20 oktyabr tarixi geniş , uzun-uzadı təqdimata ehtiyacı olmayan korifey sənətkarımız, xalq artisti mərhum Şövkət xanım Ələkbərovanın növbəti doğum günüdür. Ömrünün 70-ci baharında dünyasını dəyişən Şövkət xanımın bu gün 92 yaşı tamam olur. Qısaca olaraq onu qeyd edim ki, Ş.Ələkbərova 1922-ci il oktyabrın 20-də Bakıda anadan olub. Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinfini bitirdiktən sonra səhnə yaradıcılığına başlayan Şövkət xanım 1938-1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olub. 1945-ci ildən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti işləyib.
1937-ci ildə bədii özfəaliyyət kollektivlərinin müsabiqəsində iştirak və öz çıxışı ilə Üzeyir Hacıbəyov, Səid Rüstəmov, Bülbül kimi sənətkarların diqqətini cəlb edən Şövkət xanım Opera Teatrında keçirilən yekun konsertdə "Qarabağ şikəstəsi"ni oxuyaraq, gözəl sənətçilərimiz Fatma Mehrəliyeva və Gülağa Məmmədovla birlikdə ilk üçlüyə daxil olub. Bu müsabiqə Ş.Ələkbərovanın peşəkar musiqi sənətinə gəlişinin əsasını qoyub və 1945-ci ildən Filarmoniyanın solisti kimi işə başlayan Şövkət xanımın ifasında səslənən xalq mahnıları, muğamlar, bəstəkar mahnıları Azərbaycanda çox böyük məşhurluq qazanıb.
Keçmiş SSRİ-nin bir çox şəhərlərində, Fransa, İsveçrə, Şri-Lanka, Əfqanıstan, Hindistan, Misir, Əlcəzair, İran, Türkiyə, Polşa və digər xarici ölkələrdə uğurla çıxış edən Ş. Ələkbərovanın repertuarına Segah, Qatar, Şahnaz kimi muğamlar, Azərbaycan bəstəkərlarının və Orta Şərq xalqlarının mahnıları daxil idi...
Oktyabrın 20-nin, Şövkət xanımın doğum gününün yaddaşıma birdəfəlik həkk olunmasının isə çox maraqlı və ibrətamiz bir tarixçəsi var. Heç yadımdan çıxmaz, 1997-ci ilin elə bu günündə - o zaman “525-ci qəzet”də çalışırdım- iş yoldaşlarımdan biri dedi ki, sənə bir xanım zəng edib,telefonda gözləyir. Telefonun dəstəyini götürdüm və dərhal titrək səsindən bildim ki, bu çox gözəl və dəyərli sənətçimiz, əməkdar artist Aybəniz xanım Haşımovadır. Salam-sağoldan sonra Aybəniz xanım hıçqıra-hıçqıra dedi ki, bəs bu gün korifey sənətçimiz mərhum Şövkət xanımın doğum-yubiley günüdür, amma təəssüflər olsun ki, mətbuatda bu haqda bir kəlmə olsun heç nə getməyib...
Sonra Şövkət xanım haqqında tanınmışlardan birinin yazısından sitatlar oxudu və xahiş etdi ki, heç onun özünün adı çəkilmədən həmin sitatların da yer aldığı bir yazı getsin "525"də. O zaman artıq mən mədəniyyət, sənət mövzularından yazmırdım.Telefon dəstəyini yerə qoyub iş yoldaşım Kəmalə xanımdan xahiş etdim ki, Aybəniz xanımın gətirdiyi sitatlar da yer almaqla bir yazı hazırlasın və o da çox sağ olsun, sözümü yerə salmadı, gözəl bir yazı hazırladı və səhərisi gün həmin yazı "525"də dərc olundu...
Bu, əsl sənətçi mövqeyi, yanğısı, böyüklüyü idi, bu, əsl müəllim sevgisi idi...Təki hamı, xüsusilə, sənət cameəsindəkilər Aybəniz xanım kimi müəlliminə-müəllimlərinə bu cür sevgi və sayğı ilə yanaşsın. Onu da qeyd edim ki, yazı çıxan kimi-heç üstündən bir-iki saat keçməmiş Aybəniz xanım zəng edib öz minnətdarlığını bildirdi...
Odur ki, Allah-təaladan Şövkət xanıma rəhmət diləyir, nur içində yatasınız deyir, Aybəniz xanıma isə can sağlığı, uğurlar, gözəllik və səadət arzulayıram.
Kamil Həmzəoğlu