AZADİNFORM İnformasiya Agentliyi Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yardımı ilə həyata keçirdiyi “KİV-də ekoloji maarifçiliyin dəstəklənməsi” layihəsi çərçivəsində ekoloji mövzuda yazan jurnalistlər üçün treninq keçirib.
Treninqdə çıxış edən AZADİNFORM İA-nın redaktoru, layihənin rəhbəri Niyaz Niftiyev son illər planetimizi narahat edən problemlərdən birinin də dünyada ekoloji gərginliyin artması və ekoloji tarazlığın pozulması olduğunu bildirib. N.Niftiyev həyata keçirilən layihənin məqsədinin də elə məhz ətraf mühitin mühafizəsi sahəsində ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi işini təşkil etməkdən ibarət olduğunu bildirib. O, qeyd edib ki, ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəldilmiş Dövlət və Milli proqramların yerinə yetirilməsi ilə bağlı görülən işləri və mövcud problemləri mətbuatda təbliğ etmək layihənin əsas vəzifələrindən olub.
“Ekoloji Tarazlığın Qorunması” İctimai Birliyinin sədri Etiram Kərimov ekoloji maarifçiliyin təbliğinin davamlılığında mətbuatın üzərinə böyük məsuliyyət düşdüyünü söyləyib. Onun sözlərinə görə, Kütləvi İnformasiya Vasitələrinin auditoriyası geniş və rəngarəng olduğundan, ekoloji maarifçiliyin həyata keçirilməsində böyük rol oynayır. “Çünki, ətraf mühitin vəziyyəti əhalinin rifahına birbaşa və dolayı yolla təsir edir. Bunun üçün də maarifçilik işini genişləndirməklə həm əhalinin sağlamlığının qaydına qala, həm də ekoloji problemlərin qismən də olsa aradan qaldırılmasına nail ola bilərik”,-deyə E.Kərimov əlavə edib.
“Eko-2010” Koalisiyasının koordinatoru Ramiz Alıyev “Azərbaycan Respublikasının Ekoloji Konsepsiyası”ndan danışıb. R.Alıyev bildirib ki, bu konsepsiyada respublikamız üçün ətraf mühitin mühafizəsi baxımından əhəmiyyətli olan problemlərin həlli üzrə əsas prinsiplər öz əksini tapıb. Koalisiya sədri jurnalistləri bu mövzuya müraciət edərkən bu kimi sənədlərə istinad etmələrinin əhəmiyyətindən danışıb.
Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə müstəqillikdən sonra ölkədə ətraf mühitin mühafizəsi sahəsində yeni ekoloji siyasətin formalaşmağa başladığını bildirib. Onun sözlərinə görə, bu həm də ekoloji məsələlərin ümumbəşəri bir problem kimi qəbul edilməsi ilə də izah edilə bilər. S.Verdizadə ekologiya sahəsində yazan jurnalistlərin mövzunu işıqlandırarkən ətraf mühitin müafizəsi sahəsinə diqqət ayırmalarını zəruri hesab edib.
Dünyanın hər yerində olduğu kimi Azərbaycanda da ekologiya sahəsində müəyyən problemlərin mövcud olduğunu vurğulayan ekspert İlham Məmmədov ölkənin hazırda üzləşdiyi ekoloji problemlərin əksəriyyətinin iqtisadi inkişaf proseslərində ətraf mühitin davamlılığı məsələlərinin nəzərə alınmaması ilə bağlı olduğunu bildirib. İ.Məmmədov Prezident İlham Əliyevin təşəbbüsü ilə 2010-cu ilin ölkəmizdə “Ekologiya ili” elan edilməsi ilə ətraf mühitin mühafizəsi və əhalinin sağlamlığı məsələlərinin nə qədər aktual olduğundan xəbər verdiyini qeyd edib. Ekspert bu günədək dövlət başçısının müvafiq sərəncamları ilə ölkənin ekologiyası sahəsində bir sıra mühüm sənədlərin qəbul edildiyini diqqətə çatdırıb. O, bu sıradan 2003-2010-cu illəri əhatə edən “Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair Milli Proqram”, 2003-2008-ci illəri əhatə edən “Azərbaycan Respublikasında meşələrin bərpa edilməsi və artırılmasına dair Milli Proqram", “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı" və digər sənədlərin hazırda icra olunduğunu vurğulayıb.
Treninqdə jurnalistlərlə yanaşı, AZADİNFORM İA-da təcrübə keçən Bakı Slavyan Universitetinin jurnalistika fakultəsinin tələbələri də iştirak ediblər.
Treninqin sonunda jurnalistlərə və iştirakçılara “KİV-də ekoloji maarifçiliyin dəstəklənməsi” layihəsi çərçivəsində hazırlanan bukletlər paylanıb.