Modern.az

Qız bişirənlər, qırmızıdodaq nənələr və ya özünü axırıncı yola qoyanlar ...

Qız bişirənlər, qırmızıdodaq nənələr və ya özünü axırıncı yola qoyanlar ...

22 Oktyabr 2014, 16:52

Reklama köhnədənqalma bir yanaşma olub. Bu da əslində, “reklam” sözünün bizdə olan mənfi çalarlı yozumu ilə bağlıdır. Eşitmişik, belə deyib və belə aşılayıblar ki, reklam olunan hər nədirsə, deməli, keyfiyyətsizdir və dükanlarda yığılıb qalıb. İndi də reklam eləməklə satmağa çalışırlar. Amma zaman dəyişdi və buna uyğun olaraq, reklama olan münasibət, yanaşma da fərqli anlam aldı. Bu məzmun və forma, mahiyyət dəyişikliyinin detalları üzərində dayanmadan son zamanlar  milli televiziyalarımızda yayımlanan üç reklam çarxı barədə bir-iki kəlmə qeyd etmək istərdim.

Birincisi “Biskolata” adlı şokoladlı peçenyenin reklam çarxıdır. Yəqin ki, dəfələrlə görmüsünüz.  Görməyənlər buyurub izləyə bilər:

//www.youtube.com/watch?v=hi1InR7k_xk

//www.youtube.com/watch?v=oCaACnpQDd8

//www.youtube.com/watch?v=C7X2NGVFHnA

Kürə formasında olan, üzərində şokoladdan ulduz rəsmi cızılan və silindir şəklində qablaşdırılan, həmçinin dördbucaq, çubuq və ola bilər daha müxtəlif çeşidlərdə satışda rast gəlinən “Biskolata” peçenyelərini mənə qızım tanıtdırıb. 4-5 il bundan əvvəl o, bu peçenyeyə elə aludə olmuşdu ki, bircə gün yeməyəndə mən bunun səbəbini izah etməliydim. Uşaqda  yaranan “Biskolata” asılılığının, təbii ki, mənim situasiyamda öz fəsadları var idi. Üstəlik, sirr deyil ki, həkimlər istifadə müddəti aylara hesablanan bu cür qida növlərinin orqanizm üçün çox zərərli olduğunu dəfələrlə deyirlər. Şükür ki, biz bu asılılıqdan xilas olduq və qızımın “Biskolata” sevdası keçmişdə qaldı. Nəsə, bu,  artıq bir ayrı söhbətin mövzusudur.

Sözüm nədədir - günün istənilən saatında, o cümlədən, axşamlar, ailənin ekran qarşısında toplaşdığı zaman bizim televiziyalarımızda bu peçenye o ki var reklam edilir. Qurşağadək çılpaq 4-5 kişi bədəninin ayrı-ayrı hissələrini göstərə-göstərə,   qaş-göz oynada-oynada, ağızları sulana-sulana  peçenye bişirir. Aydın məsələdir ki, bu reklamda əsas hədəf  heç də peçenyenin hazırlanma prosesini göstərmək deyil. Əvvəldən axıradək kameraya irişən bu ucaboy, yaraşıqlı oğlanların dərdi qız “bişirmək” dir. Buna nail olurlar da - reklamın sonunda bir qız divanda uzanıb qıçlarını bir-birinə sürtə-sürtə bu oğlanların göndərdiyi peçenyeni yeyir.

Yanlış düşüncədəyəmsə, lütfən, sözümü yarıda kəsin: başqa bölgələrdən fərqli olaraq, bizdə bu tip qida məhsullarının istifadəçisi, əsasən, uşaqlardır. Yəni bu peçenyeni bizlərdə reklamdakı yaşda olan qızlardan daha çox oğlan-qız, dəxli yoxdur, uşaqlar arzulayır. Reklamın verdiyi mesaj isə cinsini, istəyini və digər bu kimi nələrinisə artıq dərk edən auditoriyaya ünvanlanıb. Lakin söhbət uşaqların öz aralarında brend saydıqları peçenyedən getdiyindən, reklam çarxı, qeyri-ixtiyari,  uşalqarda da maraq oyadır. Reklamın verdiyi mesajı anlamayan digər uşaqların nə fikirləşdiyini bilmirəm, amma mənimkinin reaksiyası  belə oldu: bu peçenyeni ancaq kişilər bişirir? İstidir deyə soyunublar? Bu kimi sullar... 


Dəqiq bilirəm ki, erotika elementli bu reklamın məzmun və formasına qarşı çıxanlar çoxdur – bunun əxlaq, mənəviyyat baxımından yolverilməz olduğunu düşünənlər də var, uşaq psixologiyasına mümkün yanlış təsirini ehtimal edənlər də  və ümumiyyətlə, bunun milli-mənəvi dəyərlərə, düşüncəyə zidd olduğunu deyənlər də.

Ona görə sizdən çox xahiş edirəm, əziz reklamçılar, sifarişçilər, nə bilim, bu sahə üzrə peşəkarlar! Mənim kimi düşünənləri inandırın ki, filan-filan məqamlara görə bu reklam mütləq getməlidir,  bu, çox zəruridir və mən sadəcə,mühafizəkar düşüncəliyəm, yeniliyi qəbul etmirəm, qısası, parabeyinəm! Yoxsa nədənsə mənə elə gəlir ki, məqsədə çatmaq üçün özünü ən axırıncı yerə qoya da bilərsən və bu, normaldır.

Bir də, imkanınız olsa, //www.youtube.com/watch?v=W7QyMaAoVjE  bax bu reklamın azərbaycanca olan versiyasında  qıza baxdığı zaman “Nə yeyərdim” deyən oğlandan niyə örnək götürməli olduğumuzu izah edin.

Sizi çox yordum, üzrlü sayın, amma  “Kit-kat” peçenyesinə görə  liftdə nəvəsi yaşda oğlana tamah salan qırmızıdodaq qarının hisslərinə də aydınlıq gətirin. Təəssüf ki, videoçarxı tapa bilmədim. Lütfən!

Bütün səmimiyyətimlə sizə inanmağa hazıram, təki ipucu verin!   

Amma əvvəlcə hər ehtimala qarşı,  gözucu da olsa, “Reklam haqqında Azərbaycan Respublikasının qanunu”na da nəzər salın - cavabınız tutarlı olsun deyə. //www.wipo.int/wipolex/en/text.jsp?file_id=224634#LinkTarget_538

Sizə uğurlar!

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi