Azərbaycanda səfərdə olan Qars bələdiyyə başqanı Murtaza Karaçanta 2015-ci ildə fəaliyyətə başlamalı olan Bakı-Tiflis-Qars dəmiryolu ilə bağlı Modern.az-a açıqlama verib.
O, qeyd edib ki, bu dəmiryolunun fəaliyyətə başlaması 3 ölkənin, Türkiyə, Azərbaycan və Gürcüstanın lehinə olacaq:
“Çünki dəmir yolunun istismara verilməsi bu ölkələrin iqtisadiyyatının yüksəlişinə güclü təkan verəcək. Xüsusilə də Qarsda geniş ticarət mərkəzləri qurulacaq. Mən bununla bağlı Azərbaycan və Türkiyə iş adamlarına müraciət edirəm. Qarsa investisiya qoyun. Çünki orada nə etsəniz, həm siz qazanacaqsiniz, həm də dövlət”.
Bu dəmiryolunun istismarının konkret zamanına gəlincə, bələdiyyə başkanı bildirib ki, Gürcüstan xəttində bir narahatlıq var: “Çünki maddi yöndən onların durumları elə də yaxşı deyil. Türkiyənin və Azərbaycanın onlara kömək etməsi lazımdır. Dəmir yolunun tamamlanması, Qarsla Bakı arasında olan məsafənin azalması deməkdir. İnsanlar 6 saata Qarsa çatacaqlar. Məsafənin qısalması, münasibətlərin daha da istiləşməsidir. Ona görə də tezliklə dəmiryolu proyekti başa vurulmalıdır.
2015-ci ildə bu layihənin başa çatması nəzərdə tutulur. Ancaq mən bunun 1 il içərisində bitəcəyinə inanmıram. 2016-cı ildə də bitsə, yaxşı olar. Çünki nə qədər tez bitərsə, Türkiyə və Azərbaycan üçün müsbət nəticə verəcək. Dəmiryolunun qurulduğu ərazilərdə iş yerləri açılacaq və ən az 10-15 min nəfər də çörək sahibi olacaq”.
Ulduz İBRAHİMOVA