç kimin torpağında gözümüz yoxdur” deyib susduq. Çünki bu sənədlərdən xəbərimiz yox idi. Bilənləri isə ermənilər 1937-də güllələmişdilər.  Aşağıda sizdən verdiyim bu sitat – gətirdiyiniz faktlar, rəqəmlər Konfederativ dövləti yaratmaq istiqamətində ərmənlərin atdığı addımlar deyilmi? Qərbi Azərbaycanlılar bu ideyaya boyun əysəydilər didərgin düşərdilərmi?

10-cu sitat: “O zamankı Ermənistan Respublikasının varisi olan müasir Ermənistan Respublikası da həmin işğalçılıq siyasətini davam etdirərək öz havadarlarının köməyi ilə Dağlıq Qarabağı və ətrafındakı digər Azərbaycan rayonlarını da işğal etdi,  1 milyon nəfərdən çox azərbaycanlını öz doğma yurd-yuvalarından didərgin saldı və bütün dünyanın gözləri qarşısında 1992-ci il Xocalı soyqırımını törətdi. 6) Erməni tərəfi, bütün yuxarıda göstərilənlərdən əlavə, Azərbaycanla konfederativ dövlət yaratmaq şərtini də yerinə yetirmədi. 5) Batum müqaviləsinin şərtlərinə və Azərbaycan Milli Şurasının qərarına əsasən ermənilərə dövlət yaratmaq üçün İrəvan və ətrafında  9  min km2 sahəsi olan Azərbaycan torpaqları verilmişdi. Yəni, erməni dövləti həmin ərazi çərçivəsində mövcud olmalı idi. Lakin, yuxarıda qeyd olunduğu kimi, ermənilər, çox keçmədən, Batum müqaviləsinin şərtlərini pozaraq Azərbaycan torpaqları hesabına öz ərazilərini genişləndirməkdə davam etdilər. Belə ki, 1918-ci ilin 29 mayında 9 min km2-lik Azərbaycan torpağında yaradılmış Ermənistan dövləti müxtəlif dövrlərdə Moskvanın birbaşa köməyi ilə daha 20,8 min km2 Azərbaycan torpağını ələ  keçirərək ərazisini 29,743 min km2-ə çatdırdı. 1918-ci il mayın 29-da 9 min km2-lik Azərbaycan torpağında yaradılmış Ermənistan dövləti sonrakı dövrlərdə aşağıdakı Azərbaycan torpaqlarını işğal etdi: 1920-ci ilin dekabrından başlayaraq 10 il ərzində Moskvanın birbaşa köməyi ilə Zəngəzur qəzasından 405.000 desyatin (4414,5 km2), Qazax qəzasından 535096 desyatin (5832,82 km2) , Naxçıvan MSSR-dən 657 km2,  Cəbrayıl qəzasından Nüvədi, Eynəzir və Tuğut kəndlərini  əhatə edən Azərbaycan torpaqları Ermənistan ərazisinə qatıldı. Sovet rejiminin sonrakı illərində də Ermənistan ərazisi Azərbaycan torpaqları hesabına daha da genişləndirildi və 29,743 km2-ə çatdırıldı. Yuxarıda göstərilən işğallar nəticəsində Azərbaycan özünün ayrılmaz tərkib hissəsi olan Naxçıvandan ayrı salındı və Türkiyə ilə birbaşa əlaqə saxlamaq imkanından məhrum edildi. Ermənilərin həyata keçirdiyi yuxarıda qeyd olunan işğallar nəticəsində, ümumiyyətlə, türk dünyası ölkələrinin bir-biri ilə birbaşa əlaqə saxlamaq imkanları da aradan qaldırıldı. Bütün bunlarla kifayətlənməyən təcavüzkar Ermənistan 1988-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ və ətrafındakı rayonlarından ibarət daha 17 min km2-lik ərazisini işğal etdi, insanlığa qarşı misilsiz vəhşilik aktı olan Xocalı soyqırımını törətdi.

Daha doğrusu, Azərbaycan Milli Şurasının 1918-ci il mayın 29-da ermənilərlə konfederativ dövlət yaradılması barədə yekdilliklə qəbul etdiyi qərar da ermənilər tərəfindən yerinə yetirilmədi.” (SON)

Başqa bir sitat:

11-ci sitat: “Belə ki, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin başçısı F.X.Xoyski İrəvan və ətrafındakı torpaqların ermənilərə verilməsi barədə Milli Şuranın 29 may 1918-ci il tarixli qərarından dərhal sonra Xarici işlər naziri M.H.Hacınskiyə verdiyi rəsmi göstərişdə yazırdı: "Biz ermənilərlə bütün mübahisələri bitirdik, onlar ultimatumumuzu qəbul edəcəklər və müharibəni dayandıracaqlar. Biz İrəvanı onlara güzəştə getdik" (Bax: Azərbaycan Respublikasının Dövlət Arxivi, fond 970, siyahı 1, iş 4, vərəq 1-2)”.

Sual: Yaqub müəllim, bu sitatdan belə nəticə çıxmırmı ki, haylara ona görə torpaq vermişik ki, onlar müharibəni dayandırsın. Belə çıxmırmı ki, Qarabağ müharibəsini əgər dayandırmaq istəyiriksə, onda Qarabağı təhvil verməliyik? Sizcə Xoyski necə adamdır? Yaxşı, ya pis? Pis adam olsaydı adına küçə verməzdilər, eləmi?

11-ci sitat: “4) Yeni yaradılmış erməni dövləti - Ermənistan Respublikası, götürdüyü öhdəliyin əksinə olaraq, nəinki Qarabağın dağlıq hissəsinə olan iddialarından əl çəkmədi, əksinə Batum müqaviləsinin imzalanmasından dərhal sonra ermənilərə dövlət yaratmaq üçün ərazi vermiş Azərbaycan Xalq Cümhuriyyətinin sərhədlərini pozaraq yeni-yeni Azərbaycan torpaqlarının işğalına başladı”.  

Sual: Yaqub müəllim, özünüz də qeyd edirdiniz ki, haylara torpaq verilməsiylə bağlı qərar 1918-ci il mayın 29-da çıxarılıb. Batum müqaviləsi isə 1918-ci il iyunun 4-də imzalanıb. Başa düşmədim, qərar əsasdır, yoxsa müqavilə? Bu sizin buraxdığınız texniki yanlışlıqdır, yoxsa Tarix institutunun hansısa dissertantının səhvi?  

12-ci sitat: “Yəni İrəvan və ətrafındakı torpaqlar ermənilərə, həm də, onlarla konfederativ dövlət yaradılması şərti ilə verilmişdi. Beləliklə, 1918-ci il mayın 29-da Azərbaycan ərazisində - Cənubi Qafqazda erməni dövləti yaradıldı. Ertəsi gün - mayın 30-da erməni dövlətinin yaradılması barədə bəyannamə elan olundu”.

13-cü sitat: “Göründüyü kimi, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti İrəvan və ətrafındakı Azərbaycan torpaqlarını ermənilərə 1918-ci il Batum danışıqları (11 may - 4 iyun) və Batum müqavilələrinin (4 iyun 1918-ci il) şərtlərinə əsasən vermişdi.”            

14-cü sitat: “Buna görə də 4 iyun 1918-ci il tarixli Batum müqavilələri və Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 29 may 1918-ci il tarixli qərarı əslində öz hüquqi qüvvəsini itirmişdir.”

Sual:  Yaqub müəllim, torpaq haylara Müsəlman Milli Şurasının  Həsən bəy Ağayevin sədrliyi ilə keçirilən 29 may 1918-ci il tarixli qərarı ilə verilib. Batum müqaviləsi isə bu tarixdən 6 gün sonra imzalanıb. Danışıqlar da 4 iyunda başa çatıb. Əgər müqavilə və danışıqlar şərt idisə, niyə qərarın altında bu əsas kimi yazılmayıb? Bu  texniki yanlışlıqdırmı?

Sual: Yaqub müəllim, təsəvvür edin ki, mənzilinizi bir adama satmısınız, kupça da veribsiniz, hamıya da deyirsiniz ki, bu mənzil artıq onundur. Sonra da deyirsiniz ki, gəl müqavilə bağlayaq, sənə şərt qoyacağam. Erməninin başı xarabdırmı? Qərar – kupça əlindədir də...

Yaqub müəllim, sitatlarım da bitdi, suallarım isə durur. Aşağıda gördüyünüz bu sənəd həmin tarixi iclasın qərarının surətidirmi? Əgər sizdə məlumat varsa, həmin iclasa gəlməyən və sənədin əleyhinə səs verən doqquz nəfərin adını və familiyasını açıqlayasınız. Söyəndə onları istisna etmək üçün.

ПРОТОКОЛ №3

Заседания Мусульманского Национального Совета

г. Тифлис                                                                          29 мая 1918 г.

 

Председатель                                      Гасанбек Агаев

Секретарь                                                       М.Махсудов

При­су­т­ство­ва­ли: 1) Ф.Х.Хойс­кий; 2) М.Ю.Джа­фа­ров; 3) М.Б.Гад­жи­нс­кий; 4) Ал.Б.Мах­муд­бе­ков; 5) Ф.Б.Ко­чар­ли­нс­кий; 6) Дж.Ме­лик-Ега­нов; 7) Р.Б.Ве­ки­лов 8) Г.Б.Шах­тах­ти­нс­кий; 9) Ах.Ахун­дов; 10) М.К.Ма­мед­бе­ков; 11) А.Шей­хуль-Ис­ла­мов; 12) М.Ма­гер­ра­мов; 13) Х.Б.Хас­ма­ме­дов; 14) Дж.Б.Гад­жи­нс­кий; 15) С.А.Ага­ма­лов; 16) Ша­ри­фов.

На отк­ры­тии за­се­да­ния член Со­ве­та Ф.Х.Хойс­кий док­ла­ды­ва­ет Со­ве­ту о ре­зуль­та­тах пе­ре­го­во­ров предс­та­ви­те­лей Со­ве­та с предс­та­ви­те­ля­ми Ар­мя­нс­ко­го На­ци­о­наль­но­го Со­ве­та по по­во­ду гра­ни­цы тер­ри­то­рии Азер­байд­жа­нс­кой и Ар­мя­нс­кой Фе­де­ра­ций. Ф.Х.Хойс­кий за­кон­чил свой док­лад со­об­ще­ни­ем, что для об­ра­зо­ва­ния Ар­мя­нс­кой Фе­де­ра­ции им ну­жен по­ли­ти­чес­кий центр, а та­ко­вым пос­ле от­хо­да Алек­са­нд­ро­по­ля к Тур­ции мо­жет быть толь­ко Эри­ван, а по­то­му ус­туп­ка Эри­ва­ни ар­мя­нам, ска­зал Хойс­кий, яв­ля­ет­ся не­из­беж­ной.

По это­му воп­ро­су выс­ка­за­лись Х.Б.Хас­ма­ме­дов, М.Ю.Джа­фа­ров, Шей­хуль-Ис­ла­мов (пос­лед­ний от име­ни пар­тии "Гум­мет"), М.Ма­гер­ра­мов (от име­ни Соц.Мус.бло­ка), ко­то­рые приз­на­ют ус­туп­ку Эри­ва­ни ар­мя­нам ис­то­ри­чес­кой не­об­хо­ди­мостью, не­из­беж­ным злом. Го­ло­со­ва­ние по это­му воп­ро­су да­ло сле­ду­ю­щие ре­зуль­та­ты: за ус­туп­ку Эри­ва­ни по­да­ет­ся 16 го­ло­сов из 28 об­ще­го чис­ла: про­тив - один; воз­дер­жав­ших­ся - трое.

За­тем ста­вит­ся на об­суж­де­ние воп­рос об об­ра­зо­ва­нии с ар­мя­на­ми кон­фе­де­ра­ции. За­тем пос­ле крат­ко­го об­ме­на мне­ни­я­ми этот воп­рос ста­вит­ся на го­ло­со­ва­ние. Та­кой по­ря­док бу­ду­ще­го уст­рой­ства Азер­байд­жа­на и Ар­ме­нии Со­ве­том при­ни­ма­ет­ся еди­ног­лас­но. Да­лее член Со­ве­та Ф.Х.Хойс­кий вно­сит пред­ло­же­ние о вклю­че­нии в сос­тав На­ци­о­наль­но­го Со­ве­та Тей­мур­бе­ка Ма­ки­нс­ко­го пу­тем ко­оп­та­ции, что Со­ве­том при­ни­ма­ет­ся еди­ног­лас­но.

Председатель   /подпись/       Гасанбек Агаев

Секретарь                    /подпись/       М.Махсудов

ГААР, ф.970, on.1, д.1, лл.51, 52 (копия)


Sual:
Yaqub müəllim, torpaqları haylara güzəştə gediblər? Yoxsa hədiyyə ediblər? Yox, məncə rüşvət veriblər ki, Batum müqaviləsinin bəndlərinə əməl et. Onlar da siz deyən kimi, bunlara əməl etməyiblər. Sözlərindən qaçıblar. Qardaşımız Türklər isə bizi bəlada qoyublar. Artıq bir əsrə yaxındır. Haylar, yaxud Ərmən qardaşlarımız əhdə vəfasız çıxıblar. Osmanlı türkləri isə xəyanət ediblər. Görəsən, hansının günahı çoxdur?  Bu barədə məhkəmə qarşısında iddia qaldırıb,  millətə xəyanət maddəsiylə Osmanlı Türkiyəsinə cinayət işinin açılmasını tələb edəcəksinizmi?


AKADEMİK RÖVŞƏN MUSTAFAYEV

Yaqub müəllim, indi deyəcəksiniz ki, “bu Mahir İmamverdiyev adlı vətəndaşın ürəyi sualla doluymuş ki... Nə yaxşı yazdım bu məqaləni. Yoxsa, ürəyi partlayıb ölərdi”. Əsla, Yaqub müəllim. Mən 9 ildir ki, bu sualları verməyə adam axtarıram.  Azərbaycanın sapı özümüzdən olan baltalarının 29 may 1918-ci ildə imzaladığı qərar var e. O qərarı ilk dəfə İnsan Hüquqları İnstitutunun mərhum direktoru, professor Rövşən Mustafayev 8 iyul 2005-ci ildə tapıb üzə çıxarıb. Böyük konfrans da təşkil edərək ictimaiyyətə təqdim edib. Nəinki sənədi, İrəvan xanlığının bayrağını, İrəvan xanı Hüseynqulu xanın şəklini. Rövşən müəllim professor idi, Azərbaycanın ilk siyasi elmlər doktoruydu. Amma, təkcə bu sənədi üzə çıxarmağıyla  mənim nəzərimdə akademik tituluna yüksəldi.


Yaqub müəllim,sonuncu suallarım:
 hay, erməni, yoxsa ərmən? Yaqub müəllim, Ermənistan Respublikası, yoxsa Ərməniyyə Respublikası? Yaqub müəllim, “ermənilərin Böyük Ermənistan xülyası”, yoxsa “ermənilərin Böyük Ərməniyyə xülyası”? Rövşən müəllim bu dünyada yoxdur. Çox şeyi üzə çıxarmaq, suallara cavab vermək isə bir tarixçi alim-başqan kimi sizin borcunuzdur. Bu işdə sizə və başçılıq etdiyiniz Tarix İnstitutuna uğurlar.









Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi