İnsanın həyatında önəmli seçimlər sırasında ixtisas seçimi də var. Bəlkə də seçərkən əhəmiyyətini bilmirik, bəlkə də sevdiyimiz peşəni seçə bilmirik. Ya çalışarkən özümüzü o sahədə tapa bilmirik, ya da qazanc gətirmir. Bu və ya digər səbəblərdən ali məktəbdə yiyələndiyi ixtisası üzrə hazırda çalışmayan insanlar kifayət qədərdir. Jurnalistlər arasında da qeyri-ixtisas sahibləri az deyil.
Modern.az saytı “Qeyri-ixtisaslı jurnalistlər” rubrikasına davam edir.
Tanınmış jurnalist Seymur Verdizadəyə dəfələrlə təklif olsa da, heç vaxt mətbuatdan ayrılmağı ağlına gətirməyib: “Müəllim ailəsində böyüdüyüm üçün uşaqlıq illərim kitabların arasında keçib. Rəhmətlik atam ədəbiyyat müəllimi olduğuna görə hələ orta məktəbin aşağı siniflərində oxuyanda Azərbaycan və dünya ədəbiyyatının inciləri ilə tanış olmaq imkanı qazanmışdım. İlk yazım 4-cü sinifdə oxuyanda “Pioner” jurnalında dərc olunub. Sonra isə məqalələrim “Azərbaycan pioneri” jurnalında çap olunub. Orta məktəbin 9-ci sinfində oxuyanda rayonumuzda işıq üzü görən “Xudafərin” qəzeti ilə əməkdaşlıq etməyə başlamışam. Yadımdadı, bu qəzetdə tez-tez irihəcimli yazılarım dərc olunurdu. Hətta bir dəfə redaktor mənə dedi ki, az yaz, ştatda olan müxbirlərimizin yazılarını çap edə bilmirik. Yerli mətbuatla yanaşı, mərkəzi mətbuatda da ardıcıl çap olunurdum. Buna görə də orta məktəbi bitirəndə sənədlərimi Jurnalistika fakültəsinə vermək istəyirdim. Amma atam bu qərarıma qarşı çıxdı. O, mənə dedi ki, sən onsuz da yazmağı bacarırsan. Yaxşısı budur ki, başqa bir ixtisas seç. Atam mənim daha çox oxumağım və mütaliə etməyim üçün belə deyirdi. Bundan sonra Sosiologiya fakültəsini seçdim. Amma Türkiyədəki universitetə qəbul olunandan sonra Tarix fakültəsində oxumağa qərar verdim. 1998-ci ildə Ankaradakı Qazi Universitetinin Tarix fakültəsindən məzun olmuşam. Elə o vaxtdan da mətbuatda çalışıram.
İndiyə kimi “Bu gün”, “Rakurs”, “Vətəndaş Həmrəyliyi”, “Xəzər”, “Reytinq” qəzetlərində məsul redaktor vəzifəsində çalışmışam. Dəfələrlə təklif olsa da, heç vaxt mətbuatdan ayrılmağı ağlıma gətirməmişəm. Özümü jurnalistikadan başqa heç bir sahədə təəsvvür edə bilmirəm. Dostlarıma zarafatla deyirəm ki, mənim damarlarımda qırmızı deyil, mürəkkəb rəngində qan axır. Oxucuların yanında üzüm ağdır. Türklərdə bir söz var, deyirlər ki, jurnalistikada əməklilik yoxdur. Nə qədər ki, nəfəsim gedib-gəlir, qələmi yerə qoymaq fikrim yoxdur. Nə vaxtsa, mətbuatdan ayrılmağı düşünmürəm. Hətta doğma qardaşım prezident də olsa, mən yenə jurnalist olaraq qalacağam”.
APA TV-nin baş direktoru və “Panoram” proqramının aparıcısı Vüqar Məsimoğlunun jurnalistika sahəsində bir çox arzuları həyata keçib: “Əsl ixtisasım politoloqdur. 1997-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun Sosial-siyasi nəzəriyyələr fakültəsini politoloq ixtisası üzrə bitirmişəm. Politologiya jurnalistika ilə sıx bağlılığı olan sahədir, bir növ siyasi jurnalistikadır. Bəlkə də elə bu səbəbdən institutumuzun 1997-ci il buraxılışından ən az 30 nəfər jurnalistika sahəsində çalışır. Politoloqların hazırladığı təhlillər, proqnozlar, verdiyi şərhlər son nəticədə mediada öz əksini tapır. Bu baxımdan politologiya və jurnalistikanın sıx bağlılığı var. Jurnalist fəaliyyətimdə aldığım təhsilin rolu çox böyük olub, buna görə də hesab edirəm ki, mediada elə ixtisasım üzrə işləyirəm. Siyasi partiyalarda seçki məsələləri üzrə ekspert qismində çalışmışam, seçki texnologiyalarının mənimsənilməsi kurslarında iştirak etmişəm, namizəd və partiyaların seçki qərargahlarının üzvü olmuşam, çoxlu sayda analitik təhlillərim var. 17 illik jurnalist fəaliyyətimin 10 ili APA ilə bağlıdır, agentlikdə analitik bülletenlər hazırlamışam. Hazırda APA TV-də baş direktor olmaqla yanaşı, həm də “Panoram” həftəlik analitik proqramın aparıcısıyam. Demək istədiyim budur ki, ixtisasım üzrə bilikləri həmişə işimdə tətbiq etmişəm və tətbiq etməkdə davam edirəm.
Jurnalistikaya gəlişim təsadüfi olmayıb. Onsuz da 1997-ci ildə ali məktəbi politoloq ixtisası üzrə bitirmiş şəxsin jurnalistikadan başqa bir sahədə çalışmaq imkanı yox idi. Hələ ali məktəbdə oxuyarkən bəzi tələbə yoldaşlarımız mətbuatda çalışırdı. Şahin Cəfərli, Kamran Həsənov, Zəminə Əliqızı, Bəhmən Faziloğlu və başqaları. Biz də mətbuatda işləməyə can atırdıq, amma o zaman mediada sözün əsl mənasında “əjdahalar” çalışırdı, rəqabət böyük idi, bu rəqabət mühitində özünə yer etmək çox çətin idi. Ali məktəbi bitirəndə Bakıda qalmaq, yaxud Gəncəyə qayıtmaq kimi ağır seçim qarşısında qaldım. Gəncəyə qayıtmaq rahat, ailə ortamında yaşamaq, Bakıda qalmaq ağır tələbəlik illərinin çətinliklərinin davam etməsi demək idi. Seçimimdə xarakterimin və tələbə yoldaşlarımın rolu böyük olub. İnstitutu bitirdikdən sonra elə onların tövsiyəsi ilə mediada çalışmağa başladım. Şahin Cəfərli ilə hələ də birlikdə çalışmaqdayıq, bəzən işin ağırlığını onunla “məni bu zülmə sən saldın” deyə zarafatlaşaraq unutmağa çalışıram.
İlk yazım “Rezonans” qəzetində dərc olundu, sonra “Vətəndaş”, “Millət”, “Vətəndaş həmrəyliyi”, “Mərkəz” qəzetlərində işlədim. Daha sonra “Xalq Cəbhəsi” qəzeti açıldı və o gün, bu gün, düz 13 ildir Vüsalə Mahirqızı ilə birlikdə çalışıram.
Mən taleyə inanıram, mediada çalışmağım bəlkə də talenin işidir. Düşünürəm ki, hansı sahədə işləsəydim belə, yəqin ki, bir qolu mütləq mediaya bağlı olacaqdı. Jurnalistika sahəsində bir çox arzularım həyata keçib, bəlkə də başqa sahədə çalışsaydım, bu arzularım həmişə xəyal kimi qalacaqdı. Düzdür, işimizin ağırlığı, məsuliyyəti çoxdur, bəzən bu ağırlıq insanı mənən çox yorur. Amma məncə, bu sahədə özümü təsdiqləyə bilmişəm, buna görə də jurnalistika sahəsini seçdiyimə peşman deyiləm”.
Modern.az saytının baş redaktor müavini Əfqan Qafarlı uzun müddətdir jurnalistikada çalışır, peşman olduğu vaxtlar az olmayıb:
”Mətbuatı izləməyə lap uşaqlıqdan həvəsim vardı. Orta məktəbin aşağı siniflərində “Pioner” qəzetinin, “Göyərçin” jurnalının abunəçisi idim. Evdəkiləri isə məcbur eləmişdim ki, “İdman”, “Kommunist”, “Sovet kəndi” qəzetlərinə abunə yazılsınlar. Hələ üstəlik rayon qəzeti də alırdıq. Sonralar ilk sayından başlayaraq “Gənclik” jurnalının da oxucusuna çevrildim. O zamanlar mətbuat mənə maraqlı, cəlbedici gəlirdi. Amma orta məktəbi qurtaranda Tibb İnstitutuna sənəd verdim, daxil ola bilmədim.
Hərbi xidmətdən qayıdandan sonra o zaman Bakı Sosial İdarəetmə və Politologiya İnstitutuna (indi Dövlət İdarəçilik Akademiyası adlanır) qəbul olundum. Müstəqilliyimizin ilk illərində bu təhsil ocağında oxumaq maraqlı idi. Auditoriyalarda, dəhlizlərdə siyasi məsələlərlə bağlı qızğın müəllim-tələbə müzakirələri, diskussiyalar olurdu...
O zaman tələbə yoldaşlarımız arasında mətbuatla əməkdaşlıq edənlər, qəzetlərdə çalışanlar az deyildi. Az-çox qonorar alırdılar. Tələbə ikən maddi sıxıntılar çox olduğundan mənə də işləmək lazım idi. Elə tələbə ikən -4-cü kursda orta məktəbdə tarix müəllimi işinə düzəldim. Bir yandan özüm tələbə kimi dərs alırdım, o biri yandan da şagirdlərə dərs verirdim. 1 il müəllim işlədim. 5-ci kursda gördüm dərs deməyə hövsələm və həvəsim çatmır, maaş da qəpik-quruş idi. Həm də ixtisasım deyildi. Müəllimliyi atdım.
Tofiq Bəhramov adına Respublika Stadionunda iş tapdım. Bir neçə aydan sonra ordan da çıxdım.
Hazırda "Space" televiziyasında redaktor, eyni zamanda Bakı Slavyan Universitetinin Jurnalistika fakültəsinin müəllimi Nüşabə Hüseynli o zaman həftəlik “Elita” qəzetində çalışırdı. Təklif etdi ki, qəzet işçi axtarır, gəl burda işlə. Belə mətbuata gəldim. Onda institutda sonuncu kursda oxuyurdum.
Sonra Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun İdarəetmə fakültəsini bitirdim. O arada ixtisasım üzrə işlər oldu, amma maaşın az olması səbəbindən məmurluq sahəsinə getmədim. Bəlkə də vaxtilə ixtisasım üzrə işləməyə başlasaydım, sonralar yaxşı məmur ola bilərdim.
“Elita” qəzetində siyasi yazar kimi fəaliyyətə başlamışdım. Yığcam kollektivi olan qəzetdə daha iki siyasət müxbiri var idi, sosialdan isə heç kim yazmırdı. İndi Prezident yanında Strateji Araşdırmalar Mərkəzində çalışan Məsiağa Məhəmmədi redaktorumuz idi. Mənə dedi ki, “gəl, sən sosialdan yazmağa başla, bu sahədə boşluğumuz var, başqa işçi götürə bilmərik”. Mən də razılaşdım. Sonralar gördüm ki, sosialdan yazmaq məndə daha yaxşı alınır. Bu sahədə o qədər problem var ki, birindən yazdıqca, o birilər üzə çıxırdı. Beləcə jurnalistikada ilişib qaldım.
“Elita”dan sonra "Bu gün", "Yeni yüzil", "Xalq Cəbhəsi", "Cümhuriyyət", "Üç nöqtə", "Xəzər" qəzetlərində çalışdım. 2009-ci il sentyabrın 1-dən Modern.az saytında işləyirəm.
Modern.az-da gərgin iş rejimində çalışdığıma görə, özüm yazmağa vaxt tapmıram. Redaktə etmək, eyni zamanda yazıları sayta yerləşdirmək, gündəmi izləmək… eyni vaxtda bir neçə işi görməli olanda yazmaq çətinləşir. Amma yazmaq istədiyim mövzular olur və hiss edirəm ki, imkan tapıb onları yazmaq lazımdır. Buna görə ara-sıra yazıram, doğrudur, yazılarıma imza qoymuram və bəzi dostlar bunu mənə irad tuturlar…
Jurnalistikada qalmağıma görə peşman olduğum vaxtlar az olmayıb. Çox yorğun, yuxusuz, gərgin olmaq, şənbə-bazar, bayram günləri, gecələr işləmək bəzi vaxtlar məni jurnalistikadan bezdirib.
Yeri gəlmişkən, 2009-cu ildə jurnalistikadan aralanmaq istədim, dövlət qulluğu imtahanında özümü sınamaq qərarına gəldim, xeyli qanunlar, hüquqi aktlar, təlimatları oxudum. İqtisadi İnkişaf Nazirliyindəki vakant vəzifələrdən birinə imtahan verdim. Test imtahanında 100 sualdan 85-nə düz cavab verib, ikinci mərhələyə keçdim. Eşitmişdim ki, müsahibə mərhələsində tapşırıq rol oynayır. Mənsə müsahibəni öz gücümə vermək istədim, alınmadı.
Sonralar müxtəlif iş imkanları yarandı, amma mənə doğma olan Modern.az-dan ayrılmaq haqda düşünmədim. Jurnalistliyin yaxşı cəhəti də var, bu da hər şey haqda informasiyalı olmaqdır…
“Axar.az” saytının baş redaktoru Anar Niftəliyev yazmayanda, oxumayanda elə bil xəbərsizlikdən boğulur: “Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmişəm. Öz ixtisasım üzrə işləmişəm. 2000-ci ildə aspiranturanı bitirmişəm, 99-dan AMEA Ədəbiyyat İnstitutunun, daha sonra Folklor İnstitutunun elmi işçisi olmuşam.
Tələbə vaxtı, birinci kursda oxuyanda bir yazı yazəb verdim “Oğuz eli” qəzetinə. O vaxt baş redaktor Mövlud Süleymanlı idi. Dərc elədi və yavaş-yavaş qəzetə bağlandım. 92-dən orada işləməyə başladım, 94-dən radioda çalışdım, universiteti bitirəndən sonra isə “Xalq qəzeti”ndə. O qədər yerdə işləmişəm ki, adları az qala yadımdan çıxır.
Həmişə - uşaq vaxtından jurnalist olmaq arzum olub. 5-6 yaşım olanda hekayələr yazırdım - mən əlifbanı 3 yaşımdan öyrənmişəm, atam həm də müəllim idi. O vaxtdan atam deyirdi ki, sən yaxşı jurnalist olacaqsan. Sonra arzular şaxələndi, 9-10-da oxuyanda yenə jurnalistikanı istədim. Ancaq o vaxt jurnalistikaya qəbul üçün praktika tələb olunurdu və s. Ona görə filologiyanı seçdim və elmdə olmaq istədim. Xeyli elmi məqalələrim var, iki kitabım da çıxdı. Ancaq elmi işim yarımçıqdır, taleyim jurnalistikadadır. Yəni 92-dən bu vaxta qədər jurnalistikadan ayrılmadım, elmlə işdən sonra məşğul olurdum. İndi isə vaxt tapa bilmirəm.
Jurnalistikada olduğum üçün qətiyyən peşman deyiləm. Mən özümü yalnız jurnalistikada realizə edə bilirəm. Yazmayanda - doğrusu, son vaxtlar yaza bilmirəm, amma o qədər redaktə edirəm ki, yazmaq kimidir - oxumayanda, xəbərsizlikdən boğuluram elə bil. Yəni jurnalistika mənim həyat tərzimdir. Xüsusilə həyatımdakı son dəyişiklikdən sonra bütün sutkanı - yuxunu çıxmaq şərtilə - ancaq işləyirəm”.
Misranə Həsənzadə