Modern.az

Qızıl qiymətindəki məhsul...

Qızıl qiymətindəki məhsul...

31 İyul 2010, 11:33

İyirmi il öncə 130 hektar ərazidə zəfəran əkirdiksə, indi bu göstərici 21 hektara bərabərdir

 

Tanrının Azərbaycana bəxş etdiyi zəngin təbii sərvətlər arasında nadir bitki növlərinin özünəməxsus yeri var. Vaxtilə şəninə mahnılar qoşub, süfrələrimizin bəzəyi adlandırdığımız zəfəran da həmin bitki növlərinin sırasına daxildir. Ölkəmizin, xüsusilə də Abşeron yarımadasının iqlim şəraiti indi dünyada qızılla eyni qiymətə malik olan zəfəranın becərilməsi üçün olduqca əlverişlidir. Təəssüf ki, vaxtilə Abşeron yarımadasında inkişaf etdirilən zəfərənçılıq son illər unudulmaq üzrədir.

 

1 kq zəfəran üçün 200 min çiçək lazımdır

 

Bu nadir çoxillik bitki dünyada bir neçə növlə tanınır. Zəfəran

zanbaqçiçəklilər fəsiləsinə aid edilən bitkidir. Kökündəki yumruları ilə çoxalan zəfəranın 25-30 sm yaşıl gövdəsi və bənövşəyi rəngli çiçəyi olur. Hər bir çiçək tacının ortasından qırmızı rəngli üç ədəd tel çıxır ki, onlar da xoşagələn iyə və acıtəhər dada malikdir. Hamımızın ədviyyat kimi tanıdığımız zəfəran məhz çiçək tacının ortasında bitən həmin üç teldir.

Zəfəran kökündəki soğanaqlar (bu soğanaq sarımsağa bənzəyir) vasitəsilə çoxaldılır. Hər mövsüm iyul-avqust aylarında soğanaqları yerdən çıxarıb bir-birindən aralamaq, qurudandan sonra sonra təzədən seyrək şəkildə torpağa basdırmaq lazımdır.

Zəfəran payız aylarında çiçəkləyir, oktyabrın sonu-noyabrın əvvəlində isə onun tellərini yığmaq lazımdır. Yeri gəlmişkən, indi zəfərən saçağının əsl yığılmaq vaxtıdır. Yığılan tellər adi qaydada qaranlıq və quru yerdə qurudulmalıdır ki, xarab olmasın. Bəzi ölkələrdə qurutma prosesi xüsusi qaydada həyata keçirilir. Qurudulmuş zəfəran tellərini ağzıbağlı şüşə qabda saxlamaq tələb olunur. Quru və qaranlıq yerdə ədviyyat təravətini 10-15 il saxlaya bilir. Hesablamalara görə, 1 kq zəfəran teli yığmaq üçün 200 mindən çox çiçək toplamaq lazımdır.

 

Ədviyyatların şahı

 

Zəfəranın becərilmə tarixi çox qədimdir. Onun vətəni barədə müəyyən fikir ayrılığı olduğundan bu sırada Hindistan, Çin, Türkiyə, İran, Suriyanın adı çəkilir. Hazırda zəfərənın ən çox İspaniyada, Fransanın cənubunda, İtaliyada, Krımda əkilib-becərildiyi bildirilir. Ondan həm dərman hazırlanmasında, həm boyaqçılıqda, həm də ədviyyat kimi istifadə olunub. Tarixi qaynaqların məlumatına görə, hələ eramlzdan çox əvvəl hökmdarlar zəfərandan ayaqqabılarını sarı rəngə boyamaq üçün təbii boyaq kimi istifadə ediblər.

Tibb elminin banisi, məşhur yunan həkimi Hippokrat isə bir sıra xəstəliklərin müalicəsində məhz zəfəran işlədib. Hal-hazırda zəfəran məişətdə ədviyyat və təbabətdə isə dərman kimi çox geniş istifadə olunur. 

 

Zəfəranın müalicəvi əhəmiyyəti barədə danışanda ilk növbədə onun sinir sisteminə müsət təsiri önə çəkilir. Bundan başqa təbabət elmi onun ürək-damar sistemini möhkəmləndirdiyi, mədə-bağırsaq xəstəliklərinə, başağrısına, göy öskürəyə və vərəmə, qaraciyər və öd kisəsinin fəaliyyətinə çox müsbət təsir göstərdiyini bildirir.

Amma ondan həddindən artıq istifadə məsləhət görülmür. Hər bir adam üçün illik norma 1 qram müəyyən edilib.

Zəfəran əbəs yerə ədviyyatların şahı sayılmır. Digər ölkələrdə olduğu kimi Azərbaycan milli mətbəxində bir çox xörəklərin (plov, piti) və şirniyyatların (şəkərbura, paxlava) hazırlanmasında ondan geniş istifadə olunur.

 

Qızılla eyni qiymətə malik məhsul

 

Uzun illərdir Bilgəh qəsəbəsindəki bağ evinin həyətində zəfəran əkib-becərməklə məşğul olan İsmayıl İsmayılov bizimlə söhbətdə zəfərançılığı oduqca gəlirli sahə adlandırır.

Dünya bazarına çıxarılan ən yaxşı zəfəranın İspaniyada becərildiyini deyən İ.İsmayılovun sözlərinə görə, müxtəlif iqlim şəraitində yetişdirilən bu ədviyyatın keyfiyyəti də müxtəlif olur. Müsahibimiz bildirib ki, hazırda ölkəmizə  İrandan böyük miqdarda aşağı keyfiyyətli zəfəran gətirilir ki, onu da Azərbaycanda yetişdirilən məhsulla müqayisə etmək olmaz: «Abşeronun Bilgəh qəsəbəsində yetişdirilən zəfəran keyfiyyətinə görə İspaniyanın dünya bazarına çıxardığı malla müqayisə oluna bilər. Amma öz məhsulumuz daxili tələbatı ödəmədiyindən qonşu ölkədən Azərbaycana zəfəran gətirilir». İ.İsmayılovun sözlərinə görə, ədviyyatların ən bahalısı olan zəfəran dünya bazarında qızılla eyni qiymətə malikdir. Yəni qızılın qiymətinin qalxıb-enməsi eyni zamanda zəfəranın da qiymətinə şamil olunur. O, hazırda dünya bazarında 1 qram zəfəranın qiymətinin keyfiyyətindən asılı olaraq 5-25 dollar arasında dəyişdiyini deyib.

 

Bilgəh zəfərançılıq sovxozu niyə dağılıb?

Həmsöhbətimiz bildirib ki, olduqca gəlirli sahə olan zəfərançılıq Azərbaycanda tarixi ənənəyə malik olsa da, SSRİ dağılandan sonra onun inkişaf etdirilməməsi təəssüf doğurur: «Azərbaycanda artıq 9-cu əsrdə zəfəran becərilirdi və digər ölkələrə ixrac olunurdu. Bizim çox qədim və maraqlı zəfəran mədəniyyətimiz var». İ.İsmayılovun sözlərinə görə, Bilgəh qəsəbəsi Azərbaycanda zəfəranın becərilməsi üçün ən münbit ərazidir. Təsadüfi deyil ki, keçmiş sovetlər dövründə Azərbaycanda yaradılan (1927-ci ildə ) yeganə zəfərançılıq sovxozu məhz Bilgəh qəsəbəsində fəaliyyət göstərib: «Maraqlıdır ki, Abşeronun hər yeri zəfərançılıq üçün əlverişli deyil. Abşeronun da hər yeri zəfərana yaramır. Məsələn, Buzovna və ya Zabratda zəfəran zəif inkişaf edir».

Kənd Təsərrüfatı Nazirliyi bitkiçilik şöbəsinin əməkdaşı Asəf Əhmədovun sözlərinə görə, SSRİ dağılandan sonra zəfərançılıq, zeytunçuluq kimi sahələrdə də inkişaf dayanıb: «Torpaqlar özəlləşdiriləndən sonra biz heç kimə məcbur edə bilməzdik ki, o, mütləq zəfəran əkib-becərməlidir. Artıq 20 ilə yaxındır zəfərançılıq sovxozu fəaliyyət göstərmir, amma bu gun şəxsi təsərrüfatlarda həmin bitkinin becərilməsilə məşğul olanlar az deyil». A.Əhmədovun sözlərinə görə, vaxtilə Bilgəh zəfərançılıq sovxozunun 130 hektara yaxın ərazisi olub. Sovxoz ildə 150 kq-a yaxın məhsul toplayıb. O zaman bu rəqəm başqa ölkələrlə müqayisədə böyük göstərici hesab edilməsə də,  uğur sayılırdı. İndi isə bu sahəyə maraq tamamilə azalıb. A.Əhmədov deyib ki, hazırda respublikamızda zəfərançılıq cəmi 21 hektar ərazini əhatə edir. Bilgəh qəsəbəsində 16, Masallı rayonunda 3, Ucarda isə 2 hektar ərazidə fermerlər zəfərançılıqla məşğuldur. İndi Azərbaycanda ildə 80-100  kq zəfəran istehsal olunur.

Müsahibimiz deyib ki, Kənd Təsərrüfatı Nazirliyinin zəfərançılığın inkişafı ilə bağlı xüsusi bir layihəsi yoxdur: «Biz yalnız bu sahədə fəaliyyət göstərən sahibkarlara güzəştli kreditlərin ayrılmasına yardım göstərə bilərik. Zəfəran əkib-becərmək isə vətəndaşların özlərinin marağında olmalıdır». Əfqan Qafarlı

  

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI