Milli Məclisin bugünkü iclasında "Qrant haqqında" Azərbaycan Respublikasının Qanununda və "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi məsələsi müzakirə edilib.
Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri, deputat Əli Hüseynli bildirib ki, donorların qrant verməsi ilə bağlı məsələlər dəqiqləşdirələcək. “Kimlərin ki qrant ayırması başqa məqsədlərə xidmət edəcək, onlar buna etiraz edəcəklər. Dövlət büdcəsindən maliyyələşən qurumlar da donor qismində çıxış edə bilərlər”. Əli Hüseynli bildirib ki, xarici təşkilatlar tərəfindən maliyyələşən QHT-lər müvafiq icra hakimiyyətlərinə məlumat verməlidirlər.
Deputatın sözlərinə görə xarici donorlar tərəfindən maliyyələşdirilən QHT-lərlə bağlı məsələlərdə şəffaflıq prinsipləri qorunmalıdır. “Yəni bundan sonra Qeyri Hökumət Təşkilatı, habelə, xarici dövlətlətin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidirlər”.
Deputat İqbal Ağazadə bu qanun layihələrinin vətəndaş cəmiyyəti institutlarını narahat etdiyini deyib. Deputat bildirib ki, bu addımlar xarici qrantların ölkəyə gəlməsinin qarşısının alınmasına hesablanıb. “Həmin xarici təsisatlar Azərbaycandan kənarlaşsa, onların ölkəmiz haqqında rəyi necə olacaq? Bürokratik əngəllərdən sonra beynəlxalq təşkilatlar Azərbaycana gələcəkmi? İddia olunmasın ki, hər bir beynəlxalq təşkilat nümayəndəsi Azərbaycan haqqında mənfi təsəvür yaradır. Bu qanun layihələrində dəyişikliklə bağlı nəzərdə tutulan sərtləşdirilmiş müddəalar Azərbaycanın milli maraqlarına, dövlət mənafeyinə ziddir”.
İqbal Ağazadə söyləyib ki, regionlarda da problemlər yaranacaq: “Vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə əngəllər yaradılması regionlarda da öz təsirini göstərəcək. Onlar bölgələrdə maarifləndirmə işlər aparırdılar. İndi necə olacaq? Regiondakı gənclər radikal dini təriqətlərin təsirinə düşmə ehtimalları artır”.
Milli Məclis sədrinin müavini Bahar Muradova isə İqbal Ağazadəyə cavabında deyib ki, Azərbaycan bütün sərhədlərini məlum və ya naməlum qüvvələrə açsa, ölkənin milli təhlükəsizliyi, dövlət mənafeyinə ziyan olar. “Bu nə baş əyməkdir? Bu nə deməkdir? Qoy onlar qrantlarını başqa, bizi istəməyən ölkələrə versinlər. Biz şəffaflıq istəyirik. Kim şəffaflığın tərəfdarıdırsa, bizimlə işləsin. İstəməyənlər isə getsinlər başqa ölkələrə qrant ayırsınlar”.
Deputat Siyavuş Novruzov qeyd edib ki, qrantlar şəffaflığa və ədalətli mövqeyə xidmət etməlidir. “Biz onları qeyri-qanuni yollardan çəkindirməyə çalışırıq”.
Milli Məclis sədrinin müavini Valeh Əsgərov söyləyib ki, qanunlara dəyişikliklər siyasiləşdirilməli deyil.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov da deputat İqbal Ağazadəyə etiraz edib.
Onun sözlərinə görə Azərbaycan çirkli pullara qapılarını açmalı deyil. Əyri yollarla gələn pullar saf məqsədlərə xidmət edə bilərmi?! Dəyişiklərə siyasi don geyindirmək lazım deyil”.
Sonda hər iki qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Aqşin Kərimov