Modern.az

Azərbaycanın uşaq bağçalarına yerləşdirmədə nə vaxt vahid qayda yaradılacaq?

Azərbaycanın uşaq bağçalarına yerləşdirmədə nə vaxt vahid qayda yaradılacaq?

İqtisadiyyat

17 Oktyabr 2014, 11:48


Son zamanlar respublikamızda təhsil sahəsində aparılan mütərəqqi islahatlar bütün sahələrdə öz müsbət nəticələrini göstərməkdədir. Bu sahədə Təhsil Nazirliyinin orta ümumtəhsil məktəbləri və ali təhsil müəssisələrindəki islahatları xüsusilə təqdirəlayiqdir. Belə ki, son illər ərzində dövlətimiz tərəfindən uşaq bağçalarının tikintisinin genişlənməsi, orta məktəblərin əsaslı təmiri və yeni məktəb korpuslarının tikilməsi, yeni universitetlərin açılması sayəsindəki fəaliyyəti olduqca zəruri və gələcəyə istiqamətlənmiş strategiyanın tərkib hissəsidir.  Bu işlərin davamlı və dinamik şəkildə vüsət alması dövlət tərəfindən insan kapitalına yatırılan investisiya qoyuluşunun daha prioritet sahə olduğunu bir daha göstərir. Məktəblərə şagirdlərin qəbulu və yerləşdirilməsi ilə bağlı Təhsil Nazirliyinin verdiyi “yaşayış ərazilərinə görə yerləşdirilmə ilə bağlı əmr” də bu sahədə olan nizamsızlığı aradan qaldırıb. Belə ki, bundan sonra orta ümumtəhsil məktəblərində şağirdlərin yerləşdirilməsi müvafiq yaşayış yerləri əsasında aparılır. Amma, bu problem məktəbəqədər uşaq təhsil müəssisələrində nədənsə nəzərə alınmır. Belə ki, dövlət bağçalarında uşaqların yerləşdirilməsində vahid əsasnamə olmadığından (varsa da icra mexanizminin işlək olmaması səbəbindən), ya da ki, bu məsələlərdə müvafiq olaraq müəyyən şəxslərin və dövlət qrumunun maraqlı olmadığı üçün sadalanan məsələ hələ ki öz həllini tapmayıb.

Respublikanın paytaxtı Bakıda may ayının əvvəllərindən demək olar ki, bağçaların qarşısındakı “bağçaya uşaq qəbul edilmir” bildirişləri hər bir vətəndaşın diqqətini cəlb edir. Bəs görəsən baxçalara uşaqların qəbulu üçün nə vaxt müraciət edilməlidir? Bu sual hər bir valideyni düşündürən məsələdir. Baxçalara qəbulla bağlı şəhər təlim-tərbiyə müəssisələrində növbəlilik prinsipi  işləmədiyindən valideynlər uşaqların qəbulu ilə bağlı qeyri-qanuni yollara əl atmaq məcburiyyətində qalırlar. Amma, yaxın qonşumuz Rusiya ilə müqayisə etsək görərik ki, orada uşaqların təlim-tərbiyə müəssisələrinə qəbulu növbəlilik əsasında saat mexanizmi kimi tam şəffaf işləyir. Bu məsələdə Avropa ölkələrinin təcrübəsi də olduqca dəyərlidir. Belə ki, bəzən məktəbəqədər uşaq müəssisələrinin 100-150 metrliyində yaşayan uşaqlar yaxınlıqdakı təlim-tərbiyə müəssisələrinə (baxçalara) götürülmədiyi halda (səbəb yerlərin məhdudluğu ilə əlaqələndirilir), 2-10 km uzaq məsafədə yaşayan uşaqların yenicə təmirdən çıxmış uşaq bağçalarına hansı əsaslarla qəbul edilməsi valideynlərin təəccübünə səbəb olur. Belə hallar isə təlim-tərbiyə müəssisələrinin yaxınlığında yaşayan valideynlər arasında haqlı narzılığa səbəb olur. Ona görə də bu sahədə ciddi nizam intizamın yaradılmasının vacibliyi zəruridir.

Doğrudur Azərbaycanda uşaq təlim-tərbiyə müəssisələrinin sayı (yerlərə görə) uşaqların sayından azdır və dövlət bu problemin həlli üçün müvafiq olaraq daim işlər görür. Xüsusilə Heydər Əliyev Fondu tərəfindən son illər ərzində onlarla yeni uşaq bağçaları tikilib və əsaslı təmir edilibr. Bu iş indinin özündə də geniş sürətdə davam etdirilir. Sadalanan hal isə dövlətimizin bu sahədə olan problemlərin aradan qaldırılması üçün göstərdiyi səylərin bariz nümunəsidir.

Azərbaycanda baxçalarda xidmət müqabilində qiymətlər də fərqlidir. Xüsusi sahibkarlar tərəfindən yaradılmış özəl məktəbəqədər uşaq müəssisələrində bu qiymətlər 200-600 manat arasında dəyişir. Dövlət bağçalarına alternativ kimi yaradılan özəl bağçalar bu sahədə rəqabət mühitinin yaranmasına və inkişafa stimul verdiyi üçün fikrimizcə daha da inkişaf etdirilməlidir. Dövlət tərəfindən bu tipli müəssisələrə müəyyən vergi güzəştlərinin verilməsi də bu sahənin inkişafına istqamətlənmiş addımdır. Amma dövlət bağçaları bir mərkəzdən idarə olunduğu üçün onlardakı qiymətlərin müxtəlif olması suallar yaradır. Belə ki, şəhərin müxtəlif hissələrində yerləşən bağçalarda xidmət haqqı kimi qiymətlər 20-80 manat arasında dəyişir. Bu məsələ isə valideynlər arasında çaşqınlıq yaradır. Çünki eyni mərkəzdən idarə olunan və hamı üçün qəbul olunmuş normativ əsaslarla idarə olunan bağçalardakı aylıq ödənişlərin fərqliliyi yeni suallar yaradır. Bağçalarda təlim-tərbiyə işi Təhsil Nazirliyinə verilsə də, burada maddi vəsaitlərə nəzarət və təminat (qida, geyim və s.) Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilib. Bu hal isə uşaq təlim-tərbiyə müəssisələrinə qəbulla bağlı vahid qərarın hansı qurum tərəfindən verilməsini gündəmə gətirir.

İnsanları narahat edən digər bir məsələ isə şəhərin mərkəzi hissəsi və kənarlarında yerləşən bağçalardakı xidmətin təşkilində də müəyyən disbalansın olmasıdır. Şəhər kənarında yerləşən bağçalar Azərbaycan və rus sektorları olmaqla fəaliyyət göstərdiyi halda, şəhər mərkəzində yerləşən bağçalarda əlavə olaraq ingilis dilli qruplar, rəqs və rəsm dərnəkləri də fəaliyyət göstərir. Belə olduqda isə şəhər kənarında yaşayan valideynlərin uşaqların təlim-tərbiyə alması üçün şəhər mərkəzində yerləşən bağçalara axını vüsət alır. Bu isə nəinki təhsilimiz, ümumiyyətlə şəhər infrastrukturu üçün böyük yükə çevrilir. Sadaladığımız hallar şəhər və kənarlarda təlim-tərbiyə alan uşaqların həm dünyagörüşündə, həm də yaradıcılıq imkanlarında fərqliliyin yaranmasına səbəb olur. Fikrimizcə, sadalanan çatışmazlıqların aradan qaldırılması üçün məktəbəqədər uşaq təlim-tərbiyə müəssisələrinin idarə olunmasında alternativ idarəetmə modelinin tətbiqinin vaxtı çatmışdır.  Orta ümumtəhsil məktəblərində qəbulla bağlı yaradılmış nizam-intizam qaydaları uşaq təlim-tərbiyə müəssisələrində də qüvvəyə minmiş olarsa bu sahədəki çatışmazlıqlar da tez bir zamanda aradan qaldırılar. Bu isə həm bağçalarda xidmət haqqı kimi yığılan məbləğlər arasındakı (mərkəz hissə və kənarlar) disbalansı aradan qaldırar, həm də şəhər bağçalarında vahid xidmətin formalaşmasına səbəb olar. Belə olduqda şəhərin mərkəzi hissəsinə olan axın azalar və eyni zamanda kənarlarda və mərkəzdə olan baxçalarda tərbiyə alan uşaqlar arasındakı intellektual fərq minimuma enər.

Rəşad Əsgərov ,
fəlsəfə üzrə fəlsəfə doktoru,  dosent

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...