Modern.az

Varis: “Anarın, Elçinin istənilən tənqidləri bizim üçün önəmlidir” - MÜSAHİBƏ

Varis: “Anarın, Elçinin istənilən tənqidləri bizim üçün önəmlidir” - MÜSAHİBƏ

Ədəbiyyat

25 Oktyabr 2014, 10:24

“Sonuncu ölən ümidlərdir” romanı ilə fəaliyyətimə qiymət vermək yanlışlıq və gözügötürməzlikdir”


Modern.az saytının müsahibi son illərin ən çox oxunan yazıçılardan biri Varis Yolçuyevdir:

- Uzun müddətdir mediadan kənardasınız. Öncə hazırkı fəaliyyətiniz barədə danışardınız...

- Fəaliyyətim çoxşaxəlidir. Ona görə bir az vaxt məhdudiyyəti hiss edirəm. Həm yaradıcılıqla məşğulam, həm də Azərbaycan Dövlət Televiziyasında Dövri nəşrlər və sosioloji araşdırmalar departamentində işləyirəm. Buranın işi çox ağırdır. Həftəlik “Ekran-Efir” qəzeti, aylıq “Tv plyus” jurnalı, sorğu mərkəzi... Kəsəsi desək, baş qaşımağa belə vaxt yoxdur.

- Yeni kitablarınız  ölkə və  xaricdə nə zaman çap olunacaq?

- Hazırda bir neçə iş üzərində çalışıram. Rusiyada çıxacaq nəsr almanaxına hekayələr hazırlayıram. Türkiyədə nəşr olunacaq 4-cü “Yaşıl üzlü gündəlik” kitabımım tərcüməsi üzərində işlər gedir. Almaniyanın bir nəşriyyatı ilə kitablarımın dərci barədə danışıqlar başlayıb. Bundan başqa, gələn il Azərbaycanda çıxacaq 9-cu kitabım üzərində çalışıram.

-  Əsərlərinizin oxucusu olduqca genişdir. Maraqlıdır, bir müəllif kimi özünüz öz əsərləriniz barədə nə düşünürsünüz?

- Hər bir yazıçı öz oxucusunu tanımalıdır, hansı yaşdadır, hansı təbəqədədir, kimdir, nəçidir, bunu seçə bilməlidir. Oxucusunu tanıyan yazıçı əksər vaxtlarda uğur qazanır. Ötən əsrin sonu, bu əsrin əvvəllərində müəyyən səbəblərdən ölkəmizdə kitaba, ədəbiyyata maraq azalmışdı. Kitab mağazaları yox idi, bədii kitablar oxunmurdu. Sosializmdən kapitalizmə keçilmişdi. Əlifbamız dəyişmişdi. Cəmiyyətimiz siyasiləşmişdi. Qarabağ müharibəsi gedirdi.  Bunların hamısı ədəbiyyata marağı azaltmışdı. Mənim debütüm 2008-ci ildə yazdığım balletristik əsər olan “Sonuncu ölən ümidlərdir”lə oldu. Məhz ədəbiyyata marağın öləzidiyi bir zamanda diqqət cəlb etməyin başqa yolu yox idi. Öncə oxucularının ardınca getməlisən ki, sonradan onları ardınca apara biləsən. Bu gün 3-cü minilliyin yeni, modern, müasir prozası yaranır. Bu nəsr haradasa publisistika ilə bədii ədəbiyyatın, eləcə də elmi biliklərin simbiozundan ibarətdir. Bugünkü oxucu ilə 50-100 il əvvəlki oxucu arasında fərq çoxdur. Azərbaycanda söz düşəndə hər bir yeni yazarı Frans Kafka, Borxes, Dostoyevski ilə müqayisə etməyə çalışırlar... Guya ki, bunlar ciddi, müasir ədəbiyyat qeyri-ciddidir. Elə deyil! Hər dövrün öz ədəbiyyatı və öz yazarı olur, bu tarixi zərurətdir. Bu gün elə zəmanə yetişib ki, insanlar məlumatverici, lakonik ədəbiyyat istəyirlər. Dövrün tələbləri və insanlar dəyişib. Bu gün dünyada ən çox oxunan yazıçıların siyahısına baxsaq eyni cür, bir az publisistika, bir az bədii ədəbiyyatın qarışığından ibarət dəst-xətti olanları görərik. Bu gün Con Kutzee, Xalid Hüseyni, Paolo Koelyo , Haruki Murakami də sanki bir böyük epopeyaya daxil olan romanları sıralamaqdadırlar. Dünyada həm də bütün dövrlərdə sevilən dedektif ədəbiyyatın qarışıq variantları üzə çıxarılır. Hazırda reytinqlər birincisi Piter Ceymsin 15 milyon nüsxədə çap olunan “Olduqca adi” dedektif kitabı detektiflə macəranın, sadəcə sintezindən ibarətdir. İndi hər şey dəyişib. Bəziləri deyirlər ki, Varis “Sonuncu ölən ümidlərlə” gəlib. Digər romanlarımı oxumadan deyirlər ki, balletristika yazır. Ancaq mənim sonrakı romanlarım fərqlidir. “Bir ovuc torpaq” hərbi, vətənpərvərlik romanıdır, “77-ci gün” tarixi romandır, “Son məktub” düşüncə və hisslər romanıdır, “Əzilmiş fotoşəkillər” empirik romandır, “Metamorfoza” modernist romandır... Təsadüfi deyil ki, “77-ci gün” Türkiyədə uğur qazandı. Dövlət universitetlərinin birində tədris vəsaiti kimi qəbul edildi. “Əzilmiş fotoşəkillər” Avropada çapa hazırlanır. “Son məktub” Türkiyə, Almaniya, Bolqarıstan, Bosniya və digər ölkələrdə türk dilində ədəbiyyatın formalaşdırdığı 80 mindən ibarət nəhəng kitab bazarında populyarlıq qazanıb, 1000kitap com. portalının ən populyar 1000 kitab reytinqində daxil olaraq 111-ci pilləyədək irəliləyib. “Metamorfoza”  Rusiyada populyarlıq qazanmaqdadır. “Sənə inanıram” isə Özbəkistanda fantastik – 140 min tirajla işıq üzü görüb. Mənə belə gəlir ki, təkcə “Sonuncu ölən ümidlərdir” romanı ilə fəaliyyətimə qiymət vermək yanlışlıq və gözügötürməzlikdir. Hazırda istənilən yaş təbəqəsindən oxucularım var. Oxuyurlar, bəyənirlər.

- Öz əsərlərinizə tənqidi yanaşırsınız?

- İnsan özündən razıdırsa, deməli inkişafı dayanıb. Əsərlərimə tənqidi yanaşdıqda, təbii ki, indiki Varisdən razı deyiləm. Necə ola bilər ki, insan öz yaradıcılığından, işindən tam razı olsun?  Bu gün gələcəkdəki yazıçı Varisin 20 faizini ortaya qoymuşam. İnsan zaman keçdikcə püxtələşir, peşəkarlaşır. Toxunmaq istədiyim dünyəvi, qlobal mövzular, diqqət çəkən psixoloji, fəlsəfi məqamlarla bol olan romanlar yazacağam. Bu gün oxucu Varis yazıçı Varisdən razı deyil. Təbii ki, gələcəkdə daha yaxşı əsərlər ortaya qoyacaq və daha çox oxucu qəlbinə yol tapacağam.

- Romanlarınızı tənqid edən insanlara sözünüz var?

- Dünyada elə bir yazıçı yoxdur ki, onu hər kəs sevsin. Bu, çox normaldır. Mən də çox yazıçını bəyənmirəm. Sadəcə, məni nə qıcıqlandırır: Oxucu deyə bilər ki, mən filan yazıçını bəyənmirəm. Bu onun haqqıdır. Mənim oxucu kimi bəyənmədiyim xeyli məşhur yazıçı. Ancaq 3-cü sinif təhsili olan şəxs deyəndə ki, filankəs zəif yazıçıdır, bu səviyyəsizlik, nadanlıq sayılır. İmzası kifayət qədər uğur qazanan, böyük tirajı, böyük oxucu auditoriyası olan yazıçıya zəif demək, sadəcə haqsızlıqdır. Onun oxucularına qarşı hörmətsizlikdir. Ümumiyyətlə, heç bir peşə sahibi haqında belə hökm çıxarmaq olmaz. Bu etiket qaydasına uyğun deyil. Ancaq ədəbi tənqidə dözümlüyəm. “Əzilmiş fotoşəkillər” romanımın birinci nəşrində belə bir epizod var idi - bacısı ölmüş xanım bir həftədən sonra tünd albalı rəngdə kofta geyinmişdi. Belə bir diqqətsizliyə yol vermişdim. Bir oxucu zəng edib dedi ki, romanda belə bir səhv var. Bu, çox gözəl və yerində tənqid idi. Təkrar nəşrdə o səhvi düzəltdim.

Vaqif Yusifli, Nizaməddin Şəmsizadə kimi tənqidçilər Varisin hər hansı cəhətini tənqid edirsə, haqları var. Onlar imzası olan böyük tənqidçilərdir. Onların sözləri təbii ki, yazıçı üçün önəmlidir. Nizami Cəfərov zəif cəhətini göstərirsə, sən o tənqidlərə dözümlü münasibət bəsləməlisən. Eləcə də bizim korifey yazıçılarımız Anarın, Elçinin, Mövlud Süleymanılının, Kamal Abdullanın istənilən tənqidləri bizim üçün önəmlidir.

- Sosial şəbəkələrdə niyə yoxsunuz?

- Sosial şəbəkələrdə olmasam da, orada köməkçilərim var, haqqımda yetərincə informasiyalar qoyulur. Oxucularımı əmin etmək istəyirəm ki, tezliklə onları beynəlxalq miqyasda yaradıcılığımla bağlı gözəl xəbərlərlə sevindirəcəyəm.

Ulduz İBRAHİMOVA
Elmin NURİ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI