Modern.az ədəbiyyat üzrə son Nobel mükafatına layiq görülən fransız Patrik Modiano haqqında bilinməyən faktları təqdim edir: Ədəbiyyat üzrə son Nobel mükafatçısı anadan olarkən Paris işğal altında idi. Amma gələcək Nobelçinin ayağı şəhərə düşərli oldu. Cəmi bir aydan sonra Paris alman istilasından azad edildi. Anası flaman qızı, atası isə yəhudi əsilli keçmiş İtaliya vətəndaşı idi. Atası İtaliyada anadan olsa da, sonrakı taleyi büsbütün Parislə bağlı olub. Patrik hələ balaca ikən atası onları atır, Patrikin həyatının ağır keçməsinin də əsas səbəbi bu olub.
Modianonun uşaqlığı çox çətin keçib. Qardaşı Rubi 10 yaşında xəstəlikdən vəfat edib. Modiano uşaqlıq çağını 2005-ci ildə qələmə aldığı “Buna an demək olmaz” avtobioqrafik əsərində yer verib. Bu əsərdə o, özünün də dediyi kimi ana və atasının ona yaşatdıqlarını çatdırmaq istəyib. Modiano 17 yaşına qədər təhsil alır. Ondan sonra isə gələcək yazıçının küçə həyatı başlayır. Küçədə səyyar satıcı kimi keçirdiyi bu beş ilə çox minnətdar olacaqdı. O, küçələrdə 21 yaşına qədər kitab alveri ilə məşğul olur. Yaşıdları arasında çılğınlııq və davakarlığına görə seçilir.
İlk cızma-qaralarını 21 yaşında olarkən yazır. Bu yazılarda ən çox diqqəti çəkən başqa kitablardan köçürmə halları idi.
Çünki kitab satışı ilə məşğul olan gənc Modiano bundan əvvəl də bir neçə yazıçının hekayələrini olduğu kimi köçürərək öz adına çıxarmışdı. Bu hiylə baş tutmadığından o yeni yazdığı “əsərlər”ini köçürməmiş, sadəcə müəyyən hissələri başqalarından əxz etmişdi.
Nəhayət, 23 yaşında olarkən yazdığı hekayələrdə özü ola bilmişdi. Həmin hekayələrdən sonra ilk cığırını müəyyən edən Modiano bu gün də o yola sadiq qalır. İlk qələm təcrübələrindən olan “Ulduzlu meydan” adlanan bu hekayələrdə gənc Modiano müharibə dövrünə təsadüf edən acınacaqlı həyatını və yəhudilərin üzləşdiyi əziyyətləri göstərmişdi.
Anadan olduğu ildəki kimi, ilk romanının çap olunduğu 1968-ci il də dünya tarixinin dəyişməsinə təsadüf edirdi. Roman onun sonradan yazacağı trilogiyanın ilk hissəsi idi. Roman Parisin işğal altında olduğu bir dövrdə monastrdan qaçan gənc qızın axtarışı üzərində qurulmuşdu. Ümumiyyətlə, işğal altında olan Paris və bu şəhərdə axtarılan insanlar Modianonun əsas mövzusu idi. Elə bu səbəbdən də onun haqqında oxucular tərəfindən ikili fikir yürüdülürdü. Modianonu sevənlər onu sadəcə olaraq mövzularına sadiq qalan yazıçı, sevməyənlər isə ancaq eyni şeyləri yazan qrafaman kimi dəyərləndirirlər. Modiano özü də bunu inkar etmir. O, 45 ildir ki eyni kitabı yazdığını qeyd edir.
Onun bütün yazdıqlarının əsas qəhrəmanları Yəhudilik, müharibə anları və gizli qalan həqiqətlər olub.
Maraqlı faktlardan biri də dünya ədəbi aləmində Modiano Nobel mükafatı almasının o qədər də təsadüfi hal sayılmamağıdır. Bukmeker kontoru olan Ladbrokers Murakaminin şanslarını 1,4 əmsalla qiymətləmdirdi halda, onun şansları birə on əmsalı ilə göstərilirdi. Beynəlxalq ədəbiyyat agentliyi olan “Barbaros” hələ mükafat təqdim olunmamışdan 3 gün əvvəl onun adını qalib kimi göstərmişdi. O zaman Modiano haqqında danışarkən bir cümlə ilə onu xarakterizə edirdilər: Nyu York üçün Vudi Allaemn nədirsə,Paris üçün də Patrik Modiano odur.
Elmin NURİ