Modern.az

Şəhriyarşünas alimdən ETİRAZ: “Kaş onlar da Vətəni elə Fikrət Sadıq qədər sevəydilər”

Şəhriyarşünas alimdən ETİRAZ: “Kaş onlar da Vətəni elə Fikrət Sadıq qədər sevəydilər”

20 Oktyabr 2014, 13:31

Modern.az saytında məşhur güneyli şair Məhəmmədhüseyn Şəhriyara məxsus “Azərbaycan” şeirinin təhrif olunduğuna dair iddianın dərci ictimaiyyət tərəfinfən müxtəlif reaksiyalarla qarşılanıb. Qeyd edək ki, həmin yazıda güneyli araşdırmaçı Əsgər Fərdi ustad şairin məşhur “Azərbaycan” qəzəlinin Fikrət Sadıq tərəfindən təhrif olunaraq tərcümə edildiyini diqqətə çatdırıb və qəzəlin özünün iddia etdiyi kimi, original variantını təqdim edib.

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan şöbəsinin əməkdaşı, filologiya elmlər doktoru, şəhriyarşünas-alim Esmira Şükürova isə bu iddianı əsassız hesab edir. Şəhriyar irsini araşdıran alminin fikrincə, hər iki variant arasında o qədər də ciddi fərq yoxdur. E.Şükürova Əsgər Fərdini qara yaxmaqda suçlayıb.

“Təəssüflə deməliyəm ki, türkün əzəli-əbədi düşmənlərilə birlik nümayiş etdirən bəzi milli satqınlarımız bu gün ədəbiyyat xəzinəmizə də əl uzatmaqda, dahilərimizə, korifey sənətkarlarımıza açıq-aşkar qara yaxmaqda, hətta XX əsrin fenomeni olan Şəhriyarı narkotik aludəçisi, məddah şair adlandırmaqda, müxtəlif ürəkbulandırıcı söz-söhbətlər yaymaqdadırlar. Bu söz-söhbətlərdən biri də “Azərbaycan” şeiri ətrafında cərəyan edir. Bunu iddia edənlər yenə də köhnə hava çalanlar, düşmən dəyirmanına su tökənlərdir. Yenə də min təəssüf hissi ilə qeyd edirəm ki,  bizə xarici düşmən lazım deyil, sapı özümüzdən olan baltalar kifayətdir - söyləyənlər, səhv etmirlər. İndi kimlərsə deyirlər ki, guya, gözəl şairimiz, əqidəli ziyalımız Fikrət Sadıq - kaş onlar da Vətəni elə Fikrət Sadıq qədər sevə biləydilər! - Şəhriyarın məşhur  “Azərbaycan”  qəzəlini 1988-ci ildə meydan hərəkatı zamanı tərcümə edib və əsər hərəkatın gedişi zamanı səsləndirilib. Guya, şair məşhur qəzəli sanki yenidən yazıb və əsas mətnə bəzi beytlər əlavə edib. Doğrudur, bu möhtəşəm qəzəlin mübarizəyə çağırış, üsyankarlıq ruhu meydan hərəkatı ilə səsləşdiyinə görə həmin tarixi günlərdə oxunub. Ancaq “Azərbaycan” qəzəlinin 1988-ci ildə dalğalanan meydan hərəkatı zamanı tərcümə edilməsilə bağlı mülahizə doğru deyil. Çünki şairin “Azərbaycan” qəzəlinin tərcüməsi Şəhriyarı yaxından tanıyan, onunla yaradıcılıq əlaqələri quran, həyatı və bədii irsi haqqında hələ 1963-cü ildə ilk monoqrafiya yazan professor Qulamhüseyn Bəydili (Beqdeli) öz tədqiqatında Fikrət Sadığın elə həmin ildə etdiyi tərcümədən sitatlar verib. Hətta Bəydili 1966-cı ildə ustad şairin “Seçilmiş əsərləri”ni də çap etdirib və həmin tərcüməni də bu külliyyata salıb. Bircə məsələni qeyd etməyi özümə borc bilirəm ki, Fikrət Sadığın etdiyi çevirmə sətri tərcümə deyil, sərbəst bədii tərcümədir və o, Şəhriyarın qəzəlin misralarında ehtiva olunan fikirlərini təhrif etməyib, sadəcə şair təxəyyülünün diqtəsilə Azərbaycan türkcəsinə uyğunlaşdırıb. Çünki dahi Şəhriyarın qeyri-adi istedadı, təbi vardı və yeri gələndə sözünü deməyə cəsarəti çatırdı. Əslində cənab Əsgər Fərdinin təqdim etdiyi variantda elə ciddi fərq yoxdur, daha geniş və əhatəli bir qəzəldir və Şəhriyarın obyektiv və təkrarsızlığını bir daha sərgiləyir”.

Xanım tədqiqatçı Şəhriyarla bağlı xaricdə yaşayan Güntay Gəncalp adlı araşdırmaçının da fikirlərinə iradını bildirib:

“Şah İsmayıl Xətai, Nəsimi, eləcə də Şəhriyarın “Azərbaycan” qəzəlinin tərcüməsilə bağlı mübahisə doğuran fikirlər yazaraq Facebook səhifələrində paylaşan və mətbuatda dərc etdirən Güntay Gəncalp da statusunda belə fikirlər sərgiləyib: “Yalan və doğru... Şəhriyar irançı bir şair olmuş. Həm də gizlətmədən irançı olmuş. Fikrət Sadıq Şəhriyarın “Azərbaycan” şeirini yalana qataraq tərcümə edib və onu Azərbaycançı kimi təqdim edib. Şəhriyar deyir ki, “Dünya durduqca Azərbaycan İranın ayrılmaz parçasıdır. Lakin Fikrət Sadıq “Azərbaycan İrandan çox bəla görmüş, İrana can vermiş, İranın işini bitirməlidir!” yazıb əslində”.
Maraqlıdır, Şəhriyarın həmin qəzəlinin tərcüməsində Fikrət Sadığın yazdığı bu beyt də
Bəsdir, fəraq odlarından kül ələndi başımıza,
 Dur ayağa, ya azad ol, ya tamam yan, Azərbaycan!

Güntayın çıxardığı mənanı vermir axı! Şair “Qəti qərara gəlməyin vaxtıdır”, deyir, ya buxovlardan qurtul, ya da ki, yanlış, daha “İranın işini bitirməlisən”, demir ki!..
“Şəhriyarla görüş xatirələri”ində isə o, bu fikrinin tam əksini söyləyir, şairin məşhur "Heydərbabaya salam" poemasını yazandan sonra Rza Şah Pəhləvinin başçılıq etdiyi İran dövlətində “pantürkist” sayıldığını dilə gətirir və “başdan ayağa sevgi və eşq heykəli”nə heyranlıqla deyirdi: “Şəhriyar, min illərin yoğurduğu eşq heykəli…””.

Elmin NURİ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI