"Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilib. Modern.az saytının məlumatına görə dəyişiklik Milli Məclisin bu günkü plenar iclasında qəbul edilib. Dəyişikliyə əsasən, avtomobil sürücüləri qəza törətməmək üçün qarşılarındakı maşınla müəyyən edilən məsafə saxlamalıdır.
Qanun layihəsinin müzakirəsi zamanı çıxış edən Ümid Partiyasının sədri, deputat İqbal Ağzadə bildirib ki, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildikdən sonra millət vəkilləri problemlərlə üzləşir.
“Deputatlara bəzən inzibati protokol tərtib etmədən onlara inzibati cəza kəsilir. Bu, qanundakı boşluqlardan irəli gəlir. Bu, həm də Konstitusiyanın kobud şəkildə pozulmasıdır. Deputatlara inzibati cəza verilə bilməz”.
İqbal Ağazadə bildirib ki, onlar sədəqə tələb etmirlər, sadəcə olaraq deputat toxunulmazlığının qorunmasını istəyirlər.
Deputat Ərəstun Cavadov isə qeyd edib ki, yol polisləri tez-tez onu cərimələyirlər. “Mən Ağsuya və İsmayıllıya gedəndə yol polisləri məni cərimələyirlər. Hər dəfə 150-200 manat cərimə ödəyirəm”.
Deputat Ərəstun Cavadov və İqbal Ağazadə ona etiraz edib ki, yol polisləri onları cərimələməli deyil. Onlar əsas gətirib ki, bəzən əhəmiyyətli tədbirlərə gecikdikləri üçün istəmədən yol hərəkəti qaydalarını pozurlar.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə deputatların fikirlərinə etiraz edib:
“İqbal Ağazadə, deyirsiniz ki, deputatların toxnulmazlığı var. Bəli, bu belədir və Konstitusiyada öz əksini tapıb. Amma siz dediyiniz məsələ başqa şeydir. Konstitusiyada siz dedikləriniz müddəalar nəzərdə tutulmayıb”.
Aqşin Kərimov