Kütləvi informasiya vasitələri mütəmadi olaraq bəstəkarlar və rəssamlıq ittifaqlarına aid informasiyaları, orada baş verən prosesləri işıqlandırırlarımı?
Modern.az saytı bununla bağlı media nümayəndələri arasında sorğu keçirib.
“Aznews.az” saytının mədəniyyət yazarı Bahar Rüstəmli Bəstəkarlar İttifaqından verilən məlumatları vaxtaşırı işıqlandırdıqlarını bildirib: “Amma bir şərtlə, məlumat yeni olmalıdır. Bəzən məlumat tədbirdən bir neçə gün sonra verilir. Belə olanda həmin xəbərləri işiqlandırmıram”.
O, Rəssamlar İttifaqının fəaliyyətindən narazılıq edib: “Rəssamlar İttifaqından isə keçirilən tədbirlərlə bağlı məlumat verilmir. Mənə lazım olan məlumatı özüm alıram. Hətta bəzən məlumatı dəqiqləşdirmək üçün günlərlə vaxt səef etməli oluram. Bir sözlə, Rəssamlar İttifaqı mətbuatla işini düzgün qura bilməyib”.
“Simsar.az” saytının redaktoru Elmar Hüseynovun dediyinə görə, bütün qurumlarla, eyni zamanda bəstəkarlar və rəssamlar ittifaqları ilə də əlaqələri var: “Buna görə də baş verən prosesləri yaxından izləyirik. Amma onu deyim ki, hər iki qurumun mətbuatla əlaqələri çox zəifdir. Deməli, həmin qurumlar mətbuatla işi düzgün qura bilməyiblər”.
“Publika.az” saytının baş redaktoru Amil Hacıyev Bəstəkarlar İttifaqı ilə bağlı həmişə informasiya yaydıqlarını qeyd edib:
“Təbii ki, seçim edirik. Rəssamlar İttifaqında mətbuatla iş zəif olduğundan xəbərləri bizə çatmır. Amma Azərbaycan rəssamları ilə müsahibələr, reportajlar olub və bundan sonra da davam edəcək”.
“Yeni Musavat” qəzetinin əməkdaşı Aygün Muradxanlının sözlərinə görə, hər iki qurumla bağlı yazılara saytlarında rast gəlmir: “Mədəniyyət sahəsində çalışanlar rəhmətə gedən öz həmkarları ilə bağlı başsağlıqlarının da saytlarında getməsindən ehtiyatlanırlar”.
“Gün.az” saytının baş redaktoru Emil Quliyev deyib ki, adıçəkilən qurumlarla bağlı sonuncu dəfə hansı xəbəri yaydıqlarını xatırlaya belə bilməyib: “Deməli, elə də aktiv deyillər”.
Məltəm TALIBZADƏ