Modern.az

"Ömür yolu" - sual

"Ömür yolu" - sual

17 Oktyabr 2014, 12:57

Ruhiyyə Məmmədova

Hər gün bir yol gedirik. Bu yol uzun yolun bir hissəsi də ola bilər, məhdud istəkləri hədəfləyərək uzun yola gedib çıxa bilməyən dar cığırlar da. Getdiyimiz yol və bu yolda üzləşdiklərimizə verdiyimiz cavablar bizlərdən xəbər verir. Yollar sual dolu. Yürüdüyümüz yoldakı suallar boyumuzu ötərmi, yoxsa suallarımız özümüzdən kiçik?

Verəcəyimiz cavabın özəyi içimizdən doğan sualdadır. Suallarımız bizi gedəcəyimiz yola götürər. Suallarsız yürüyə bilmərik ki, biz. Azarıq dünyanın qarışıq yollarında və dünyanı-özümüzü aydınlaşdırmadan dolanarıq bu yollarda.

Əslində həyatdakı bütün çabamız yollarımızı doğru müəyyənləşdirmək istəyidir. Və bu yürüş bizləri bir-birimizə doğru götürər. Yollarımız kəsişər və bizim hər birimiz özümüzü o kəsişən yollarda tapa bilərik. Rastlaşdığımız hər kəsdə biz varıq, bizim mümkün yaşantılarımız var. Bu mümkün yaşantılar isə bizim bir-birimizi duymamızı, anlaşmamızı mümkün edər.

Hər səhər olduğu kimi bu səhər də yol gedilməliydi. Lakin bu kəs yaxın deyil, uzaq məsafə qət edilməliydi. Səfər qonşu dövlətlərdən birinə idi. Demək ki, fərqli təəssüratlar yaşanmalı, fərqli suallar doğmalıydı. Güclü yağış yağırdı. Bu yağan yağış əslində verilə biləcək mümkün suallardan birinə cavab idi bizim üçün. Yağış Yaradanın lütfü idi. Çirkləndirərək təmizləməyə “gücümüz yetmədiyi” təbiəti təmizləyirdi yağış. Yağış Yaradanın hikməti idi. Təbiətin işləmə mexanizmlərini öyrənərək təbiətə qalib gəlmək istəyən düşüncəyə varlığın bu su damlalarından asılılığını anladırdı yagış.

Sərhədyanı bölgədə nə qədər güclü yağış yağsa da,bizim çirkabımıza gücü yetmirdi.Ətraf ərazi ilə birlikdə sanki hər kəs bu çirkaba bürünmüşdü. Burada kimsənin özünü çirkabdan qoruması artıq mümkünsüz idi. Mühit bütün ağırlığı ilə əllərini insanların çiyninə qoymuşdu. Və hər kəs çiyinlərini sallayaraq sərhəddi keçirdi. Qarşıdakı həyat isə sanki bu həyatın daha fərqli formalarda davamı idi.

Bir zamanlar tapılan Həqiqəti dondurub saxlayan cəmiyyət özü öz gerçəklərində boğulurdu. Kimsə tarixdə donub qalmış Həqiqətin qəlibindən kənara çıxa bilmirdi. Bu səbəbdən də, kimsənin Həqiqəti yaşayaraq yaşatması müşkül hala çevrilirdi. Hər kəs özünü keçici “həqiqətini” yaşayaraq yaşadırdı. Həqiqətin insani istəklərin ən aşağı həddində əriməsi inamsızlığı,güvənsizliyi, sevgisizliyi yaradırdı. Eyni “dildə” danışan insanlar dünyaya eyni gözlə baxsalar da,bir-birlərini anlamaq gücündə deyildilər.

Hər kəs qapısı kilidli odaya bənzəyirdi, bu odaya keçid mümkünsüz idi. İnsanlar yalnız özlərinin ən aşağı həddə olan istəklərini dinlədiklərindən başqalarını dinləmək gücünü itirmişdilər. Başqalarını dinləmək gücünü itidiklərindən Həqiqəti tarixin səhifələrində vərəqləyirdilər, onu xüsusi günlərə sığışdırırdılar. Həqiqətini itirən cəmiyyətdə isə hər bir şey, hər bir hal özünün mümkün gözəllik formalarından məhrum olur və cəmiyyət öz çirkabında boğulur.

Geriyə dönüş vaxtı idi. Buna qaçış da demək olardı. Bu, üz-üzə gəlməyə qorxduğumuz gerçəklikdən qaçış idi. Qapılarını açmaq istəmədiyimiz insanlardan qaçış idi. Həyatın ağırlıqları altında əzilmlş insanların ağrı-acılarından qaçış idi. Özümüzü özümüzün fərqli olduğuna inandıraraq göylərə üz tuturuq. Üz tuturuq ki, yerdəki gerçəklikləri görməyək. Həyata kənardan baxış ucaldır bizi öz gözümüzdə.

“Ucalıqdan” enməkdən qorxuruq. Enişdə, gerçəklikdə ucalıq sarsılmaz Həqiqət istəyir. Hər gerçəklikdə özümüzün titrəyən həqiqətlərini görmək qorxudur bizi. Qorxub qaçdıqca isə özümüzdən uzaqlaşırıq və tənhalaşırıq. Tənhalaşan yollarda həyat məhvə məhkumdur. Burda nə sual var, nə də ki, cavab...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI