Modern.az

Müsəlman Əfqanıstanın xristian ledisi - Əfqan ənənələrini pozmaq istəyən prezident xanımı - FOTOLAR

Müsəlman Əfqanıstanın xristian ledisi - Əfqan ənənələrini pozmaq istəyən prezident xanımı - FOTOLAR

20 Oktyabr 2014, 10:56

Prezident və onun həyat yoldaşı 30 il ABŞ-da yaşayıb


Modern.az
saytı “Birinci ledilər” layihəsində xarici ölkələrin dövlət başçılarının xanımları barədə məlumatların təqdimatını davam etdirir. Növbəti yazıda Əfqanıstanın birinci xanımından bəhs edilir.

Əfqanıstanın yeni prezidenti Əşrəf Qəni Əhmədzayın həyat yoldaşı Rula əri vəzifəsinin icrasına başlayandan sonra ölkənin birinci ledisi kim əfqan qadınlarının cəmiyyətdəki vəziyyətinin yaxşılaşdırılmasına nail olmaq niyyətini açıqlayıb. Rula Qəni müsahibəsində qeyd edib ki, ölkəsinin sosial normalarını kənara atmağa hazırlaşmır, ancaq mövcud institutlar çərçivəsində təsir göstərmək niyyətindədir:

“Mən qadınlara ailədə öz varlıqlarını təsdiqlətməyə həvəsliyəm”.

Rula Qəninin sözlərinə görə, ailə əfqan cəmiyyətinin dəyərini itirməməlidir, onların təhsil alması və işləməsi həm də əzizlərini və yaxınlarını dəstəkləmək imkanı verir, ailənin təmin olunmasında qadının özünün də rolunu möhkəmləndirir.

Buna baxmayaraq, birinci ledi bəyan edir ki, təhsilli olması səbəbindən ərinin qohum-əqrəbaları onu hörmətlə qarşılayıblar. Bu da imkan verib ki, əfqan ənənələrini öyrənsin.

Keçmiş maliyyə naziri Əşrəf Qəni Əhmədzay 1949-cu ildə anadan olub, Kabildəki “Habiba” liseyini qurtarıb, Livanın paytaxtı Beyrutda Amerika Universitetində təhsil alıb, Kabil universitetində dərs deyib, ABŞ-ın Kolumbiya, Berklidə Kaliforniya Universitetində, Merilend ştatının Baltimor şəhərində Con Hoppinks adına Universitetdə, 1991-ci ildə Dünya Bankıda işləyib, 2001-ci ildə BMT-nin Əfqanıstandakı xüsusi nümayəndəsi Əxzar İbrahimin məsləhətçisi və Əfqanıstanın bundan əvvəlki prezidenti Həmid Karzainin maliyyə məsələləri üzrə baş məsləhətçisi olub. BMT-nin Əfqanıstana humanitar yardım idarəsinin koordinasiya üzrə rəhbəri işləyib. 2004-cü ildə Kabil Universitetinin rektoru təyin olunub. 2013-cü ildə Britaniyanın “Prospect” nəşrinin reytinqində 100 ən yaxşı mütəfəkkir arasında ikinci olub. Əşrəf Qəni Rula ilə 1970-ci illərin əvvəllərində Beyrutdakı Amerika Universitetində tanış olublar, cütlüyün  Mariam adlı qızı və Tarik adlı oğlu var. Rula Livan xristianlarındandır.

2006-cı ildə Əşrəf Qəninin namizədliyi BMT-nin baş katibi Kofi Annanın yerinə irəli sürülüb, ancaq indiki baş katib Pan Gi Muna uduzub. 2009-cu il prezident seçkilərində iştirak edərək seçicilərin 3 faizinin səsini toplaya bilib. 2013-cü il oktyabrın 6-da Əfqanıstanda keçiriləcək prezident seçkiləri ilə bağlı namizədliyi qeydiyyata alınıb.

Əfqan ənənələrini pozmaq istəyən birinci ledi

Əfqanıstanda ciddi patriarxal cəmiyyət olduğundan qadınlar, ümumiyyətlə ictimai proseslərdən uzaq qalıblar, ancaq yeni prezidentin həyat yoldaşı Rual Qəni bu ənənəni pozmaq niyyətindədir. O, seçki kampaniyası zamanı ərini müşayiət edib və ən azı bir dəfə çıxış edərək bir neçə tabunu artıq pozmağa nail olub.

Yeni prezident də tez-tez deyirdi ki, o Əfqanıstanın həyatında qadınların böyük rol oynamasını istəyir və hüquqşünas fəalların da çoxu ümid edir ki, Rula nüfuzlu birinci xanım olacaq. Yeni prezident onu da qeyd edib ki, onun həyat yoldaşının dəstəyinə ehtiyacı var. Qəni Prezident Sarayında and içəndən sonra bunu bir daha təkrar edib: “O, həmişə mənə yardımçı olub, məcburi köçkünlər, qadınlar, uşaqlar və mən əminik ki, o köməyini davam etdirəcək”.

1996-2001-ci illərdə Taliban rejimi Əfqanıstanda qızların təhsil almasını qadağan edib, hətta qadınların çölə çıxmasına imkan verilməyən qadağalar tətbiq olunub. Əgər qadın evdən çıxıb harasa gedərdisə, bu yalnız kişi ailə üzvünün, yaxud kişi qohumunun müşayiəti ilə mümkün ola bilərdi.

Əfqanıstanın yeni birinci xanımı ilk növbədə bu ənənəyə meydan oxumaq niyyətindədir. Rula Qəni Prezident Sarayına yerləşməzdən öncə BBC-yə müsahibəsində də qadınlara cəmiyyətdə daha böyük hörmət edilməsinin vacib olduğunu bildirib: “Mən onların həyatını yaxşılaşdırmaqdan ötrü bütün mümkün vasitələrdən istifadə edəcəyəm. Əfqan qadınları həm ailədə, həm də cəmiyyətdə özlərini daha sərbəst, daha azad hiss etməlidirlər”.

Xanım Qəni şübhəsiz ki, Əfqanıstanın mühafizəkar cəmiyyətindəki həssaslıqlardan xəbərdardır və deyir ki, onun düşüncələri bu ölkədə həyatın təməl daşı olan ənənəvi dəyərlərə zidd deyil: “Mən mövcud sosial dəyişikliyə müraciət etmirəm”.

Əvvəllər Rula Qəninin şəxsiyyəti Əhmədzayın əleyhdarları tərəfindən dəfələrlə tənqidə məruz qalıb, bunun səbəbi siyasi xadimin həyat yoldaşının xristian ailəsindən olması, xristian dininə sitayiş etməsi və uzun illər əri ilə birgə ABŞ-da yaşamasıdır.

Birinci ledi: “Mənim ərim heç vaxt dələduzluq etməyib”



“Mənim məqsədim situasiyanı inqilabla dəyişmək deyil, ancaq qadınların vəziyyəıtini mümkün strukturlar hesabına daha da yaxşılaşdırmaq olar. Mən burada ona görə varam ki, qadınlara onların ailədəki əhəmiyyətini başa salım”.

Ərinin seçki kampaniyası zamanı onu ən çox tənqid edənlərdən biri prezidentliyə namizəd kimi əsas rəqib sayılan Abdulla Abdulla idi. O, cəhd edirdi ki, Rulanı müsəlman cəmiyyəti ilə əlaqəsi olmayan əcnəbi kimi təqdim etsin. Şimali Balx əyalətinin qubernatoru Atta Məhəmməd Nur isə iddia edirdi ki, Əşrəf Qəni dindən xəbərsizdir, onun uşaqları və arvadı isə əfqan deyillər.

Rulanın sözlərinə görə, onun istədiyi odur ki, Əfqanıstanda digər kişilər də qadının cəmiyyətdə vacib rol oynaya biləcəyini anlasınlar, bunu yeri gələndə etiraf etməyi bacarsınlar, onlar etiraf etsinlər ki, həyat yoldaşları, anaları və uşaqlarının ətrafındadırlar, onların həyatı üçün qiymətli hədiyyədirlər.

“Mən ərini tanıyıram. Düşünürdüm ki, insanlar çox düzgün seçim ediblər. Onlar da bilirlər ki, mənim ərim heç vaxt dələduzluq etməyib”.

“Xristian olsam da, mən də Allah yaradıb”



“Məni də Allah yaradıb və qərara gəlib ki, xristian ailəsində doğulum. Livanlının əfqanlı ilə evlənməsində də düşünürəm ki, Tanrının əli var”. Birinci ledi müsahibələrindən birində belə deyib.

Qeyd etdik ki, Rula Qəni əslən livandakı xristian ailəsindən olduğundan prezident seçkiləri kampaniyası zamanı rəqibləri bu faktdan Əşrəf Qəniyə qarşı istifadəyə cəhd ediblər. Ancaq prezident seçilən kimi Qəni həyat yoldaşına dəstəyə görə təşəkkür edərək deyib ki, ölkənin birinci xanımı qadın və uşaq hüquqlarının müdafiəsi üçün fəal olaraq qalacaq: “Mən fürsətdən istifadə edib dəstəyinə görə Rulaya təşəkkür etmək istəyirəm. Əfqanıstan islam ölkəsidir, cəmiyyətdə mühafizəkarlıq hökm sürür. Ancaq mənim dostum və arvadım bu prosesdə kənarda qalmadı, onun böyük dəstəyini hər zaman hiss etdim”.

Əfqanıstanda birinci ledilər hər zaman kölgədə qalıblar. Məsələn, bundan əvvəlki dövlət başçısı Həmid Kərzainin həyat yoldaşı cəmiyyətdə nadir hallarda görünərdi. Rula Qəninin fəallığı isə hər an mühafizəkarların tənqidinə səbəb olur, onlar hesab edirlər ki, yeni birinci xanım ölkəni yaxşı tanımır və əfqan  mədəniyyətini kifayət qədər bilmir.

Tənqidçilər bildirirlər ki, Rula Qəni xarici köklərə malikdir və birinci xanımı yalnız 2002-ci ildən Əfqanıstanda yaşayıb. Lakin onu da deyirlər ki, o ilk dəfə 1975-ci ildə gələndə Əfqanıstan sakit və dinc ölkə idi.

Birinci ledi isə düşünür ki, Əfqanıstanın müxtəlif əyalətlərinə gedib insanlarla daimi ünsiyyətdə olması onun bu ölkə və bu ölkənin mədəniyyəti haqqında biliklərini artırıb: “Mən demirəm ki, hər şeyi bilirəm, amma mən Əfqanıstanda bir çox yerlərdə olmuşam və çox sayda insanla söhbət etmişəm”.

Lakin Rula Qəni bildirib ki, o, əfqan cəmiyyətində hər şeyi  dəyişməyə cəhd göstərməyəcək: “Mən hiss edirəm ki, Əfqanıstanda çox güclü sosial və ailə bağlılığı var. Bu ölkədə həm də ev şəraitində qadınların rolu kənardakından daha çox qiymətləndirilir”.

Əfqanıstan parlamentinin üzvü Şurkiya Barkazai  hesab edir ki, yeni müsbət tendensiya başlayıb. Onun sözlərinə görə, bu ölkədə kişilər ailədə dominantlıq edir, Rula Qəni isə qadın və uşaqların hüquqlarının həyata keçirilməsinə fəal köməklik edəcək.

ABŞ-a iki illiyə gedib 30 ildən sonra qayıdıblar



Rula və Əşrəf Qəni 1970-cı ildə, hər ikisi Beyrutda Amerika Universitetində oxuyanda görüşüblər. Sonra Rula Qəni atasının müşayiəti ilə ailə qurmaq niyyətilə Əfqanıstana gəlib: “Biz Əfqanıstana gəldik, ailəsi ilə görüşüb, atam razılıq verdi. Mən Livana qayıtdım, sonra gələcək ərim də gəldi, biz evləndik”, - Rula Qəni evliliklərini belə xatırlayır.

Nikahdan sonra Rula Qəni Əfqanıstana qayıdıb və Kabildə yaşamağa başlayıblar. Lakin üç il sonra, Kabil Universitetində dərs deyən Əşrəf Qəni ABŞ-ın Kaliforniya Universitetində antropologiya sahəsində doktorluq dərəcəsini davam etdirmək qərarına gəlib. Onların məqsədi  iki il ərzində ABŞ-da qalmaq olub, amma Sovet İttifaqının müdaxiləsi nəticəsində 1979-cu ildə baş verən çevrilişdən sonra Əfqanıstanda hər şey dəyişib. Birinci ledi deyir: “Bir çox səbəbdən, bizə qayıtmamağı məsləhər gördülər. Ərimin ailəsinin bir çox üzvləri həbsxanadaydı və qorxurdular ki, əgər biz qayıtsaq Əşrəf Qəni də həbsxanada  olacaq. Buna görə də biz ABŞ-da qaldıq, halbuki biz ora yalnız iki il qalmaq üçün getmişdik, amma səfərimiz 30 il çəkdi”.

Qeyd edək ki, həm indiki prezident, həm də Əfqanıstanın yeni birinci ledisi ABŞ vətəndaşıdırlar. 2002-ci ildə vətəninə qayıdan Əşrəf Qəni və həyat yoldaşının həm də Əfqanıstan vətəndaşlıqları var.





Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI