Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2010-cu il üçün KİV-lərin və jurnalist təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edib.
Fondun Müşahidə Şurasının rəyi əsasında aşağıdakı istiqamətlərdə layihələrin maliyyələşdirilməsi qərara alınıb.
1. Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu, insan hüquq və azadlıqlarının müdafiəsi;
2. Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi;
3. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi;
4. Azərbaycanın dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;
5. Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin işıqlandırılması;
6. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği;
7. Azərbaycançılıq ideyasının təbliği; gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi;
8. Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi; informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi;
9. Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi;
10. Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi;
11. Ekologiya və ətraf mühitin mühafizəsi;
12. Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması və əməkdaşların peşəkarlığının artırılması.
Müsabiqənin şərtlərində qeyd olunur ki, hər bir layihə üçün maksimum məbləğ 25 min manat müəyyən edilib. Hər bir qurum bir layihə təqdim edə bilər və hər istiqamət üzrə 3 layihə maliyyələşdiriləcək.
Müsabiqənin şərtlərinə cavab verən qəzetlər, jurnallar, informasiya agentlikləri, jurnalist birlikləri və təşkilatları müsabiqədə iştirak edə bilərlər.
Ərizələr avqustun 2-dən 25-dək, iş günləri saat 10.00-dan 16.00-dək Fondda (Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Mətbuat evinin 3-cü mərtəbəsində) qəbul olunacaq.
Modern.az