Modern.az

Nazirlik: "Xəzərdə nərə balıqlarını qanunsuz ovlayan "Dalğa" gəmisi" saxlanılıb"

Nazirlik: "Xəzərdə nərə balıqlarını qanunsuz ovlayan "Dalğa" gəmisi" saxlanılıb"

3 Avqust 2010, 11:39



Modern.az
xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin baş məsləhətçisi, Xəzərin su bioresursları komissiyasının daimi üzvü Tariyel Məmmədli  bəzi KIV-lərd Azərbaycana 2010-cu il üçün nərəcinsli balıqların ovuna kvota verilməməsi barədə yayılan məlumatları təkzib edib:
Qeyd etmək istəyirəm ki, Xəzərin Su Bioresursları Komissiyasının 14-16 iyun 2010-cu il tarixlərində İran İslam Respublikasının paytaxtı Tehran şəhərində keçirilmiş 31-ci iclasında imzalanmış protokola əsasən, 2010-cu il üçün Azərbaycan Respublikasına icazə verilən ümumi ov kvotası 84 ton, o cümlədən nərə balığı üzrə 46 ton, uzunburun balığı üzrə isə 38 tondur.
Nərəcinsli balıqlar üzrə Azərbaycana bu il üçün ov kvotası verilməməsi barədə yayılan yanlış məlumatlar yalnız ictimaiyyəti çaşdırmaq məqsədi güdür”.

Tariyel Məmmədli  bildirib ki, Xəzərin su bioresursları komissiyasının son illərdə keçirdiyi iclaslarda Azərbaycan tərəfi bölgə və kələmo (şip) balıqlarının ehtiyatının tükənməkdə olduğunu nəzərə alaraq, bu balıqların sənaye ovundan imtina etməyi təklif edib. Lakin tərəflərin heç biri bu təklifi qəbul etməyib. Azərbaycan Respublikası isə hələ bir neçə il əvvəl ovundan imtina etdiyi kələmo balığından əlavə 2009-cu ildən bölgə balığının da ovundan birtərfli qaydada imtina edib ki, bu da 6 ton bölgə balığı və 300 kiloqram bölgə kürüsü deməkdir:
“Bildirirəm ki, həmin iclasda ümumi Xəzər hövzəsi üzrə nərəcinsli balıqların ov kvotası 7 faiz aşağı salındığı halda, Azərbaycan tərəfi bölgə balığının kvotasından imtina etməsinə baxmayaraq ümumilikdə, bu rəqəm 6,7 faiz təşkil etmişdir ki, bu da nərə və uzunburun balığının kvotasının 2008-ci ilə nisbətən artdığını göstərir”.

T.Məmmədli Xəzər dənizinin Azərbaycana aid bölməsində nərəkimilərin ehtiyatının tükəndiyi üçün brokonyerlərin Qazaxıstan sularına hücum etmələri barədə mətbuatda gedən məlumatları da təkzib edib: “Həmin məlumatı əsassız sayıram və bu, departamentin hər il Xəzər dənizində keçirdiyi balıq ehtiyatlarının öyrənilməsi üzrə ekspedisiyanın yekun nəticələri ilə tamamilə ziddir.
Belə ki, 2009-cu ildə keçirilmiş son dəniz ekspedisiyasının nəticələrinə görə Azərbaycanın məhəlli sularında Kür nərəsinin ehtiyatının stabil olması, uzunburun balığının ehtiyatının isə qonşu ölkələrdə olan ehtiyatdan heç də aşağı olmadığı təsdiqini tapmışdır.
Qeyd etmək istəyirəm ki, son illər balıq ehtiyatlarının mühafizəsi sahəsində Azərbaycanda kompleks tədbirlər həyata keçirilir. Məhz bu tədbirlərin nəticəsidir ki, Xəzərin Azərbaycan məhəlli sularında qanunsuz nərəcinsli balıq ovu ilə məşğul olan gəmilərin sayı minimuma enmiş və 2010-cu ilin ötən dövrü ərzində cəmi bir orta sututumlu gəmi (“Dalğa”) qanunsuz fəaliyyətə görə saxlanılmışdır. Tərtib edilmiş sənədlər qanuna müvafiq qaydada tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilmişdir. Bundan əlavə, qeyri-qanuni balıq ovu üçün kustar üsulla hazırlanmış müxtəlif bir neçə növ su nəqliyyat vasitəsi saxlanaraq barələrində müvafiq tədbirlər görülmüşdür.
Ümumiyyətlə, iddia etmək ki, Azərbaycan sularında balıq tükənib və Qazaxıstan sularında isə boldur qeyri-peşəkarlıqdan başqa bir şey deyil. Əgər Azərbaycan sularında balıq tükənibsə, onda onun yem bazası daha zəngin qalır. Belə olan halda dənizdə balıq kiminsə həyətində toyuq deyil ki, o özünə daha yaxşı yem olan yerlər axtarır və bütün dənizə yayılır”.

T.Məmmədli deyib ki, qanunsuz balıq ovuna qarşı Nazirlik tərəfindən Sərhəd Xidməti və Daxili İşlər Orqanları ilə birlikdə aparılan sərt mübarizə tədbirlərinin nəticəsidir ki, brokonyerliklə məşğul olanlar Qazaxıstan sularına üz tuturlar. “KİV-də gedən məlumatlarda konkret olaraq heç bir gəminin adı və kimə mənsub olduğu göstərilmir, bununla da konkret fakta söykənməyən yanlış informasiyalar yayılır.
Bildirirəm ki, balıq ovu üçün bilet olmadığından (bu sənəd yalnız Azərbaycan məhəlli suları üçün keçərlidir) gəmilərin harada və nə işlə məşğul olmasına görə məsuliyyəti bu gəmilərin sahibləri və kapitanlar daşıyır, Azərbaycanın dövlət orqanları yox”.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI