III HİSSƏ
Modern.az saytı aparıcı dünya ölkələrində ermənipərəst mövqeyi ilə seçilən, yəni “ermənilərin dostu” sayıla biləcək siyasi və ictimai fiqurların siyahısını təqdim edir. Budəfəki siyahıda ABŞ-ın ermənipərəst ictimai fiqurları yer alıb.
Ed Roys – Amerika Konqresinin Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin sədridir. O bununla yanaşı, ABŞ Konqresinin erməni məsələləri üzrə qrupunun da həmsədridir. 110 konqresmeni birləşdirən bu qrup Türkiyə və Azərbaycan əleyhinə qəbul edilən qətnamələrin əsas təşəbbüskarıdır. 2014-cü ildə Ed Roys nüfuzlu senatorların müşayiəti ilə Yerevanda 24 aprel hadisələrinin anım tədbirlərində iştirak edib və Qarabağ separatçılarının lideri Bako Saakyanla da görüş keçirmişdi. O, Türkiyənin “erməni soyqırımı”nı tanıması və “Dağlıq Qarabağ Respublikası”nın tanınmasının əsas tərəfdarlarındandır. Respublikaçı Roys həm də 2016-cı il prezident seçkilərində partiyasının potensial namizədlərindən sayılır.
Robert Menendes – ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədidir. Senator Türkiyənin “erməni soyqırımı”nı tanımasının və Türkiyə-Ermənistan sərhədlərinin qeyd-şərtsiz açılmasının qatı tərəfdarı kimi tanınır. Demokrat partiyasının üzvü olan Menendes 2010-cu ildə Metyu Brayzanın Azərbaycana səfir təyin olmasına veto qoyan və bu təyinatın 1 il ləngiməsinə səbəb olmuşdu. O hər il Kapitolidə Ermənistanın müstəqillik günü ilə bağlı tədbirlərdə iştirak edir və Türkiyəni ittiham edən nitqlər edir.
Adam Şiff – Amerikalı konqresmen, Nümayəndələr Palatasının Kəşfiyyat komitəsinin üzvüdür. Adam Şifin Amerikanın qanunverici orqanındakı ermənipərəst fəaliyyətini bircə fakt, 2013-cü il aprelin 24-də Kapitolidə (ABŞ Senatı orada yerləşir-red.) “erməni soyqırımı”nın 98 illiyi ilə əlaqədar təşkil edilən anım tədbirindəki çıxışını nümunə göstərmək olar. Nitqini xüsusi olaraq erməni dilində edən Şiff türk xalqına müraciət edərək “soyqırımı” faktını tanımağı tələb etmişdi.
Frenk Palloun – ABŞ Konqresinin Ermənistana dəstək qrupunun həmsədri. Konqresmen Palloun 20 ilə yaxındır Ermənistan və Dağlıq Qarabağın Vaşinqtondakı lobbiçiliyi ilə məşğul olur. O, bu işdə Amerikanın Erməni Milli Komitəsi ilə və digər diaspora təşkilatlarla əməkdaşlıq edir. Təsadüfi deyil ki, 2009-cu ildə Dağlıq Qarabağa qanunsuz səfər edən Palloun belə bir açıqlama verib: “Məncə, ABŞ Dağlıq Qarabağın müstəqilliyini dərhal tanımalıdır. Bütün konqresmen həmkarlarımı da bu təklifə qoşulmağa dəvət edirəm”.
Vüqar İsmayılov