“Qəzetin ilk sayı çıxanda Ayaz Mütəllibov mənə dedi ki, “bu nədir, sənin başın xarabdır? Bu qəzet indi Qorbaçovun stolunun üstündədir. Mən də dedim, sevinirəm ki, Azərbaycanın hansısa qəzeti Qorbaçovun stolunun üstündədir”.
Modern.az saytı xəbər verir ki, bunu bu gün Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı təsisçisi olduğu “Azərbaycan” qəzetinin 25 illik yubileyində deyib. O, tədbirdə iştirak edən hər kəsə təşəkkür edib. Qəzetin yaranma tarixindən danışan Rüstəmxanlı Ziya Bünyadovu, Bayram Bayramovu, İsmayıl Şıxlını, Bəxtiyar Vahabzadəni və Nadir Cabbarov kimi ziyalıları yad edib.
Rüstəmxanlının təklifi ilə vaxtilə qəzetdə çalışan və rəhmətə gedən əməkdaşların və bütün Azərbaycan şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib. Onun sözlərinə görə, indi yaxın tariximizi insanlara obyektiv çatdıra bilmirik:
“Azərbaycan mətbuatı çox şərəfli yol keçib. Azərbaycan mətbuatının bir çox mərhələləri var və o mərhələlərdən biri 1989-cu il oktyabr ayının 4-də “Azərbaycan” qəzeti ilə başlayıb. Yaxın tariximizi insanlara tam yazıb obyektiv çatdıra bilmirik. Bunun müxtəlif səbəbləri var - informasiya azlığı və ya maneələr“.
Tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov, “Azərbaycan” qəzetinin indiki redaktoru Bəxtiyar Sadıqov, deputatlar Elmira Axundova, Aqil Abbas, Milli Şuranın sədri Cəmil Həsənli, ANS teleşirkətinin vitse-prezidenti Mir Şahin Ağayev, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və digər ziyalılar iştirak edib.
Rüfanə GÜNƏŞ