I Yazı
Hər bir toplumun, ulusun öz ayaqları üstündə durması həmişə zor olmuşdur. Bunun müxtəlif səbəbləri vardır; burada özünü müdafiədən tutmuş iqtisadi çıxarlara qədər bir çox amillər mühüm rol oynayır. Əgər bir cəmiyyətin özünümüdafiə edəcək əsgəri yoxdursa, o gec-tez qonşularının işğalına məruz qalacaqdır. Eyni zamanda bir cəmiyyət iqtisadi gəlirləri baxımdan zəif durumdadırsa, yenə də başqasından asılı duruma düşəcəkdir. Bu baxımdan dilcə, adət-ənənəcə, dincə yaxın olan toplumlar ya zorakılıqla, ya da könüllü şəkildə bir araya gələrək daha güclü birlik olmağa çalışıblar. Bunun da nətəcəsində müxtəlif dövlətlər və imperiyalar yaranmışdır.
Bu proses həmişə bəlli bir dairə üzrə təkrarlanmaqdadır. Çünki dövlətlər və imperiyalar onu yaradan amilləri sona qədər qoruya bilməmişdir. Bu təbii, gözlənilən proses olmuşdur. Çünki bütün dövlətlər və imperiyalar bütün möhtəşimliklərinə baxmayaraq sonda çökmüşlər. Onların daxilində və xaricində gedən proseslər bunun qaçınılmaz olduğunu ortaya qoymuşdur. Bu gün də bir çox dövlətlərin, imperiyaların daxilində və xaricində gedən prosesləri diqqətlə izləyəndə hansıların tərəqqi, hansıların isə tənəzzül içində olduğunu görürük.
Bütün hallarda tərəqqinin tənəzzülə, tənəzzülün isə tərəqqiyə apara biləcəyi dəqiqdir. Çünki bütün başlanğıcların bir sonu, bütün sonların da bir bağlanğıcı vardır. Məsələn, Şumerin sonu Babilin başlanğıcı, Babilin sonu isə Yunanın başlanğıcı, Yunanın sonu Romanın başlanğıcı, Romanın sonu Bizansın başlanğıcı, Bizansın sonu Osmanlının başlanğıcı, Osmanlının sonu Avropanın başlanğıcı olmuşdur və s.
Bizcə, dövlətlərin və imperiyaların, geniş anlamda sivilizasiyaların yaranması və sonu ssenarisi əsasən eynidir. Yəni sivilizasiyaların yaranmasıa səbəb olam amillərlə, dağılmasını şərtləndirən faktorlar bir az aşağı-yuxarı oxşardırlar. Məsələn, bir-birinə yaxın və qonşu toplumlar aşağıdakı vacib amillərə əsaslanaraq müxtəlif sivilizasiyalar yaradıblar:
1) Din
2) Adət-ənənə (mədəniyyət)
3) Iqtisadiyyat
4) Qonşuluq
5) Milli yaxınlıq
6) Təhlükəsizlik
7) Elm
8) Hərb
Bu amillərdən biri hər hansı sivilizasiyanın yaranmasında çox, digəri isə az rol oynamışdır. Buna səbəb də çoğrafi quruluş, çoxetniklik, monoetniklik, intellektual baza, iqlimlər və s. olmuşdur. Məsələn, Misir sivilizasiyasının əsasını monoetniklik, iqtisadiyyat və din tutduğu halda, Şumer sivilizasiyasında çoxetniklik, elm və din ön plana çıxmışdır. Eyni zamanda Türk sivilizasiyasında milli yaxınlıq, hərb və mədəniyyət mühüm rol oynadığı halda, Çin sivilizasiyasında elm, təhlükəsizlik və momoetniklik mühüm rol oynamışdır.
Hazırda Qərb sivilizasiyası kimi təqdim olunan Avropa-Xristian sivilizasiyasının əsasında da isə elm, din, mədəniyyət, təhlükəsizlik, çoxetniklik və hərbi güc təşkil edir. Deməli, “Qərb sivilizasiyası” daha geniş amilləri özündə birləşdirir. Anmcaq etiraf etmək lazımdır ki, “Avropa” və “Qərb” adlı sivilizasiyanın yaranmasında əsas rolu intellektual baza oynamışdır. Çünki tarixən sivilizasiyaları dövlətlər, imperiyaların əsas xalqı, yaxud da xalqları yaratmışlar. Həmin sivilizasiyalar da həmin xalq və xalqların adları, ən azı onları bir yerdə tutan cöğrafı adla bağlı olmuşdur. “Avropa” və “Qərb” adlı sivilizasiyada isə bunları görmək mümkün deyildir. Doğrudur, ilk baxışda “Avropa”nın cografi bir ad olduğunu düşünə bilərik. Ancaq “Avropa” avropalıların bu əraziyə verdiyi coğrafi anlayışdan çox siyası anlamdır. Siyası anlam daşıyan “Avropa” coğrafi mənada da işlənməyə başlanmışdır.
Bu baxımdan Avropanın coğrafi ərazisini müəyyənləşdirən hansısa dağlar, çaylar, dənizlər deyil xristianlğın yayılma arealıdır. Yəni xristianlıq genişləndikcə, Avropanın ərazisi də, eyni zamanda avropalı olmaq hissi də genişlənir və ya əksinə. Bu baxımdan rus filosofu Nikolay Yakovleviç Danilevskinin o fikri ilə razılaşırıq ki, əslində «Avropa» bir qitə deyil, antik coğrafiyaçıların uydurduğu kimi, bir alt qitədir. Yəni çoğrafi məkandan çox düşüncənin məhsuludur: “Əfqanıstan və Himalay dağlarının əvəzinə, qitə “Avropası”nın ənənəvi “Asiya” ilə iç-içə girdiyi ucsuz-bucaqsız düzənliklər var və görənlərdən başqa Ural dağlarını ayıra biləcək heç kim yoxdur. Bu bölgələrdə latın, katolik-protestant və maariflənmiş “Avropa” dövlətləri və mədəniyyətləri, “Avrasiya” deməyə vərdiş etdiyimiz yerlə, qeyri-müəyyən bir davamiyyət daxilində olduğundan, digərlərilə, ortodoks, müsəlman, rus və türk yurdları ilə həm qarışmış, həm qarışmamışdır. Bu baxımdan “Avropa”nı tam hissəli bir vahid kimi düşünmək sərhəd və mənsubiyyət problemlərinin yaranmasına şərait yaradar. Mədəniyyətləri tarixən xristianlığa aid olan və xristianlığı sonradan qəbul etdikləri üçün, serblər, moldovanlar, gürcülər və ermənilər “avropalı”dırlarmı? Tarixən müsəlman mədəniyyətinə aid olmayan və sonradan müsəlmanlığı qəbul etmiş albanlar, bosnyalılar, türklər və azərbaycanlılar «avropalı» deyillərmi?”.
Bu baxımdan hesab edirik ki, xristianlıq Asiyada-Şərqdə yaranıb indi Qərbə aid olduğu kimi, “Avropa”nın da aqibəti eyni olmuşdur. “Şərq” “Qərb”i yaratdığı kimi, “Asiya” da “Avropa”nı ortaya qoymuşdur. Ancaq bizi burada daha çox maraqlandıran “Qərb” və “Avropa”nı yaradan “Şərq” və “Asiya”nın durumudur. Çünki bu günə qədər modernləşmək adı altında “Qərb” və “Avropa”ya aludə olaraq ancaq onları öyrənməyə, onları təqlid etməyə çalışmışıq. C.Meriçin təbrincə desək, Şərq və Qərb iki ayrı dünya olsa da, zor-xoş hamımız avropalı olmuşuq: “Qərb, bütün zəfərlərini yamyamlığa borclu. Əski Yunan, demokrasi adını verdiyi bir ovuc insanın hüriyyət və hakimiyyətini, köləlik sayəsində gerçəkləşdirdi, çağdaş Avropa sömürgəçilik sayəsində. Amma bunlar keçmişə aid təhlillər. Bugün bir tək dünya var. Küffarın hökmran olduğu bir dünya. Bir kəliməylə hamımız avropalıyız”.
Doğrudan da, bugünədək “Qərb” və “Avropa”nı hərfi mənadan tutmuş, siyas-fəlsəfi nəzəriyyələrədək bütövlükdə əzbərlədiyimiz halda, “Şərq” və “Asiya”ya barmaqarası baxmışıq. Bununla da “Qərb” və “Avropa”nı yaradan “Şərq” və “Asiya” demək olar ki, unudulmuşdur. “Şərq” və “Asiya”nı yalnız “Qərb” və “Avropa”nı yedəyi kimi görməyə alışdırılmışıq. Bu günə qədər dünyada yazılan elmi-fəlsəfi, siyasi-ideoloji əsərlərin 100-də 90-nı “Qərb” və “Avropa”ya, 100-də 10-nu isə“Şərq” və “Asiya”ya həsr olunmuşdur. Çünki əsas elm adamları kimi “Qərb” və “Avropa” alimlərini (Aristotel, Platon, Herodot, Strabon, Plotin, Kant, Hegel, Marks, Nisşe, Freyd, Şpenqler, Toynbi, Hantinqton, Fukuyama və b.) qəbullanmışıq.
Bütün bunların nəticəsində də “Şərq” və “Asiya”ya da onların gözü ilə baxırıq. Onların mədəniyyət və sivilizasiya, millət və din, tarix və arxeologiya, elm və texnologiya haqqında nəzəriyələrini ehkam, doqma kimi qəbul edirik. Ən qəribəsi odur ki, heç bir anlamı olmadığı halda Qərb rasionalizmindən və Şərq ruhundan bəhs edirik. Bununla da özümüzə təsəlli veririk ki, qərblilərdə intellekt varsa, bizdə də ruh vardır.
Bunun üçün üzümüzü Asiyaya, intellektimizi Şərqə, ruhumuzu İslama, birliyimizi insanlığa yönəltməliyik. Fələstinli alim Edvard Səid “Oryantalizm: Sömürgeçiliyin keşf kolu” əsərində bu məsələləri geniş izah edərək yazırdı ki, Qərbdən kənarda qalanlara “Şərq” adı verilməsi və “Şərqçilik” adı altlnda elmi bölümələrin yaradılması təsadifi deyildir. Onun fikrincə, bu anlamda “Şərq” və “şərqçilik” ingilislər, fransızlar, almanlar üçün coğrafi bir ayrım deyil, bir sıra çıxarlar toplamıdır. Bir sözlə, Qərb aydınlarının bütünü “Şərq”dən söz açarkən, yazarkən ancaq “Qərb”in yararından çıxış edirlər.
Belə bir durumda “Şərq” və “Asiya”nın mahiyyətində gizlənən intellekt yatmış vəziyyətdədir. Başqa sözlə, intellekt məsələsində psixoloji cəhətdən özünü “Qərb”lilərin qarşısında məğlub duruma salan, “Şərq”lilər təsəllini ruh anlamında tapır. Yəni “Şərq”də ruh var amma intellekt yoxdur. İntellektsiz ruh isə özünü bitirmək üzrədir. Çünki “Qərb” “Şərq”in intellektini əlindən aldığı kimi, onun ruhunu da demək olar ki, yox etmək üzrədir. Belə olduğu təqdirdə “Şərq” və “Asiya” xalqları nicatı yalnız ruhun yüksəlməsində deyil, intellektə qayıdışda axtarmalıdır. Vaxtilə “Şərq” və “Asiya”nın bütövlüyü olan intellekt və ruh yenidən bərpa olunmalıdır. Yoxsa, yalnız tək ruhla “Qərb” və “Avropa”ya qarşı dirənmək, özünü müdafiə etmək mümkün deyildir.
Bu baxımdan hazırda zorla bir “Asiya birliyi” yaratmaq mümkün deyilsə, ancaq bunu şüurlara aşılamaq mümkündür. Biz bir “Asiya birliyi”nin vacibliyini dərk etsək, onu bir gün gerçəkləşdirmək mümkündür. Yuxarıda da bildirdiyimiz kimi, bütün sivilizasiyaların sonu vardır, amma elə etmək lazımdır ki, məhv olanın yerində yenisini qurmaq mümkün olsun. Yaxud da bizim olmayan bir sivilizasiyanın məhvi gerçəkləşərkən onun tənəzzülü başqalarını da yandırıb yaxmasın. Atalarımız demişkən qurunun oduna yaş da yanmasın.
Bu çox anlamlıdır ki, bitmiş biri olan və sonu gələn, hələ yenicə pöhrələyən və ayaq üstündə duranı da özü ilə məhvə sürüklədiyi bir zamanda, nicat yolunu bitməkdə olan mı, yoxsa yenicə yetişən mi axtarmalıdır?